Qazaxda Vətən müharibəsi şəhidi çavuş Kamil Kərimovun ildönümü qeyd olunub
Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılan 2020-ci il illər ötsə belə tarixi Qələbənin, Zəfərin yazıldığı bir il kimi hər zaman qürurla xatırlanacaq. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsini böyük Zəfərlə, unudulmaz tarixi Qələbə ilə başa vurması dövlətimizin və ordumuzun gücünün, qüdrətinin göstəricisidir. Müasir hərb tariximizə qızıl hərflərlə yazılan bu qələbədən hələ yüz illər sonra da iftixarla danışılacaq, yazılacaq, bu unudulmaz müjdə gələcək nəsillərə ərməğan kimi ötürüləcək. Ən əsası isə qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə bir ömür boyu minnətdar olacağıq.
Vətənin, torpağın bütövlüyü naminə canını fəda edərək Şəhidlik zirvəsinə ucalan və şəhadəti ilə ölümsüzlüyə qovuşan oğullarımızdan biri də çavuş Kərimov Kamil Ələddin oğludur.
Döyüşdə göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş igid şəhidimizin bu gün uğrunda canını fəda etdiyi torpağa tapşırıldığı gündən 1 il ötür. Qəhrəman şəhidimizin ildönümünü bu gün təkcə ailəsi deyil, yaxınları, doğmaları, şəhidimizə ehtiram göstərən hər kəs qeyd edib.
Bu gün Vətən uğrunda Şəhidlik zirvəsinə ucalmış igid Vətən oğlunun ata ocağında ildönümü qeyd olunub, şəhidimizin ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla yad edilib.
İldönümü mərasimində Qazax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, Vətən müharibəsi qaziləri, iştirakçıları, şəhid ailələri, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla yad edib, səmimi ürək sözlərini çatdırıb. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbədə, 8 noyabrda qeyd etdiyimiz şanlı Zəfərdə payı olan Kamil kimi oğullarımızla hər birimizin fəxr etdiyini, qürur duyduğunu bildirib. İllər ötsə belə Azərbaycan xalqının tarixi Qələbənin müəllifi olan Ali Baş Komandanı, hərbçilərimizi, şəhidlərimizi, qazilərimizi heç zaman unutmayacağını qeyd edib. "Nə qədər xalqımız, dövlətimiz var, Vətən uğrunda canından keçən, bizlərə əziz olan şəhidlərimiz daim xatırlanacaq, fəxrlə, qürurla yad olunacaq. Onların xatirəsini uca tutmaq, adını yaşatmaq da hər birimizin borcudur”, - deyən icra başçısı Vətən müharibəsində canlarını torpaq üçün fəda edən bütün şəhidlərimiz kimi, Kamil Kərimovun da Azərbaycan xalqının, qazaxlıların qəlbində əbədi yaşayacağını vurğulayıb. Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər kəsə örnək olduğunu bildirən icra başçısı həmin qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü söyləyib. Şəhid ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd edib.
Şəhid anası Həbibə Kərimova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Kamilin xatirəsinin əziz tutulmasını, ailəsinə sahib çıxılmasını, daim yad olunmasını onun timsalında bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndirib.
Çavuş Kərimov Kamil Ələddin oğlu
Şəhid çavuş Kərimov Kamil Ələddin oğlu 2 iyul 1995-ci ildə Qazax rayonunun Ürkməzli kəndində anadan olmuşdur. 2002-ci ildə Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2013-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2013-cü ildə Azərbaycan Dövlət Dəniz Akademiyasına daxil olmuş, 2017-ci ildə həmin Akademiyanı bitirmişdir. 2017-cı ilin iyul ayından 2018-ci ilin iyul ayına qədər həqiqi hərbi xidmətdə olmuşdur. Ürəyində hərbi sahəyə böyük istək olduğu üçün həyatını bu peşəyə həsr etmək qərarına gəlmişdi. 2020-ci ilin avqust ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində (Şəmkir rayon ərazisində 379 saylı hərbi hissənin kəşfiyyat bölüyündə) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətə başlamışdır. Kamil Kərimov çavuş rütbəsində manqa komandiri kimi xidmət etmişdir. O, qətiyyətli, təcrübəli və cəsur kəşfiyyatçı idi, verilən tapşırıqları peşəkarlıqla yerinə yetirirdi.
İkinci Qarabağ müharibəsi başlayanda Toğana kəndində hərbi xidmətdə idi Kamil. Sentyabrın 27-də düşmənə qarşı həmin istiqamətdən ilk döyüşə girib. Murovdağ yüksəkliyinin düşməndən azad edilməsində iştirak edib. Sentyabrın 29-da isə Kamil Kərimovun sonuncu döyüşü olub. Snayper silahından atılan güllə ilə düz ürəyindən vurulan Kamil Kərimov döyüş meydanında qəhrəmancasına şəhid olub. İgid Vətən oğlu 17 dekabr 2020-ci il tarixdə Ürkməzli kənd qəbiristanlığında dəfn edilmişdir. Subay idi.
Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda qəhrəmancasına vuruşan çavuş Kamil Kərimovun döyüş meydanında göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhidimiz ölümündən sonra cənab Prezident İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.