Qazaxda “Yeni əsrin yeni lideri” mövzusunda tədbir keçirilib
Dekabrın 23-də Qazax Rayon İcra Hakimiyyətinin və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan xalqının bütün arzularını həyata keçirən, öz siyasətində dövlətin və xalqın maraqlarını ən ali məqsəd kimi qarşıya qoyaraq bütün qüvvəsini bu istiqamətə səfərbər edən fəaliyyətinə həsr edilən “Yeni əsrin yeni lideri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Qazax Dövlət Sosial-İqtisadi Kollecin Monitorinq və Qiymətləndirmə Şöbəsinin müdiri Elvira Əfəndiyeva, mədəniyyət müəssisələrinin direktorları, məktəb direktorları, müəllimlər, Mərkəzin əməkdaşları iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 illik siyasi fəaliyyətinə həsr edilmiş “Yeni əsrin yeni lideri” adlı filmin nümayişi ilə başlayıb. Filmdə ölkə başçısının 2003-cü ildən diplomatiya sahəsində qazandığı qələbələrdən 2020-ci ildə düşmən üzərində qazandığı möhtəşəm qələbəyə qədər keçən 18 ilin xronologiyası tədbir iştirakçılarına nümayiş etdirilib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova giriş sözü ilə çıxış edərək iştirakçıları salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Azərbaycanın son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi, siyasi və hərbi gücünün artmasından, xalq və dövlət həmrəyliyinin möhkəmlənməsindən, beynəlxalq aləmdəki nüfuzundan söz açıb. G.Həsənova bildirib ki, Ümummilli Lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən, Onun siyasi kursunun layiqli davamçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi qüdrəti möhkəmlənir, iştirakçısı və təşəbbüsçüsü olduğu nəhəng enerji və nəqliyyat layihələri ilə regional inkişafda aparıcı qüvvə kimi nüfuzu güclənir, iqtisadi tərəqqi sayəsində vətəndaşların rifahı sürətlə artır. Məhz İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycanda bütün sahələri əhatə edən dinamik inkişaf və ictimai-siyasi sabitlik təmin edilib. Bu siyasət nəticəsində beynəlxalq aləmdə nüfuz və söz sahibinə çevrilən Azərbaycan Vətən müharibəsində Böyük Zəfər qazandı. Bu zəfər Ulu Öndər siyasətinin və bu siyasətin uğurlu davamının təntənəsidir.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna, eləcə də yüksək beynəlxalq nüfuza malik olan dövlətə çevrilib. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb.
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək qeyd edib ki, İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimi, xalqı tərəfindən sevilən qalib liderdir. O, Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və yeni Azərbaycanın qurulmasında Heydər Əliyevin ən yaxın silahdaşı olmaqla yanaşı, həm də Azərbaycanın işğal edilmiş tarixi torpaqlarını uğurlu daxili və xarici siyasəti sayəsində azad etməklə Azərbaycanda, eləcə də bütün dünyada böyük hörmətə və nüfuza malik, siyasi portreti ilə məşhur olan tarixi şəxsiyyətdir.
Qazax Dövlət Sosial-İqtisadi Kollecin Monitorinq və Qiymətləndirmə Şöbəsinin müdiri Elvira Əfəndiyeva çıxışında ölkə rəhbərinin müəllifi olduğu sosial islahatlardan danışaraq bildirib ki, qeyri-neft sektorunun inkişafı, regionların sosial-iqtisadi inkişafı, sosial-mədəni infrastruktur obyektlərinin yenidən qurulması, yerli istehsal və emal müəssisələrinin bərpası, yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması istiqamətində böyük uğurlar əldə olunub və görülən tədbirlərin nəticəsi olaraq əhalinin rifah halı yaxşılaşdırılıb, ölkədə dövlət-xalq həmrəyliyinin əsası qoyulub, ölkəmizin qlobal böhran meyillərinə çevik müqaviməti təmin edilib. Minimum əməkhaqqı, sosial müavinət, pensiya, tələbə təqaüdləri dəfələrlə artırılmış, imtiyazlı vətəndaşlar evlərlə təmin olunmuş, sosial təminat və yoxsulluğun səviyyəsinin aşağı salınması istiqamətində böyük islahatlar həyata keçirilib.
Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin təşkilatçı müavini Könül Kərimova Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başladığı ilk gündən təhsilə verdiyi diqqət haqqında danışaraq bildirib ki, dövlət başçısı mütəmadi olaraq təhsil və elmlə bağlı mühüm qərarlar vermiş, əhəmiyyətli islahatlar aparmış, milli kadr potensialının təkmilləşdirilməsi üçün mühüm addımlar atmışdır.
Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, Qazax rayonu Səməd Hacıyev adına Orta Salahlı kənd tam orta məktəbin direktoru Afiq Məmmədov çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını, bütün sahələrdə həyata keçirilən islahatların kökündə vətəndaş məmnunluğunun əsas götürüldüyünü qeyd ediblər. Bildirilib ki, bu gün Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələri sırasında inamla addımlayır. İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və uzaqgörən siyasətin nəticəsində Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda böyük uğurlara imza atır.