Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey üçün 700 şagird yerlik yeni bina inşa olunur

29 dekabr 2021 | 16:00

Son illər respublikamızda ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsil sahəsinə göstərdikləri qayğı sayəsində bu sahə ildən-ilə daha da inkişaf edir. Bu inkişafın təməlində isə dövlət başçısının "Neft kapitalını insan kapitalına çevirək” ideyası əsasında reallaşan çoxsaylı layihələr, həyata keçirilən tədbirlər, təhsilin inkişafı istiqamətində atılan uğurlu addımlar, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələrinin ən müasir tədris avadanlığı ilə təchiz edilməsi dayanır.
Ölkəmizdə təhsil sahəsinin inkişaf etdirilməsində Birinci vitse-prezident Mehriban xanımın da danılmaz xidmətləri vardır. Onun rəhbərliyi altında Fondun həyata keçirdiyi və bütün ölkədə böyük rəğbətlə qarşılanan "Yeniləşən Azərbaycana yeni məktəb” və "Təhsilə dəstək” layihələri çərçivəsində hər il ölkə üzrə yüzlərlə orta məktəb binaları tikilir, təmirə ehtiyacı olan məktəb binaları isə əsaslı şəkildə yenidən qurulur.
Ölkə Prezidentinin və Birinci vitse-prezidentin respublikamızda təhsil sahəsinə göstərdikləri qayğı Qazaxda da yüksək səviyyədə hiss olunur. Rayonda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani göstəricisi "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınmasıdır. Heydər Əliyev Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Qazaxda da yeni məktəb binaları inşa olunur. Ötən il Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilməsi, Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik yeni binanın inşa olunması, Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşa edilməsi Qazaxda təhsil sahəsinə olan yüksək dövlət qayğısıdır.
Ölkə başçısı tərəfindən yararsız halda olan Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncam da dövlətin Qazaxda təhsil sahəsinə olan növbəti qayğısıdır. Təhsil Nazirliyi tərəfindən məktəb-lisey üçün 700 şagird yerlik yeni inzibati binanın inşa olunması dövlət tərəfindən təhsil sahəsinə göstərilən qayğının davamıdır. 
Hazırda köhnə məktəb-lisey binasının yerində yeni binanın inşasına start verilib.
Məlumat üçün qeyd edək ki, yeni inşa olunacaq məktəb binası 4 korpusdan ibarətdir. Tədris korpusu 4 mərtəbədən, 2 korpus 3 mərtəbədən, idman zalının yerləşəcəyi korpus isə 1 mərtəbədən ibarət olacaq. Məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq.
Məktəbin müəllim-şagird kollektivi və valideynlər yeni binanın inşasına görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq edir, razılıqlarını bildirirlər.

 

Keçidlər