Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda icra başçısı Vətən müharibəsi şəhidlərinin təltif olunduqları ordenləri ailə üzvlərinə təqdim edib

10 yanvar 2022 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun rəşadəti sayəsində 2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsi Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı. 44 günlük savaş Vətən müharibəsi kimi xalqımızın yaddaşına əbədi həkk olundu. O Vətən müharibəsi ki, Azərbaycanın igid, qəhrəman oğulları tarixi torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. Bu gün hər bir azərbaycanlı tarixi Qələbənin müəllifi olan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərinə, Vətən uğrunda canından keçən şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə minnətdardır.
44 günlük haqq savaşında adlarını hərb tariximizə qızıl hərflərlə yazan igid Vətən oğullarının döyüş meydanında göstərdikləri qəhrəmanlıq, igidlik dövlətimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Vətən naminə canını fəda edən oğullarımız orden və medallara layiq görüldülər.
44 günlük Vətən müharibəsində Qazaxın cəsur, qorxmaz oğulları da Şəhidlik zirvəsinə ucalaraq qanları ilə dastan yazdılar. Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş 51 nəfər hərbi qulluqçudan 49 nəfəri 189 orden və medallarla (onlardan 11-i orden, 178-i medal) təltif olundu. 246 nəfər yaralanmış hərbi qulluqçudan 242 nəfəri 590 orden və medallarla (onlardan 4-ü orden, 586-sı medal), həmçinin, Tovuz döyüşlərində şəhid olmuş 1 hərbi qulluqçu - mayor Əhmədov Namiq Hajan oğlu 1 ordenlə təltif edilib.
Yanvarın 10-da Vətən müharibəsi şəhidləri - kapitan Pənahov Rövşən Mahmud oğlunun təltif olunduğu 3-cü dərəcəli “Rəşadət” ordeni, əsgər Allahverdiyev Sakit Şahin oğlunun təltif olunduğu “Azərbaycan Bayrağı” ordeni, gizir Məmmədov Səbuhi Hümbət oğlunun təltif olunduğu “Azərbaycan Bayrağı” ordeni, gizir Şükürov İlkin Aslan oğlunun təltif olunduğu 3-cü dərəcəli “Rəşadət” ordeni, kiçik gizir Mədətov Röyal Şahin oğlunun təltif olunduğu “Azərbaycan Bayrağı” ordeni, leytenant Həməşəyev Qismət Oruc oğlunun təltif olunduğu 3-cü dərəcəli “Rəşadət” ordeni şəhidlərimizin ailə üzvlərinə təqdim olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, RİH başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, qazi kapitan Samir Çobanov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qazax Rayon Şöbəsinin rəisi Tural Məmmədov şəhidlərimizin evində olub, ailə üzvləri ilə görüşüb, ordenləri sahiblərinə çatdırıblar.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov xalqımızın 30 illik yurd həsrətinə son qoyan Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Azərbaycan Ordusunun müsəlləh əsgər və zabitlərinin 44 günlük Vətən müharibəsində böyük şücaət göstərdiklərini vurğulayıb. 44 günlük savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib. Dövlətimiz, ölkə başçısı tərəfindən Vətən uğrunda sağlamlıqlarını itirən qazilərimizin, yaralılarımızın, canını Vətənə fəda edən şəhidlərimizin ailələrinin daim diqqət mərkəzində saxlanılacağını söyləyib. Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizin, qazilərimizin ailələrinə göstərdikləri qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini qeyd edib.
Qazax rayon Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin direktoru Məzahir Qocayev şəhid kapitanımız haqqında ürək sözlərini bölüşərək bildirib ki, bu gün Rövşən Pənahov kimi oğullarla tək qazaxlılar, doğulduğu kəndin sakinləri deyil, bütün Azərbaycan xalqı fəxr edir. Ali Baş Komandan İlham Əliyev tərəfindən Rövşənin 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunması bizim üçün qürurvericidir. Qürur duyuruq ki, bu el-obanın Rövşən tək qəhrəman oğulları var. Ölkə Prezidentinin, Birinci vitse-prezidentin, rayon rəhbərliyinin şəhidlərimizin, qazilərimizin ailələrinə göstərdikləri qayğını yüksək qiymətləndirən məktəb direktoru həmin qayğıya görə rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib.
Gizir Səbuhi Məmmədovun anası Cəvahir Bənnayeva da övladı ilə fəxr etdiyini söyləyib. “Oğlum igid, cəsur, qəhrəman döyüşçü kimi Azərbaycanın azadlığı uğrunda şəhid olub. Şəhid anası kimi, ölkə Prezidentinə minnətdaram ki, oğlum Səbuhinin döyüş meydanında göstərdiyi igidliyi, şücaəti “Azərbaycan Bayrağı” ordeni ilə qiymətləndirdi.
Şəhid analarına demək istəyirəm ki, ağlamasınlar. Bizim övladlarımız bizlərin, gələcək nəsillərin xoşbəxtliyi, firavan həyatı, torpaqlarımızın azadlığı uğrunda canlarından keçdilər. Bu gün övladlarımızla tək biz valideynləri deyil, bütün Azərbaycan xalqı qürur duyur. Şəhid anası kimi, arzum budur ki, oğlum Səbuhinin və döyüş yoldaşlarının, şəhidlərimizin qanı, canı, qazilərimizin sağlamlığı bahasına azad olunan torpaqlarımızda gələcəyimiz olan uşaqların gülüş səsləri eşidilsin, onların firavan həyatını görüm”.
Leytenant Qismət Həməşəyevin anası Tamara Həməşəyeva qeyd edir ki: “Qismət vətənpərvər, istiqanlı, qohumcanlı oğul idi. Mərd oğuluydu, dediyini edərdi. Həmişə hərbi paltarla fəxr edirdi. Hərbi geyim də ona çox yaraşırdı. Hər zaman Tovuz döyüşlərini əks etdirən videolara baxardı, qisas almaq üçün hərbiyə gedəcəyini söyləyirdi. Bu arzu, istəklə yaşayırdı, bu gün isə Qismət istəyinə çatdı. İndi Qismət tək mənim deyil, bütöv Azərbaycanın fəxridir”.
Övladlarının təltif olunduqları ordenləri qəbul edən şəhid ataları, anaları onlarla fəxr etdiklərini bildiriblər. Qəhrəman övladlarının təltif olunduqları orden və medalları qəbul etməyin çətin olduğu qədər də qürurverici olduğunu qeyd ediblər. 30 illik həsrətə son qoyaraq Azərbaycan xalqına şanlı Qələbəni yaşadan qəhrəman oğullarımızın qəlblərdə əbədi yaşayacağını, dövlətimizin şəhidlərimizin adlarının yaşadılması üçün təqdirəlayiq işlər gördüyünü bildiriblər. Şəhid ailələri kimi onlara göstərilən qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıq ediblər.

Ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, "Vətən uğrunda”, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd sakini, şəhid kapitan Pənahov Rövşən Mahmud oğlunun ailəsi

Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Çaylı kənd sakini, şəhid əsgər Allahverdiyev Sakit Şahin oğlunun ailəsi

Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Bala Çaylı kənd sakini, şəhid gizir Məmmədov Səbuhi Hümbət oğlunun ailəsi

Ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Ürkməzli kənd sakini, şəhid gizir Şükürov İlkin Aslan oğlunun ailəsi

Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif olunmuş, Hüseynbəyli kənd sakini, şəhid kiçik gizir Mədətov Röyal Şahin oğlunun ailəsi

Ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini, şəhid leytenant Həməşəyev Qismət Oruc oğlunun ailəsi

 

Keçidlər