İcra başçısı Vətən müharibəsi qazisini müalicə aldığı xəstəxanada ziyarət edib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya göstərdi. Ali Baş Komandanın elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı xalqımızın müqəddəs Vətən torpağı uğrunda haqq savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibə Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmaqla yanaşı, həm də bütün dünyaya haqqın, ədalətin, beynəlxalq hüququn kimin tərəfində olduğunu, bu torpaqların əsl sahibinin kim olduğunu göstərdi. Qazandığımız Qələbə şəhidlərimizin qanı, canı bahasına əldə edildi. Şanlı Zəfərimizi bizlərə bəxş edən şəhidlərimizə, şəhid ailələrinə, yaralı döyüşçülərə, müharibə iştirakçılarına diqqət və qayğı göstərmək vətəndaş olaraq hər birimizin ən ümdə işi olmalıdır. Hər an torpaqlarımızın düşmən tapdağından azad olunmasında canını fəda edən əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.
44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbədə payı olan, döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə “Cəsur döyüşçü” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş oğullarımızdan biri də Vətən müharibəsi qazisi, Qazax şəhər sakini Musayev Kənan Nadir oğludur.
Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizin ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazaxda da hər zaman hiss olunur, bu qayğı görülən işlərdə, həyata keçirilən tədbirlərdə öz real əksini tapır.
Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq xeyirxah əməlini davam etdirir. Şəhid ailələrini, yaralılarımızı, qazilərimizi hər zaman ziyarət edir, qayğıları ilə maraqlanır.
Yanvarın 10-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax Rayon Mərkəzi Xəstəxanasında olub, amputasiya olunan ayağında sümük uzanması səbəbindən təkrar əməliyyat olunan qazi Kənan Musayevi ziyarət edib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, RİH başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi, kapitan Samir Çobanovla birlikdə qazimizin səhhəti və qayğıları ilə maraqlanıb.
"Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi, Cərahiyyə şöbəsinin şöbə müdiri Binyamin Abbasəliyev qazimizin səhhəti barədə məlumat verərək əməliyyatın uğurla keçdiyini, əvvəlki problemin bir daha yaşanmaması üçün əlindən gələni əsirgəmədiyini, hər cür kömək göstərildiyini bildirib.
44 günlük Vətən müharibəsində iştirak edən bütün hərbçilərimizin onun üçün doğma və əziz olduğunu qeyd edən icra başçısı qazimizə tezliklə sağlamlığına qovuşmasını arzulayıb. Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycanın adını bütün dünyaya tanıdan Kənan kimi oğullarımızla hər birimizin fəxr etdiyini qeyd edib. Ölkə Prezidentinin də vurğuladığı kimi, şəhid ailələrinə, hərbçilərimizə, əsgərlərimizə, sağlamlığını itirən qazilərimizə, onların ailə üzvlərinə diqqət və qayğı göstərməyin hər bir dövlət məmurunun, eləcə də hər bir vətəndaşın borcu olduğunu qeyd edərək qazimizə göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini bildirib.
Qazi Kənan Musayev ölkə Prezidentinə, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə şəhid ailələrinə, hərbçilərə, qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. Qazi kimi dövlətin qayğısını hər zaman hiss etdiyini bildirən Kənan Musayev bugünkü ziyarəti dövlətimizin qazilərimizə olan növbəti qayğısı kimi qiymətləndirib. Ona göstərilən tibbi xidmətə, qayğıya görə Qazax Rayon Mərkəzi Xəstəxanasının həkimlərinə, tibb işçilərinə razılığını ifadə edib.
Tibb işçiləri səmimi söhbət edən icra başçısı öz növbəsində istər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də müharibədən sonra yaralılarımıza, qazilərimizə göstərilən qayğıya görə onlara minnətdarlığını bildirib. Rayon rəhbəri sonda bir daha əldə etdiyimiz böyük Zəfərə görə Ali Baş Komandana, şəhidlərimizə, Kənan kimi oğullarımıza borclu və minnətdar olduğumuzu söyləyib. Ölkə başçısının və Birinci vitse-prezidentin şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının bundan sonra da örnək götürüləcəyini vurğulayıb.
Məlumat üçün qeyd edək ki, Musayev Kənan Nadir oğlu 15 noyabr 2001-ci ildə Qazax şəhərində anadan olub. Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 08.01.2020-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Tərtər rayonunda “N” saylı hərbi hissədə xidmət edib. 03.10.2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndində gedən döyüşlərdə minaya düşüb. Əməliyyat olunaraq sol ayağın dizdən aşağı hissəsi amputasiya olunub. Hərbi hissədən tərxis edilib. Kənan Musayevin döyüş meydanında göstərdiyi igidlik Ali Baş Komandan tərəfindən də qiymətləndirilib. O, ölkə Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Cəsur döyüşçü”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub. Ailəlidir.