Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Vətən müharibəsi igidlərinin ordenləri ailə üzvlərinə təqdim edilib

13 yanvar 2022 | 16:00

Qazaxda Vətən müharibəsi şəhidləri - kapitan Pənahov Rövşən Mahmud oğlunun təltif olunduğu 3-cü dərəcəli "Rəşadət" ordeni, əsgər Allahverdiyev Sakit Şahin oğlunun təltif olunduğu "Azərbaycan Bayrağı" ordeni, gizir Məmmədov Səbuhi Hümbət oğlunun təltif olunduğu "Azərbaycan Bayrağı" ordeni, gizir Şükürov İlkin Aslan oğlunun təltif olunduğu 3-cü dərəcəli "Rəşadət" ordeni, kiçik gizir Mədətov Röyal Şahin oğlunun təltif olunduğu "Azərbaycan Bayrağı" ordeni, leytenant Həməşəyev Qismət Oruc oğlunun təltif olunduğu 3-cü dərəcəli "Rəşadət" ordeni şəhidlərimizin ailə üzvlərinə təqdim olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, qazi kapitan Samir Çobanov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qazax Rayon Şöbəsinin rəisi Tural Məmmədov şəhidlərimizin evində olub, ailə üzvləri ilə görüşüb, ordenləri sahiblərinə çatdırıblar.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov xalqımızın 30 illik yurd həsrətinə son qoyan Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Azərbaycan Ordusunun müsəlləh əsgər və zabitlərinin 44 günlük Vətən müharibəsində böyük şücaət göstərdiklərini vurğulayıb. Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib. Dövlətimiz, ölkə başçısı tərəfindən Vətən uğrunda sağlamlıqlarını itirən qazilərimizin, yaralılarımızın, canını Vətənə fəda edən şəhidlərimizin ailələrinin daim diqqət mərkəzində saxlanılacağını söyləyib. Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizin, qazilərimizin ailələrinə göstərdikləri qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini qeyd edib.
Qazax rayon Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin direktoru Məzahir Qocayev şəhid kapitanımız haqqında ürək sözlərini bölüşərək bildirib ki, bu gün Rövşən Pənahov kimi oğullarla tək qazaxlılar, doğulduğu kəndin sakinləri deyil, bütün Azərbaycan xalqı fəxr edir. Ali Baş Komandan İlham Əliyev tərəfindən Rövşənin 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif olunması bizim üçün qürurvericidir. Qürur duyuruq ki, bu el-obanın Rövşən tək qəhrəman oğulları var. Ölkə Prezidentinin, Birinci vitse-prezidentin, rayon rəhbərliyinin şəhidlərimizin, qazilərimizin ailələrinə göstərdikləri qayğını yüksək qiymətləndirən məktəb direktoru həmin qayğıya görə rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib.
Gizir Səbuhi Məmmədovun anası Cəvahir Bənnayeva da övladı ilə fəxr etdiyini söyləyib. "Oğlum igid, cəsur, qəhrəman döyüşçü kimi Azərbaycanın azadlığı uğrunda şəhid olub. Şəhid anası kimi ölkə Prezidentinə minnətdaram ki, oğlum Səbuhinin döyüş meydanında göstərdiyi igidliyi, şücaəti "Azərbaycan Bayrağı" ordeni ilə qiymətləndirdi. Şəhid analarına demək istəyirəm ki, ağlamasınlar. Bizim övladlarımız bizlərin, gələcək nəsillərin xoşbəxtliyi, firavan həyatı, torpaqlarımızın azadlığı uğrunda canlarından keçdilər. Bu gün övladlarımızla tək biz valideynləri deyil, bütün Azərbaycan xalqı qürur duyur. Şəhid anası kimi, arzum budur ki, oğlum Səbuhinin və döyüş yoldaşlarının, şəhidlərimizin qanı, canı, qazilərimizin sağlamlığı bahasına azad olunan torpaqlarımızda gələcəyimiz olan uşaqların gülüş səsləri eşidilsin, onların firavan həyatını görüm".
Leytenant Qismət Həməşəyevin anası Tamara Həməşəyeva qeyd edib ki: "Qismət vətənpərvər, istiqanlı, qohumcanlı oğul idi. Mərd oğul idi, dediyini edərdi. Həmişə hərbi paltarla fəxr edirdi. Hərbi geyim də ona çox yaraşırdı. Hər zaman Tovuz döyüşlərini əks etdirən videolara baxardı, qisas almaq üçün hərbiyə gedəcəyini söyləyirdi. Bu arzu, istəklə yaşayırdı, bu gün isə Qismət istəyinə çatdı. İndi Qismət tək mənim deyil, bütöv Azərbaycanın fəxridir".
Övladlarının təltif olunduqları ordenləri qəbul edən şəhid ataları, anaları onlarla fəxr etdiklərini bildiriblər. Qəhrəman övladlarının təltif olunduqları orden və medalları qəbul etməyin çətin, həm də qürurverici olduğunu qeyd ediblər. 30 illik həsrətə son qoyaraq Azərbaycan xalqına şanlı Qələbəni yaşadan qəhrəman oğullarımızın qəlblərdə əbədi yaşayacağını bildiriblər.


Vəli VƏLİYEV,
"Respublika" qəzetinin bölgə müxbiri
13 yanvar 2022-ci il

Keçidlər