Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yeni tikilən məktəbdə açılış öncəsi aparılan hazırlıqla tanış olub

14 yanvar 2022 | 16:00

Bu gün əminliklə qeyd edə bilərik ki, Azərbaycan dövləti təhsil sahəsinin inkişafı naminə həyata keçirilən işlərə görə bütün dünyada lider ölkələrdəndir. Son illər cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən ölkəmizdə təhsil sahəsinə göstərilən qayğı onu deməyə əsas verir ki, bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ulu Öndərin təhsil siyasəti ölkə başçısının, Heydər Əliyev Fondunun qayğısı və dəstəyi ilə həyata keçirilən uğurlu layihələrlə davam etdirilir. Bu, dövlət başçısının "Neft kapitalını insan kapitalına çevirək” ideyası əsasında reallaşan çoxsaylı layihələrdə, həyata keçirilən tədbirlərdə, təhsilin inkişafı istiqamətində atılan uğurlu addımlarda, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələrinin ən müasir tədris avadanlığı ilə təchiz edilməsində öz əksini tapır.
Ölkəmizdə təhsil sahəsinin inkişaf etdirilməsində Birinci vitse-prezident Mehriban xanımın da xidmətləri danılmazdır. Onun rəhbərliyi altında Fondun həyata keçirdiyi və bütün ölkədə böyük rəğbətlə qarşılanan "Yeniləşən Azərbaycana yeni məktəb”, "Təhsilə dəstək” layihələri çərçivəsində hər il ölkə üzrə yüzlərlə orta məktəb binaları tikilir, təmirə ehtiyacı olan məktəb binaları isə əsaslı şəkildə yenidən qurulur.
Ölkə Prezidentinin və Birinci vitse-prezidentin respublikamızda təhsil sahəsinə göstərdikləri qayğı Qazaxda da yüksək səviyyədə hiss olunur. Rayonda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani göstəricisi "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınmasıdır. Heydər Əliyev Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Qazaxda da yeni məktəb binaları inşa olunur. Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilməsi, Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşa olunması, ölkə başçısı tərəfindən Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncama əsasən bu gün yeni məktəbin inşa olunması dövlətin Qazaxda təhsil sahəsinə olan yüksək diqqət və qayğısıdır. 
Dövlət Proqramında tikintisi nəzərdə tutulan məktəblərdən biri də Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbidir. Həmin məktəb üçün Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 220 şagird yerlik yeni bina inşa olunub. 
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı ilə birlikdə yeni inşa olunan məktəbdə açılış öncəsi aparılan hazırlıq işləri ilə tanış olub. 
Məlumat üçün qeyd edək ki, 1967-ci ildə əsası qoyulan və ötən ilin yanvar ayından tikintisinə start verilən məktəb binası zirzəmisi olmaqla 2 mərtəbədən ibarətdir. Məktəbdə 1 direktor, 2 direktor müavini, 1 qəbul və 18 sinif otağı var. 1 fizika, 1 kimya, 1 biologiya otağı, hərbi otağı, 130 nəfərlik akt zalı, 1 kitabxana, 1 oxu zalı, 1 yeməkxana, 1 texniki, 1 tibb otağı, idman zalı, 2 paltardəyişmə, 2 duş otağı müəllim və şagirdlərin ixtiyarına veriləcək. Hər mərtəbədə sanitar qovşaq və paltar asılma otaqları mövcuddur.
Məktəbin həyətində 1 futbol meydançası, qazanxana, həcmi 120 kubmetr (hər birinin həcmi 60 kubmetr olan 2 ədəd) olan yanğından mühafizə üçün su hovuzu, həcmi 25 kubmetr olan içməli su hovuzu, su nasosu stansiyası, sanitar qovşaq şagirdlərin ixtiyarına veriləcək. Yeni inşa edilən məktəbdə müəllim və şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb.
Məktəbin müəllim-şagird kollektivi, valideynlər, kənd sakinləri yeni binanın inşasına görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq edir, razılıqlarını bildirirlər.

 

Keçidlər