Qazaxda Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən yeni məktəb binasının açılışı olub
Azərbaycan dövləti təhsil sahəsinin inkişafı naminə həyata keçirdiyi layihələrə görə bütün dünyada lider ölkələrdən biridir. Xüsusən də son illər cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizdə təhsil sahəsinə göstərdikləri qayğı onu deməyə əsas verir ki, bu sahə hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Əminliklə qeyd edə bilərik ki, Ulu Öndərin təhsil siyasəti ölkə başçısının, Heydər Əliyev Fondunun qayğısı və dəstəyi ilə həyata keçirilən layihələrlə uğurla davam etdirilir. Bu, ölkə başçısının "Neft kapitalını insan kapitalına çevirək” ideyası əsasında reallaşan çoxsaylı layihələrdə, həyata keçirilən tədbirlərdə, təhsilin inkişafı istiqamətində atılan uğurlu addımlarda, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələrinin ən müasir tədris avadanlığı ilə təchiz edilməsində özünü aydın şəkildə göstərir.
Ölkəmizdə təhsil sahəsinin inkişaf etdirilməsində Birinci vitse-prezident Mehriban xanımın da xidmətləri danılmazdır. Onun rəhbərliyi altında Fondun həyata keçirdiyi və bütün ölkədə böyük rəğbətlə qarşılanan "Yeniləşən Azərbaycana yeni məktəb”, "Təhsilə dəstək” proqramları çərçivəsində hər il ölkə üzrə yüzlərlə orta məktəb binaları tikilir, təmirə ehtiyacı olan məktəb binaları isə əsaslı şəkildə yenidən qurulur.
Ölkə Prezidentinin və Birinci vitse-prezidentin respublikamızda təhsil sahəsinə göstərdikləri qayğı Qazaxda da yüksək səviyyədə hiss olunur. Rayonda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani göstəricisi "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınmasıdır. Heydər Əliyev Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Qazaxda da yeni məktəb binaları inşa olunur. Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilməsi, Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşa olunması, ölkə başçısı tərəfindən Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncama əsasən bu gün yeni məktəbin inşa olunması dövlətin Qazaxda təhsil sahəsinə olan yüksək diqqət və qayğısıdır.
Dövlət Proqramında tikintisi nəzərdə tutulan məktəblərdən biri də Qazax rayon Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbi idi.
Məktəb 1916-cı ildə kənd axundunun oğlu Lenin və şərəf ordenli Əməkdar müəllim Bilal Əhmədov (öz evində dərs tədris edib) tərəfindən yaradılmışdır. 1924-cü ildən 4 illik məktəb, 1934-cü ildən isə 7 illik məktəbə çevrilmişdir. 1968-1969-cu tədris ilində 10 illik məktəb kimi fəaliyyətə başlamışdır. Məktəbin binası 1966-1967-ci tədris ilində istifadəyə verilmişdir. 1991-ci ildən məktəb 1937-1942-ci il birinci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, Qazax Rayon Partiya Komitəsinin katibi (1942-1957) Şahnabat Yusif qızı Nəsibovanın (1915-1957) adını daşıyır.
Məktəbin əvvəlki binası 1966-cı ildə inşa edildiyindən fiziki köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdü. “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə həmin məktəb üçün 220 şagird yerlik yeni bina inşa olunub.
Ötən ilin yanvar ayından tikintisinə start verilən məktəb binası zirzəmisi olmaqla, 2 mərtəbədən ibarətdir. Məktəbdə 1 direktor, 2 direktor müavini, 1 qəbul və 14 sinif otağı var. Fizika, kimya, biologiya otağı, hərbi otağı, informatika otağı, 130 nəfərlik akt zalı, kitabxana, oxu zalı, yeməkxana, oğlanlar və qızlar üçün texnologiya otağı, tibb otağı, idman zalı, 2 paltardəyişmə, 2 duş otağı müəllim və şagirdlərin ixtiyarına verilib. Hər mərtəbədə sanitar qovşaq və qarderob mövcuddur.
Məktəbin həyətində açıq idman meydançası, qazanxana, həcmi 120 kubmetr (hər birinin həcmi 60 kubmetr olan 2 ədəd) olan yanğından mühafizə üçün su hovuzu, həcmi 25 kubmetr olan içməli su hovuzu, su nasosu stansiyası, sanitar qovşaq şagirdlərin ixtiyarına verilib. Məktəb binası müasir istilik sistemi ilə təchiz edilib. Yeni inşa edilən məktəbdə 39 nəfər işçi heyətin və 202 nəfər şagirdin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb.
Yanvarın 17-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən yeni məktəb binasının açılışı olub.
Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və köməkçisi Akif Əmirov, Heydər Əliyev Fondunun Heydər Əliyev İrsinin tədqiqi və təbliği şöbəsinin müdiri Cəmil Əliyev, Gənclər təşkilatı və könüllülər hərəkatı ilə iş şöbəsinin müdiri Aydan Ramazanova, Fondun əməkdaşı İlqar Vəliyev, məktəbin inşasını həyata keçirən “Ulu Göyçə” MMC-nin əməkdaşı Əli İsmayılov, iş icraçısı Elnur Verdiyev, məktəbin adını daşıyan Şahnabad Nəsibovanın övladları Həmzə Cəlilov və Tünzalə Cəlilova, Təhsil Nazirliyi 6 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Emin Əliyev, Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı, məktəbin məzunu olmuş şəhidlərin ailə üzvləri, müəllim-şagird kollektivi, valideynlər, kənd ağsaqqalları, KİV nümayəndələri iştirak ediblər.
Məktəb binasının rəmzi açılışını bildirən qırmızı lent kəsildikdən sonra çıxışlar olub.
Məktəbin Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Fəridə Əhmədova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, müəllim və şagirdləri yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə təbrik edib. F.Əhmədova qeyd edib ki, iqtisadiyyatın bütün sahələrində islahatlar həyata keçirən Azərbaycan dövləti təhsilin inkişafını daim ön plana çəkib. Çünki millətin, dövlətin gələcəyi onun vətəndaşlarının təhsil səviyyəsindən, qabaqcıl texnologiyaları bilməsindən asılıdır. Bunun üçün Azərbaycan uşaqlarına müasir tədris avadanlıqları ilə təchiz olunmuş, dünya standartlarına cavab verən təhsil müəssisələri lazımdır ki, bunu dövlətimiz hər zaman əsas götürür. F.Əhmədova şagirdlərə gözəl şəraiti yaratdıqlarına görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məktəbin müəllim-şagird kollektivi adından minnətdarlığını bildirib. Kollektiv olaraq onlara göstərilən qayğının, etimadın müqabilində dərslərini müasir tələblərə uyğun quraraq şagirdlərin bilik səviyyəsinin yüksəldilməsində var qüvvələri ilə çalışacaqlarını, Azərbaycan təhsilinin inkişafına öz əməli işləri ilə töhfə verəcəklərini qeyd edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını, qonaqları salamlayıb, tədbirdə iştirak etdiklərinə görə razılığını bildirib. Məktəbin müəllim-şagird kollektivini, valideynləri, kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. Müasir standartlara cavab verən yeni məktəb binasının inşasına görə ölkə Prezidenti İlham Əliyev başda olmaqla, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya rayon ictimaiyyəti, ziyalılar adından minnətdarlığını bildirib. Məktəbin yüksək səviyyədə inşa olunmasında əməyi keçən insanlara, tikintini icra edən “Ulu Göyçə” MMC-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü çatdırıb. İcra başçısı iki qonşu dövlətlə sərhədi olan, rayon mərkəzindən 40 km məsafədə yerləşən İkinci Şıxlı kəndində belə bir məktəbin inşa olunmasını ziyalılar yurdu olan kəndin sakinləri üçün ən böyük töhfə olduğunu vurğulayıb. Rayon rəhbəri qeyd edib ki, Ulu Öndərin “Təhsil millətin gələcəyidir” kəlamının bu gün həyata keçirilən işlərdə öz real əksini tapdığının canlı şahidi oluruq ki, açılışına toplaşdığımız məktəb binası bunun əyani sübutudur.
Son 18 ildə ölkə Prezidenti tərəfindən təhsil sahəsinin inkişafı naminə görülən işlərdən söz açan icra başçısı həmin işlərin Qazaxda da uğurla həyata keçirildiyini qeyd edib. Son 6 ildə Qazaxda 8 məktəb binasının tikildiyini, həmin məktəblərdən ikisinin Heydər Əliyev Fondu tərəfindən birinin əsaslı təmir olunduğunu, birinin isə yenidən tikildiyini söyləyib. Məktəbin yaranma tarixindən, bu məktəbdə təhsil alan Osman Sarıvəlli və onun kimi digər ziyalılardan danışan icra başçısı yeni binanın inşa olunmasını təhsilə, həmin ziyalılarımıza olan dəyərin, qiymətin bariz nümunəsi kimi qiymətləndirib.
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, yeni məktəb binasının inşası münasibətilə səmimi təbriklərini çatdırıb. Bugünkü tədbiri elmin, təhsilin bayramı kimi qiymətləndirib. “Təhsili olmayan millət yaşaya bilməz, təhsili olmayan gənc inkişaf edə bilməz. Təhsilsiz millətin gələcəyi də ola bilməz”, - deyən millət vəkili bu cür məktəblərin inşa olunmasının kökündə məhz həmin amal, prinsip dayandığını qeyd edib. “Heydər Əliyev Fondunun fəaliyyəti hər zaman millətlə, onların gələcəyi ilə bağlıdır. Fond yarandığı ilk gündən Azərbaycanda da, xaricdə də yalnız millətin gələcəyi, onun adı, inkişafı üçün əlindən gələni edir və bundan sonra da edəcək”, - deyən Səməd Seyidov bir millət vəkili kimi bütün bunlara görə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Heydər Əliyev Fondunun Heydər Əliyev İrsinin tədqiqi və təbliği şöbəsinin müdiri Cəmil Əliyev çıxış edərək Heydər Əliyev Fondunun rəhbərliyi adından tədbir iştirakçılarını salamlayıb, səmimi təbriklərini çatdırıb. C.Əliyev Fondun fəaliyyətə başladığı ilk gündən fondun rəhbəri Mehriban Əliyevanın rəhbərliyi altında ölkənin ictimai həyatında fəal iştirak edərək elm, təhsil, səhiyyə, idman və müxtəlif istiqamətlərdə layihələr həyata keçirdiyini qeyd edib. Fondun həyata keçirdiyi layihələrlə ölkəmizin sosial, ictimai və mədəni həyatına öz töhfəsini verdiyini vurğulayıb. Həmin layihələr arasında elm və təhsil sahəsinə aid layihələrinə xüsusi önəm verildiyini diqqətə çatdırıb. "Yeniləşən Azərbaycana yeni məktəb”, "Təhsilə dəstək” proqramları çərçivəsində bütün ölkə boyu, hətta, dağlıq ərazilərdə belə yeni təhsil müəssisələrinin inşa olunduğunu söyləyib. C.Əliyev müasir tələblərə cavab verən yeni məktəb binalarının inşa edilməsinin gənclərin vətənpərvər ruhda tərbiyə olunmasına böyük töhfə verdiyini qeyd edib.
Uzun illər Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbinə rəhbərik etmiş, hazırda təqaüddə olan müəllim Məhəmməd Xəlilov çıxış edərək tədbirdə iştirak edən qonaqları salamlayıb, müəllimləri, şagirdləri, valideynləri təbrik edib. Məktəbin inşasına görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya məktəbə uzun illər rəhbərlik etmiş şəxs kimi, ziyalı kimi sonsuz təşəkkürünü çatdırıb. M.Xəlilov sonda yüksək səviyyədə inşa olunan məktəbi qoruyub saxlamağı, onlara göstərilən etimadı öz əməli işləri ilə doğrultmağı tövsiyə edib.
Məktəbin tarix müəllimi Elşad Eyubov çıxış edərək bu günün məktəbin müəllim-şagird kollektivi, kənd sakinləri, valideynlər üçün əlamətdar günlərdən biri olduğunu bildirib. “Bu yeni məktəb binasının inşa olunması uzun illər idi ki, məktəbin müəllimlərinin, şagirdlərinin, valideynlərin, eləcə də kənd camaatının arzusu idi. Bu gün həmin arzu çin olur”, - deyən E.Eyubov bu arzunu reallaşdıran insanlara minnətdarlığını ifadə edib. Eyni zamanda üzərilərinə böyük məsuliyyət qoyduğunu, bunun üçün var qüvvələri ilə çalışacaqlarını vurğulayıb.
Məktəbin 11-ci sinif şagirdi Lamiyə Qocayeva ürək sözlərini belə çatdırıb:
- “Ulu Öndərimiz Heydər Əliyev bildirmişdi ki: “Təhsil millətin gələcəyidir!” 44 günlük Vətən müharibəsində Zəfər çalan dövlətimizə işğaldan azad olunmuş torpaqların yenidən çiçəklənməsi, dağıdılmış şəhər və kəndlərin yenidən bərpa olunması üçün savadlı kadrlar lazımdır. Biz şagirdlərin borcu da yaxşı təhsil alıb, ixtisaslı kadr kimi öz xalqımıza xidmət etməkdir. Bütün bu işləri reallaşdırmaq üçün bizə böyük imkan yaradılıb. Köhnə məktəbimizin əvəzində yeni müasir standartlara cavab verən bina inşa olunub. Müasir avadanlıqlarla təchiz edilərək bizlərin istifadəsinə verilir. Bütün müəllimlər, şagirdlər, kənd əhalisi çox sevinir. Bizi işıqlı gələcəyə çıxaran təhsil ocağını qorumaq hər birimizin borcudur. Gəlin yaxşı oxuyaq, Vətəni sevək, onun müdafiəsinə hər an hazır olaq. Eynən Vətən göylərində ruhları dolaşan 3 min şəhidimiz kimi Vətən fədaisi olaq”.
Məktəbin 8-ci sinif şagirdi Şəfiqə Mustafayeva isə fikirlərini belə ifadə edib:
- “Elmə, biliyə yiyələnmək bütün dövrlərdə şərəfli bir iş hesab olunub. Məhz bu səbəbdən ölkəmizdə təhsil sahəsinə, təhsilin inkişafına, yeni məktəblərin inşasına böyük diqqət yetirilir. Mən həmişə televiziyalarda müasir tipli məktəblərin açılışını görəndə orada oxuyan uşaqlara həsəd aparırdım. Arzu edirdim ki, bütün ömrünü başa vurmuş köhnə məktəb binamızın yerində yeni müasir tipli məktəb binası inşa olunsun. Nəhayət, o gün gəlib çatdı. Bu gün biz şagirdlərin sevincinin həddi-hüdudu yoxdu. Bir şagird kimi bizim arzumuzu reallaşdıran, müasir avadanlıqlarla təchiz edilmiş məktəbdə oxumaq imkanı yaradan Heydər Əliyev Fonduna, onun prezidenti Mehriban Əliyevaya, dövlətimizə, Prezident İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm. Və söz verirəm ki, gələcək təhsil uğurlarımı artırıb, ali mütəxəssis olaraq xalqıma, millətimə xidmət edəcəyəm”.
Məktəbin məzunu olmuş, Vətən müharibəsi şəhidi Kərimov Emil İlqar oğlunun qızı, hazırda şəhid atasının oxuduğu məktəbdə təhsil alan Nazənin Kərimova, məktəbli Nilay da öz sevinclərini söylədikləri şeir töhfələri ilə çatdırıblar.
Sonda tədbir iştirakçıları və qonaqlar yeni inşa olunan məktəb binası ilə tanış olublar. Məktəbdə yaradılan şəraiti yüksək qiymətləndirən qonaqlar sonda bir daha məktəbin müəllim-şagird kollektivi, valideynlər, kənd sakinləri adından yeni binanın inşasına görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.