Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
1990-cı ilin yanvar hadisələri nə qədər faciəli olsa da, xalqımızın iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. 20 Yanvar faciəsi Azərbaycan xalqının öz azadlığı və suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. O tarix ki, xalqımız 32 il əvvəl baş verən hadisələri təkcə ağrı-acı ilə deyil, həm də qürur və şərəf günü kimi xatırlayır.
Müasir Azərbaycan tarixinin hüznlü və eyni zamanda, qürur mənbəyi olan 20 Yanvar faciəsinin 32-ci ildönümü respublikamızın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlərlə qeyd olunur.
20 Yanvar faciəsinə həsr olunmuş növbəti anım tədbiri Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən təşkil olunub.
Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında keçirilən tədbirdə Mərkəzin dərnək rəhbərləri və üzvləri iştirak ediblər.
Əvvəlcə memorial önünə qərənfillər düzülüb, 20 Yanvar şəhidlərinin, eləcə də Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhidlər xiyabanını ziyarət edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və köməkçisi Akif Əmirov Mərkəzin dərnək üzvlərinin şəhidlərə həsr etdikləri ədəbi-bədii kompozisiyanı izləyib, səsləndirdikləri şeirləri dinləyiblər.
Dərnək üzvlərinin çıxışlarını dinləyən rayon rəhbərliyi və qonaqlar şagirdlərə, eləcə də məktəbliləri hazırlayan dərnək rəhbərlərinə razılıqlarını bildiriblər.
Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova bildirib ki, Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Bunu 1990-cı ildə yanvarın 19-dan 20-sinə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq arzusu ilə dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədəndə Azərbaycanın mərd oğul və qızları sinələrini sipər edərək bir daha nümayiş etdirdilər. “O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır. Şəhidlik zirvəsinə ucalan oğul və qızlarımızı yad etmək hər birimizin borcudur”, - deyən Mərkəzin direktoru gənclərə hər zaman bayrağımıza sahib çıxmağı, uca tutmağı, şəhidlərimizin xatirəsini ehtiramla yad etməyi tövsiyə etdiyini vurğulayıb.
Qeyd edək ki, 32 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror idi. Ulu Öndər Heydər Əliyevin 20 yanvar gecəsi belə bir zirvəni fəth edən Vətən oğullarının fədakarlığını yüksək qiymətləndirərək söylədiyi “20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcək. Bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli iftixarımızdır” kimi dəyərli fikri hər birimiz üçün örnəkdir. Məhz 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Onun təşəbbüsü ilə Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsi dövlət səviyyəsində tam siyasi-hüquqi qiymətini aldı.