Millət vəkili Səməd Seyidov Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış guşəni ziyarət edib
Qazaxda "Qarabağ Azərbaycandır!” söyləyərək Vətənin azadlığı, torpaqlarımızın ərazi bütövlüyü uğrunda haqq savaşına çıxan, bu müqəddəs yolda canından keçən oğullarımızın, şəhid olan qəhrəmanlarımızın xatirəsi hər zaman əziz tutulur. Rayonda şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Bunu rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşmasından, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasından, yenilənməsindən, əsaslı şəkildə təmir edilməsindən aydın şəkildə görmək olar. Hər birimizin müqəddəs bildiyimiz, şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında aparılan abadlıq işləri, şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin əyani sübutudur.
Rayonda Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi istiqamətində də təqdirəlayiq işlər görülüb. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılması, Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 339 nəfər şəhidin xatirəsinə guşənin yaradılması, şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin lövhələrinin vurulması bu dediklərimizin bariz nümunəsidir.
Yanvarın 18-də Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri və köməkçisi Akif Əmirovla birlikdə Qazax Tarix-Diyarşünaslıq Muzeyində olub. Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 339 nəfər şəhidin xatirəsinə yaradılan guşəni ziyarət edib. Guşə ilə yaxından tanış olan millət vəkili şəhidlərimizin xatirəsini əziz tutmaq, adlarını əbədiləşdirmək üçün yaradılmış guşəni igid qəhrəmanlarımızın gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addım kimi qiymətləndirib. İstər Abidə Kompleksini, istərsə də bu guşəni şəhidlərimizi gələcək nəsillərə tanıtmaq üçün müqəddəs məkan kimi dəyərləndirib. Qazaxda şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində həyata keçirilən işlərə, atılan nümunəvi addımlara görə ziyalılar adından rayon rəhbərliyinə minnətdarlığını bildirib.