Qazaxda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin işi və qarşıda duran vəzifələr müzakirə olunub
Yanvarın 25-də Ağstafa Regional Mədəniyyət İdarəsinə Qazax rayonu üzrə tabe olan mədəniyyət müəssisələri tərəfindən 2021-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, icra aparatının məsul şəxslərinin, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyevin, Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyevin, Qazax Rayon Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənovanın, Qazax Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynovanın, Qazax Tarix Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanovanın, Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilovanın, M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyinin direktoru Məhruzə Hüseynovanın, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Münəvvər Süleymanlının, Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Çiçək Maşayevanın, Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Ramil Qurbanovun iştirakı ilə keçirilən iclasda yola saldığımız 2021-ci il ərzində adları qeyd edilən mədəniyyət müəssisələri tərəfindən görülmüş işlərə nəzər yetirilib, onlayn şəkildə keçirilmiş tədbirlərdən söhbət açılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov öncə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyevi rəis təyin edilməsi münasibətilə öz adından və mədəniyyət işçiləri adından təbrik edib, gələcək işlərində uğurlar arzulayıb.
Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən mədəniyyət sahəsinin inkişaf etdirilməsi istiqamətində görülmüş işlərdən, bu sahəyə göstərilən dövlət qayğısından söz açan rayon rəhbəri bu qayğının Qazaxda da hiss olunduğunu bildirib. Rayonda bütün sahələrə olduğu kimi, mədəniyyət sahəsinə də hər zaman xüsusi diqqət və qayğı göstərildiyini qeyd edib. Fəaliyyətə başladığı ilk gündən mədəniyyət sahəsinin, bu sahədə çalışan insanların qayğılarının daim diqqətdə saxlanıldığını, müəssisələr tərəfindən qaldırılan hər bir məsələyə hər zaman həssaslıqla yanaşdığını, bundan sonra da dəstək olacağını vurğulayıb.
Rayon rəhbəri pandemiya dövründən əvvəl rayonda çoxsaylı mədəni-kütləvi tədbirlərin keçirildiyini, mədəniyyət sahəsinin inkişafı istiqamətində məqsədyönlü işlərin görüldüyünü diqqətə çatdırıb. Bu gün pandemiya dövrü olmasına baxmayaraq tədbirlərin onlayn şəkildə də davam etdirildiyini söyləyib.
İcra başçısı rayonda olan şəffaflığın bütün sahələri, o cümlədən də mədəniyyət sahəsini əhatə etdiyini, bu sahədə neqativ halların aradan qaldırıldığını vurğulayıb və bundan sonra da təmin olunacağını bildirib.
“Hansı sahə olmasından asılı olmayaraq, vətəndaş məmnunluğu əsas götürülməlidir”, - deyən icra başçısı hər bir mədəniyyət işçisinin öz işinə məsuliyyətlə yanaşmasını, verilən tapşırığın öhdəsindən layiqincə gəlməyə çalışmalarını bildirib. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət sahəsinə, bu sahədə olan insanlara verdiyi qiyməti, göstərdikləri yüksək dövlət qayğısını əməli işləri ilə doğrultmalarını qeyd edib.
Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev çıxış edərək rayon rəhbərliyini və mədəniyyət işçilərini salamlayıb, ünvanına söylənilən təbriklərə görə təşəkkür edib. Mədəniyyət sahəsinin inkişafı istiqamətində həyata keçirilən tədbirlərə göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Mədəniyyət sahəsinə olan dövlət qayğısından söz açan natiq hər bir mədəniyyət işçisinin öz işini ölkə Prezidentinin istəyinə əsasən qurmalarını, görülmüş işlərə, atılan addımlara əməli işləri ilə töhfə vermələrini vurğulayıb. “Mədəniyyət sahəsi yaradıcı sahədir”, – deyən N.Mehdiyev bunun üçün çalışan hər bir işçinin öz işinə daha ciddi şəkildə və məsuliyyətlə yanaşmalarını, mədəniyyət müəssisələrinin işlərini günün tələbləri səviyyəsində qurmalarını, vətəndaşlara göstərilən xidmətlərin yüksək səviyyədə olmasını bildirib. Ən əsası isə mədəniyyət sahəsində bu günə kimi mövcud olan şəffaflığın bundan sonra da təmin edilməsini qeyd edib. Mədəniyyət müəssisələri barədə təəssüratlarını bölüşən idarə rəisi bəzi tapşırıq və tövsiyələrini verib.
Daha sonra mədəniyyət müəssisələrinin ötən ildə gördüyü işlər, qarşıda duran vəzifələr, həlli vacib olan bir sıra məsələlər müzakirə edilib. Həmçinin, təmirə ehtiyacı olan mədəniyyət müəssisələrinin mövcud vəziyyəti, bununla bağlı görülməsi nəzərdə tutulan işlər və aidiyyəti qurumlara müraciət olunması üçün atılan addımlar barədə danışılıb.
Mədəniyyət müəssisələrinin rəhbərləri çıxış edərək mədəniyyət sahəsinə, bu sahədə çalışan insanlara göstərilən dövlət qayğısına görə ölkə başçısına, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Ötən müddət ərzində rəhbərlik etdikləri müəssisələrdə görülmüş işlərdən danışan çıxışçılar bundan sonra da böyük səylə çalışacaqlarını, mədəniyyət sahəsində olan şəffaflığın, vətəndaşlara göstərilən xidmətlərin yüksək səviyyədə olması üçün əllərindən gələni əsirgəməyəcəklərini qeyd ediblər.