Vaxtilə özünün 17 otaqlı mülkünü Qazax Müəllimlər Seminariyasına bağışlayan Kosalar kənd sakini Məşədi İbrahimin yaşadığı ev təmir olunacaq
Əvvəlki yazılarımızda da xəbər verdiyimiz kimi, ADA Universitetinin "Bir müəllimin manifesti” layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyasının tarixi binası əsaslı təmir olunur. Ötən il oktyabrın 1-də ADA Universitetinin milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab olunan Seminariyanın qarşısında keçirilən tədbirdə ADA Universitetinin Fondu və tərəfdaşları arasında Qazax Müəllimlər Seminariyasının bərpa və yenidənqurma işlərini birgə həyata keçirmək məqsədilə imzaladığı Niyyət sazişi Qazax təhsilinə verilən yüksək qiymətin daha bir bariz nümunəsi oldu. Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev, "NEQSOL Holding”in baş direktoru Yusif Cabbarov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev sazişi imzalamaqla tərəflər Seminariyanın təlim-tədris ənənələrini yaşatmaq üçün onun binasının bərpasını öz üzərlərinə götürdüklərini bəyan etdilər.
ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsi onun yenidən istifadəsini mümkün edəcək. Firudin bəy Köçərlinin misilsiz çətinliklər bahasına qurduğu və ilk direktoru olduğu Seminariya binasının bərpası, əslində, Azərbaycanda maarifçilik irsimizin və Seminariyadan aldığımız milli qürurumuzun bərpası olacaq. Burada illər öncə yandırılan elm işığı daha gur yanacaq, ətrafına yeni nəsil maarifçiləri toplayacaq. Həyata keçiriləcək birgə layihələrlə müasir təhsil tariximizin növbəti səhifələri burada yazılacaq. Bu, hər bir qazaxlı üçün qürurvericidir. Bu nümunəvi təşəbbüsə görə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevə və əməyi keçən insanlara sonsuz minnətdarlıq ifadə olunur.
Bu gün daha bir sevindirici haldır ki, vaxtilə özünün 17 otaqlı mülkünü Qazax Müəllimlər Seminariyasına bağışlayan Qazax rayon Kosalar kənd sakini Məşədi İbrahim Hacı İsmayıl oğlunun yaşadığı ev də təmir olunacaq.
Yanvarın 26-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, ADA Universitetinin əməkdaşı Eldar Seyidovla birlikdə Kosalar kəndində olub, təmir olunacaq mülkdə görüləcək işlərlə maraqlanıb. Təmir işlərinə start verildiyi, ilkin olaraq söküntü işlərinin aparıldığı bildirilib.
Məşədi İbrahimin nəvəsi Şahbəddin Hacıyev babasının yaşadığı mülkün təmir olunmasına görə razılığını bildirib. Təhsilimizin, elmin inkişafına dəstək olan insanlara verilən qiymətə, dəyərə, xüsusilə də babasının yaşadığı mülkün bərpa olunmasına görə öz adından və ailəsi adından minnətdarlıq edib. Bu nümunəvi addımı babası Məşədi İbrahimin timsalında təhsilin inkişaf etməsində əməyi keçən xeyriyyəçi insanlara olan hörmət və ehtiramın göstəricisi kimi qeyd edib.
Daha sonra rayon rəhbərliyi Kosalar kənd 1 saylı Körpələr Evi-Uşaq bağçasında körpələr üçün yaradılan şəraitlə, uşaqların davamiyyəti, tibbi müayinə olunmaları, ərzaq təminatının mövcud vəziyyəti və keyfiyyəti ilə tanış olublar.