Şriftin ölçüsü :

Saytın rəngi :

2 Fevral - Gənclər Gününə həsr olunmuş “Cəmiyyətin aparıcı qüvvəsinə çevrilən Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib

01 fevral 2022 | 16:00

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.
2 Fevral - Gənclər Günü respublikamızın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlərlə qeyd olunur.
Fevralın 1-də Qazax Rayon İcra Hakimiyyəti və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 2 Fevral - Gənclər Gününə həsr olunmuş “Cəmiyyətin aparıcı qüvvəsinə çevrilən Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev və Vətən müharibəsi iştirakçıları, mədəniyyət, təhsil, səhiyyə sahəsində çalışan gənclər, şagirdlər və tələbələr iştirak ediblər.
Tədbirdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, son 18 ildə gənclər siyasəti və gənclərlə iş sahəsində həyata keçirilmiş irimiqyaslı layihələr, qəbul edilmiş dövlət proqramlarının gənclərin bütün sahələrdə fəallığının artmasına təsiri haqqında geniş fikir mübadiləsi aparılıb, müxtəlif sahələrdə çalışan gənclərin fikirləri dinlənilib.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova giriş sözü ilə çıxış edərək 2 Fevral - Gənclər Günü münasibətilə gəncləri təbrik edib, səmimi ürək sözlərini çatdırıb. Gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatında fəallığının artırılması işinin, ümumilikdə dövlət gənclər siyasətinin Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu bildirib. Bu gün Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasının ölkəmizdə həyata keçirilən gənclər siyasətinin möhkəm təməl üzərində qurulmasının nəticəsi olduğunu qeyd edib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək Gənclər Gününün təsis edilməsinin 25 illiyi münasibətilə rayon rəhbərliyinin adından gəncləri təbrik edib, səmimi ürək sözlərini çatdırıb. Bildirib ki, Azərbaycan xalqının böyük oğlu, dahi şəxsiyyət  Heydər Əliyev gəncləri Azərbaycanın gələcək qurucuları adlandırmışdı. Onun gəncliyə və gənclərə etimadı indi öz təsdiqini tapmaqdadır. Bu gün Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti ölkə rəhbəri tərəfindən uğurla davam etdirilir. Ölkəmiz sürətlə uğurlu inkişaf yolunda addımlayır. Bu inkişafda gənclər ictimai həyatın bütün sahələrində aktiv fəaliyyət göstərərək cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan gəncliyinə göstərdikləri qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü, gənclərə rayon rəhbərliyi tərəfindən daim qayğı göstərildiyini diqqətə çatdırıb. G.Həsənova qeyd edib ki, gənclər də öz növbəsində onlara göstərilən etimadı doğrultmağa çalışırlar. Dövlətimizin başçısı tərəfindən göstərilən bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplayır, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Azərbaycan Prezidenti İlham Əliyevin etimadını doğruldurlar. Necə ki, 44 günlük Vətən müharibəsində Azərbaycan gəncləri döyüş meydanında düşmənə layiqli cavablarını verərək əsl qəhrəmanlıq nümayiş etdirdilər. Torpaqlarımız düşmən tərəfindən işğal olunan zaman körpə olan uşaqlar böyüyüb gənc kimi Vətənin müdafiəsinə qalxdılar. Torpaqlarımızın ərazi bütövlüyü naminə bir an belə düşünmədən şirin canlarından keçməyi gözə aldılar və həyatlarını müstəqil Azərbaycanın parlaq gələcəyi naminə qurban verdilər. Xalqımızın 30 illik yurd həsrətinə 44 gündə son qoydular. Bu gün xalq olaraq, ölkə vətəndaşı olaraq bizlərə tarixi Qələbəni bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə, əsgər və zabitlərimizə, canlarından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu və minnətdarıq. Xoşbəxt xalqıq ki, Azərbaycanın igid, qəhrəman oğulları, gəncləri var və bundan sonra da olacaq.
2-ci qrup Vətən müharibəsi əlili, mayor Xəyyam Əliyev çıxış edərək Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, vətənpərvər qüvvə kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olduğunu bildirib. Məhz son 18 ildə aparılmış gənclər siyasəti sayəsində ölkədə vətənpərvər ruhlu gənclər ordusu formalaşmış, 44 günlük Vətən müharibəsində şücaət göstərərək torpaqlarımızın və ərazi bütövlüyümüzün bərpasında canını-qanını əsirgəmədən öz sağlamlıqlarını itirərək qazi və ya şəhid oldular.
Gənc pedaqoq, Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin Ədəbiyyat müəllimi Həbibə Məmmədli çıxış edərək bildirib ki, müasir və intellektual səviyyəli gəncliyin formalaşmasında təhsilin mühüm rolu vardır. Bu gün Azərbaycanda gənclərin yüksək biliklərə yiyələnməsi, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün qəbul edilmiş Gənclər Dövlət Proqramları dövlətin mənafeyi naminə gənclərin potensialından tam, düzgün istifadə olunmasına və dövlət idarəçiliyində gənclərin iştirakının təmin edilməsinə böyük töhfələr verməkdədir.
Gənc səhiyyə işçisi, Qazax Rayon Mərkəzi Xəstəxanasının Statistika bölməsinin müdiri Cəvahir Əhmədova çıxış edərək bu gün Azərbaycanda həm mənəvi, həm də fiziki cəhətdən sağlam gəncliyin formalaşdığını qeyd edıb. Gənclərin mədəniyyət, təhsil, səhiyyə, idman sahələrində uğurlu nailiyyətlər əldə edərək Avropa miqyasında beynəlxalq qurumlarda təmsil olunduqlarını vurğulayıb.
Gənc mədəniyyət işçisi, Qazax şəhər 1 nömrəli Musiqi Məktəbinin müəllimi Leyla Məmmədova çıxış edərək dövlətin gənclərə dəstək və diqqət göstərməsinin Azərbaycan gəncliyində öz gücünə, istedadına inam hissinin artmasında mühüm rol oynadığını söyləyib. Qeyd edib ki, bu gün ölkəmizdə milli düşüncəyə malik, mədəniyyət və incəsənət sahəsində ölkəmizin adını layiqincə təmsil edən gənclərin olması məhz dövlətin uğurlu gənclər siyasətinin nümunəsidir.
Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbəsi Məleykə Rüstəmova bütün gəncləri təbrik edib, onlara göstərilən dövlət qayğısından söz açıb. Hər zaman dövlətin diqqət, qayğı və dəstəyini üzərlərində hiss etdiyini bildirib. Bu gün gənclərin üzərində böyük məsuliyyətin olduğunu vurğulayan M.Rüstəmova bildirib ki, biz gənclər Vətənə, xalqa, dövlətə sədaqəti daim qəlbimizdə yaşadacaq və müstəqilliyimizin əbədi, ərazi bütövlüyümüzün toxunulmaz olması üçün üzərimizə düşən etimadı layiqincə doğruldacağıq. Ölkə Prezidentinə, Birinci vitse-prezidentə, rayon rəhbərliyinə onlara göstərilən qayğıya görə gənclər adından minnətdarlığını bildirib.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev çıxış edərək Azərbaycanda dövlətinə, xalqına sadiq, güclü, vətənpərvər gənclər ordusunun formalaşdığını, 44 günlük Vətən müharibəsində də bunun bir daha şahidi olduğumuzu diqqətə çatdırıb. Haqq savaşında əldə etdiyimiz tarixi qələbəmizi təmin edənlərin məhz gənclər olduğunu, xalqımızın bugünkü gəncliyə inandığını və onlara böyük ümidlər bəslədiyini qeyd edib.

 

Keçidlər