ADA Universitetinin əməkdaşları Qazaxda region müəllimləri ilə görüşüb
Universitet kimi fəaliyyətə başladığı ilk gündən ölkəmizdə təhsilin inkişafı naminə uğurlu layihələr həyata keçirən ADA Universiteti illər öncə qoyduğu ənənəni bu gün də davam etdirir. ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsi təkcə onun yenidən istifadəsini mümkün etməyəcək, eyni zamanda, bu, Universitetin təhsilə nə qədər böyük önəm verməsinin göstəricisidir. Firudin bəy Köçərlinin misilsiz çətinliklər bahasına qurduğu və ilk direktoru olduğu Seminariya binasının bərpası, əslində, Azərbaycanda maarifçilik irsimizin və Seminariyadan aldığımız milli qürurumuzun bərpası olacaq.
Təhsilimizin, xüsusilə də regionlarda təhsilin inkişafına böyük önəm verən ADA Universiteti bu günlərdə daha bir layihəyə start verib. Belə ki, magistr oxumaq istəyən gənclər, müəllimlər üçün geniş imkanlar yaratmağı gözəl missiya kimi üzərinə götürüb. Bu işlərə ilk olaraq Qazaxdan başlanılıb. Dünən Bakı Dövlət Universitetinin Qazax filialında təhsil alan yuxarı kurs tələbələri ilə görüşən ADA Universitetinin Təhsil fakültəsinin proqram rəhbəri Səidə Nəbiyeva və Tələbə qəbulu şöbəsinin əməkdaşı Mahnur Abbasova fevralın 5-də rayonun ümumtəhsil məktəblərində çalışan müəllimlərlə görüşüblər.
Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə keçirilən görüşdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, məktəb direktorları, gənc müəllimlər iştirak ediblər.
Universitetin Tələbə qəbulu şöbəsinin əməkdaşı Mahnur Abbasova çıxış edərək iştirakçıları salamlayıb, təşkil olunan görüşün məqsəd və əhəmiyyətindən danışıb. Qeyd edib ki, görüşün məqsədi ADA Universitetinin bilavasitə region müəllimləri və məktəb direktorları üçün Azərbaycan dilində “Təhsil üzrə menecment” və “Təlim və Tədrisin Təşkili və Metodikası” üzrə yeni iki magistr proqramı haqqında məlumat verməkdir. M.Abbasova tədbir iştirakçılarına ADA Universitetinin 2022/2023-cü tədris ili üçün təklif etdiyi yeni iki magistr proqramı, qəbul qaydaları və ixtisasın verdiyi digər imkanlar barədə ətraflı məlumat verib. Bu ixtisasların növbəti ildən həm ADA Universitetində, həm də universitetin Qazax mərkəzində əyani və distant formada tədris ediləcəyini bildirib. Tədrisin hibrid formada olması nəzərə alınaraq qeyd olunan ixtisaslara qəbulun təkcə Qazax rayonundan deyil, digər regionlardan da nəzərdə tutulduğunu vurğulayıb.
ADA Universitetinin Təhsil fakültəsinin proqram rəhbəri Səidə Nəbiyeva çıxış edərək iştirakçıları salamlayıb, maarifçiliyin, təhsilin beşiyi sayılan Qazaxda görüşdə olmaqdan məmnunluğunu ifadə edib. ADA Universitetinin magistr ixtisasları, bu ixtisaslara qəbul və digər imkanlar barədə görüş iştirakçılarına geniş məlumat çatdırıb. Magistr oxumaq arzusunda olan müəllimləri ADA Universitetinin onlar üçün yaratdığı imkanlardan yararlanmağa, arzularını gerçəkləşdirməyə çağırıb.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək iştirakçıları və qonaqları rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. ADA Universiteti tərəfindən "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasının təmir olunmasını hər bir qazaxlının sevinc və sonsuz minnətdarlıqla qarşıladığını qeyd edib. İstər Seminariya binasının təmir olunmasına, istərsə də gənclər üçün yaradılan bu gözəl imkana, təşəbbüsə görə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevə və əməyi keçən insanlara qazaxlılar, ziyalılar adından minnətdarlığını bildirib. ADA Universitetinin bu təşəbbüsünü dövlətin Qazax təhsilinə olan növbəti qayğısı kimi qiymətləndirən müavin müəllimlərə onlar üçün yaradılan imkanlardan səmərəli istifadə etməyi tövsiyə edib.
Görüşdə məlumatlar slayt vasitəsilə nümayiş etdirilib. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Görüş haqqında fikirlərini bölüşən Qazax rayon Kamran Kərimov adına Fərəhli kənd ümumi orta məktəbin ingilis dili müəllimi Humay Yusifova bildirib ki:
“Bakalavr təhsilimi aldıqdan sonra magistr təhsili almaq mənim ən böyük arzum olub. Ucqar kənddə işlədiyim üçün bu təhsil mənə qeyri-mümkün görünürdü. Bu gün bu görüşdə bir daha əmin oldum ki, ADA Universitetinin biz müəllimlərə yaratdığı imkan sayəsində istədiyim arzu gerçək ola bilər. Çünki bu görüşdən sonra bizim qarşımızda böyük bir şansın yarandığını gördüm. Ümid edirəm ki, növbəti ildən magistr təhsili almaq arzumu gerçəkləşdirə biləcəyəm”.