Rayonun Aşağı Salahlı , Ürkməzli və Dəmirçilər kəndlərində kənd təsərrüfatının inkişafı ilə bağlı görüş keçirilmişdir
Məlum olduğu kimi, Qazax rayonunda yerli sakinlərlə görüşlər keçirilməsi ənənə halı almışdır və ardıcıl olaraq davam etdirilir. Kənd təsərrüfatının, xüsusilə çuğundur bitkisinin əkini və rayonda bu sahənin inkişaf etdirilməsi və digər məsələlərə həsr olunmuş növbəti görüş rayonun Aşağı Salahlı , Ürkməzli və Dəmirçilər kəndlərinin sakinləri ilə olmuşdur.
Aşağı Salahlı kənd sakinləri Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovu çox böyük hörmət və səmimiyyətlə qarşılamışlar.
Tədbiri Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov açaraq görüş iştirakçılarını salamlamış və qeyd etmişdir ki, qısa vaxt ərzində mən sizinlə dördüncü dəfədir ki görüşürəm və bütün görüşlərimiz işgüzar və faydalı olmuşdur. Sözsüz ki, bu görüşümüz də bu cəhətdən yadda qalan olacaqdır. Mən sizing özünüzdən eşitmək istəyirəm ki, bu gün kənddə əhval ruhiyyə necədir, sizi narahat edən problemlər varmı, kənd təsərrüfatında vəziyyət necədir, yeni əkin sahələrinin yaradılması üçün hansı imkanlar mövcuddur? Mən bilirəm ki, kənddə elə bir ciddi problem yoxdur. Siz kəndin qaz, elektrik enerjisi, içməli su və suvarma suyunun təminatından razısınız, torpaq mülkiyyətçiləri sərbəst şəkildə öz təsərrüfatları ilə məşğuldurlar. 2016-cı il üçün kənd təsərrüfatı sahəsində göstəricilərimiz müsbət olmuşdur. Lakin qarşımızda kənd təsərrüfatı ilə bağlı çox ciddi və yeni-yeni vəzifələr durur. Bildiryiniz kimi, ölkə prezidenti İlham Əliyev cənabları oktyabrın 19-da Qazax rayonunda “Birinci Şıxlı” kəndli Fermer təsərrüfatında olarkən demişdir ki, biz çalışmalıyıq ki, təbii sərvətimizdən, münbit torpaqlardan səmərəli şəkildə istifadə edək və bu günə qədər dövriyyəyə cəlb olunmayan sahələri də əkinə cəlb edək. Dövlət başçısının bu sözləri bizim hər birimizin qarşısında böyük vəzifələr qoymuşdur.İndi biz bu sahələri müəyyənləşdirməliyik, aqrotexniki, suvarma ilə bağlı tədbirlər görməliyik, hamı bu işlərə qoşulmalıdır.
Biz yeni əkin sahələri barəsində düşünməliyik. Kartofçuluğu genişləndirməliyik. Çuğundur bitkisinin əkilib becərilməsi ilə məşğul olmalıyıq. Bunun üçün rayonumuzda bütün imkanlar vardır. Artıq gələn ildən Qazax rayonunda, onun kəndlərində torpaq mülkiyyətçiləri və fermerlər tərəfindən şəkər çuğundurunun əkininə başlanılacaqdır.
Şəkər çuğunduru çox gəlirli və faydalı olmasına görə torpaq mülkiyyətçiləri və fermerlər bu sahəyə daha çox meyl göstərəcəklər. Vacib texniki bitki hesab edilən şəkər çüğundurundan həm şəkər istehsalı üçün, həm də heyvandarlıqda yem kimi istifadə olunur. Bu bitkini alaq otlarından təmiz, münbit və nəmliklə kifayət qədər təmin olunmuş torpaqlarda becərmək məqsədəuyğundur. Şəkər şuğunduru səpiləcək sahə payızda şumlanır, qışda isə dondurma şumu həyata keçirilir. Fevral ayında səpinqabağı becərmə - sahənin malalanması və kultivasiya aparılır. Fevralı sonu martın əvvəlində cərgəarası 50-60 sm olmaqla səpin həyata keçirilir. Əkinə qulluq vegetasiya suvarmasından sərgəaralarının becərilməsindən, yemləmə gübrəsi verilməsindən, alaqlara, xəstəliklərə və zərərvericilərə qarşı mübarizə aparılmasından ibarətdir. Əkin sahəsi vegetasiya dövründə 3-4 dəfə olmaqla cərgələrarasında açılmış şırımlarla suvarılır.
Ölkə prezidenti İlham Əliyev cənabları oktyabr ayının 19-da Qazax rayonunda olarkən demişdir: “Qazax rayonunda şəkər çuğunduru üçün əkin sahələri nəzərdə tutulub. Bu da şox vacib bir sahədir. Çünki biz özümüzü şəkər şuğunduru ilə tam təmin etməliyik ki, İmişlidə fəaliyyətdə olan şəkər zavodu yerli xammal əsasında işləsin”.
Biz əminik ki, rayonumuzun bütün sakinləri, torpaq mükiyyətçiləri və fermerlər möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının yuxarıda göstərilən tapşırıq və tövsiyələrinə öz əməli işləri ilə cavab verəcəklər. Biz hamımız bu işlərə cəlb olunmalıyıq.
Tədbirdə Rayon Kənd Təsərrüfatının rəisi Həmid Pənahov çıxış etmiş, kənd təsərrüfatının inkişafı və yeni əkin sahələrinin yaradılması ilə bağlı öz fikir və təkiflərini bildirmişdir.
Görüş zamanı kənd ağsaqqalları Mirzə Nuriyev, Eyvaz Osmanov, Fatma Vəliyeva, Aşağı Salahlı kənd tam orta məktəbin direktoru Cahangir Anlaqov, Qarabağ Əlili Aydın Mirzəyev və başqaları çıxış edərək öz ürək sözlərini bildirmişlər, onlar üçün yaradılmış şəraitə görə ölkə prezidenti İlham Əliyev cənablarına və Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova minnətdarlıqlarını bildirmişlər.
Sonra görüş rayonun Ürkməzli və Dəmirçilər kəndlərində davam etdirilmişdir. Hər iki kənddə sakinlərlə görüşlər qarşılıqlı hörmət, səmimiyyət şəraitində keçmiş, onlara göstərilən diqqət və qayğıya görə kənd sakinləri tərəfindən xoş əhval-ruhiyyə, razılıq və minnətdarlıq hissi ifadə olunmuşdur.