İcra başçısı şəhər ərazisində aparılan abadlıq işlərinin mövcud vəziyyəti ilə maraqlanıb
Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında son illər qəbul edilən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”ları respublikanın hər bölgəsində uğurla icra edilməkdədir. Proqram çərçivəsində nəinki Paytaxt Bakı, eləcə də bütün bölgələrimiz ildən-ilə inkişaf edir. Dövlət Proqramları çərçivəsində Qazax rayonunda da abadlıq-quruculuq işləri geniş vüsət alıb. Son dövrlər həyata keçirilən genişmiqyaslı abadlıq işləri sözün yaxşı mənasında rayonun simasını tamamilə dəyişib, Qazax gündən-günə abadlaşan bölgələrimizdən birinə çevrilib.
Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması dediklərimizə əyani sübutdur. Belə ki, şəhərin Heydər Əliyev prospektində, Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə çəkilişdən sonra yeni asfalt örtüyü vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65,81,83,175,179 saylı, Azadlıq küçəsində yerləşən 31A,92,107,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4,5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.
Rayonda aparılan abadlıq işləri bu il də uğurla davam etdirilir. Şəhərin Nəriman Nərimanov küçəsində piyadaların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə yeni səkinin salınması, Dədə Qorqud abidə kompleksinin ətrafında yeni dəmir məhəcərlərin qoyulması, Qazax Sukanal Sahəsi üçün inşa edilən inzibati binanın qarşısında aparılan abadlıq işləri söylədiklərimizin əyani sübutudur.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov abadlıq işləri aparılan həmin ərazilərdə, eləcə də quruculuq işləri aparılacaq Ələddin Qədirov küçəsində olub. Görülmüş işlərin mövcud vəziyyəti ilə maraqlanan icra başçısı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Ölkə başçısının rəhbərliyi altında respublikamızda, eləcə də Qazaxda genişmiqyaslı quruculuq işlərinin aparılması sakinlər tərəfindən də razılıq hissi ilə qarşılanır. Bütün bunlara görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq ifadə olunur.
Heydər Əliyev prospekti
Nəriman Nərimanov küçəsi
Ələddin Qədirov küçəsi