Qazaxda Vətən müharibəsi şəhidlərinin təltif olunduqları medallar ailələrinə təqdim olunub
2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsi hələ uzun illər yaddaşlarda qürurla, iftixarla xatırlanacaq. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük savaş hər zaman örnək və nümunə götürüləcək. O müharibə ki, ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun rəşadəti sayəsində 44 gündə Azərbaycanın igid, qəhrəman oğulları tarixi torpaqlarımızı işğaldan azad etməklə əsl qəhrəmanlıq dastanı yazdılar. Bu gün ölkə vətəndaşı olaraq hər birimiz tarixi Qələbənin müəllifi olan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərinə, Vətən uğrunda canından keçən şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə minnətdarıq.
44 günlük haqq savaşında adlarını hərb tariximizə qızıl hərflərlə yazan igid Vətən oğullarının döyüş meydanında göstərdikləri qəhrəmanlıq, igidlik dövlətimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Vətən naminə canını fəda edən oğullarımız ölümlərindən sonra orden və medallara layiq görüldülər.
44 günlük Vətən müharibəsində Qazaxın cəsur, qorxmaz oğulları da Şəhidlik zirvəsinə ucalaraq qanları ilə dastan yazdılar. Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş 51 nəfər hərbi qulluqçudan 49 nəfəri 189 orden və medallarla (onlardan 11-i orden, 178-i medal) təltif olundu. 246 nəfər yaralanmış hərbi qulluqçudan 242 nəfəri 590 orden və medallarla (onlardan 4-ü orden, 586-sı medal), həmçinin, Tovuz döyüşlərində şəhid olmuş 1 hərbi qulluqçu - mayor Əhmədov Namiq Hajan oğlu 1 ordenlə təltif edilib.
Fevralın 17-də Qazaxda daha dörd Vətən müharibəsi şəhidinin - baş leytenant Hüseynov Nəbi Hacıbala oğlunun təltif olunduğu “Xocavəndin azad olunmasına görə”, gizir Məmmədov Səbuhi Hümbət oğlunun təltif olunduğu “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, kiçik gizir Mədətov Röyal Şahin oğlunun təltif olunduğu “Xocavəndin azad olunmasına görə”, əsgər Allahverdiyev Sakit Şahin oğlunun təltif olunduğu “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları şəhidlərimizin ailələrinə təqdim olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsində böyük məsləhətçi Məhəmməd Xəlilli, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qazax Rayon Şöbəsinin rəisi Tural Məmmədov şəhidlərimizin evində olub, ailə üzvləri ilə görüşüb, medalları sahiblərinə çatdırıblar.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidlərimizin hər zaman bizim fəxr, qürur yerimiz olacağını, bugünkü qələbəmizi, qalib ölkənin vətəndaşı olmaq sevincini şəhidlərimizə və sağlamlığını itirən qazilərimizə borclu olduğumuzu söyləyib. Xalqımızın 30 illik yurd həsrətinə 44 gündə son qoyan Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə ömür boyu minnətdar olduğumuzu qeyd edib. Dövlətimiz, ölkə başçısı tərəfindən Vətən uğrunda sağlamlıqlarını itirən qazilərimizin, yaralılarımızın, canını Vətənə fəda edən şəhidlərimizin ailələrinin daim diqqət mərkəzində saxlanılacağını söyləyib. Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizin, qazilərimizin ailələrinə göstərdikləri qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini qeyd edib.
Övladlarının təltif olunduqları medalları qəbul edən şəhid ataları, anaları onlarla fəxr etdiklərini bildiriblər. Qəhrəman övladlarının təltif olunduqları orden və medalları qəbul etməyin çətin olduğu qədər də şərəfli, qürurverici olduğunu söyləyiblər. 30 illik həsrətdən sonra Azərbaycan xalqına şanlı Qələbəni yaşadan qəhrəman oğullarımızın qəlblərdə əbədi yaşayacağını, dövlətimizin şəhidlərimizin adlarının yaşadılması üçün təqdirəlayiq işlər gördüyünü bildiriblər. Şəhid ailələri kimi onlara göstərilən qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıq ediblər.
Ölümündən sonra "Qarabağ” ordeni, "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd sakini, baş leytenant Hüseynov Nəbi Hacıbala oğlunun ailəsi
Ölümündən sonra "Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə”, "Hərbi xidmətlərə görə”, "Xocavəndin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Bala Çaylı kənd sakini, şəhid gizir Məmmədov Səbuhi Hümbət oğlu
Ölümündən sonra "Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "İgidliyə görə” medalları ilə təltif olunmuş, Hüseynbəyli kənd sakini, şəhid kiçik gizir Mədətov Röyal Şahin oğlunun ailəsi
Ölümündən sonra "Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda”, "Hərbi xidmətlərə görə”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Çaylı kənd sakini, şəhid əsgər Allahverdiyev Sakit Şahin oğlunun ailəsi