Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda daha altı Vətən müharibəsi şəhidinin təltif olunduqları medallar ailəsinə təqdim edilib

21 fevral 2022 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz özünün rəşadəti sayəsində 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən İkinci Qarabağ müharibəsini  tarixi Qələbə ilə başa vurdu. 44 günlük savaş Vətən müharibəsi kimi Azərbaycanın hərb tarixinə və xalqımızın yaddaşına qızıl hərflərlə yazılaraq əbədi həkk olundu. O Vətən müharibəsi ki, Azərbaycanın igid, qəhrəman, cəsur oğulları tarixi torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. Bu gün hər bir azərbaycanlı tarixi Qələbənin müəllifi olan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərinə, Vətən uğrunda canından keçən şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə minnətdardır.
44 günlük haqq savaşında adlarını hərb tariximizə qızıl hərflərlə yazan igid Vətən oğullarının döyüş meydanında göstərdikləri qəhrəmanlıq, igidlik dövlətimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Vətən naminə canını fəda edən oğullarımız ölümlərindən sonra orden və medallara layiq görüldülər.
44 günlük Vətən müharibəsində Qazaxın cəsur, qorxmaz oğulları da Şəhidlik zirvəsinə ucalaraq qanları ilə dastan yazdılar. Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş 51 nəfər hərbi qulluqçudan 49 nəfəri 189 orden və medallarla (onlardan 11-i orden, 178-i medal) təltif olundu. 246 nəfər yaralanmış hərbi qulluqçudan 242 nəfəri 590 orden və medallarla (onlardan 4-ü orden, 586-sı medal), həmçinin, Tovuz döyüşlərində şəhid olmuş 1 hərbi qulluqçu - mayor Əhmədov Namiq Hajan oğlu 1 ordenlə təltif edilib.
Fevralın 21-də Qazaxda daha altı Vətən müharibəsi şəhidinin - leytenant Yaqubov Mayis Rəhim oğlunun təltif olunduğu “Xocavəndin azad olunmasına görə”, gizir Nağıyev Anar Sahib oğlunun təltif  olunduğu “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, əsgər Qocayev Niftalı Zakir oğlunun təltif olunduğu “Cəbrayılın azad olunmasına görə”, leytenant Nəsibov Nicat Qəşəm oğlunun təltif olunduğu “Cəbrayılın azad olunmasına görə”, əsgər Qurbanov Elçin Məcid oğlunun təltif olunduğu “Cəbrayılın azad olunmasına görə”, tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun təltif olunduğu “Xocavəndin azad olunmasına görə” medalları şəhidlərimizin ailələrinə təqdim olunub.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, qazi kapitan Samir Çobanov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qazax Rayon Şöbəsinin Həqiqi Hərbi Xidmətə Çağırış Bölməsinin rəisi, mayor Eltun Musayev şəhidlərimizin evində olub, ailə üzvləri ilə görüşüb, medalları sahiblərinə çatdırıblar.
Xalqımızın 30 illik yurd həsrətinə 44 gündə son qoyan, apardığımız haqq savaşında əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd ediblər. Torpaq uğrunda canından keçən şəhidlərimizlə, eləcə də igid, vətənpərvər oğullar böyüdən ata və analarımızla hər birimizin fəxr etdiyini, illər ötsə, nəsillər dəyişsə belə şəhidlərimizin qəhrəmanlığının heç vaxt unudulmayacağını bildiriblər. Dövlətimiz, ölkə başçısı tərəfindən Vətən uğrunda sağlamlıqlarını itirən qazilərimizin, yaralılarımızın, canını Vətənə fəda edən şəhidlərimizin ailələrinin daim diqqət mərkəzində saxlanılacağını söyləyiblər. Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizin, qazilərimizin ailələrinə göstərdikləri qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini vurğulayıblar.
Övladlarının təltif olunduqları medalları qəbul edən şəhid ataları, anaları onlarla fəxr etdiklərini, qəhrəman oğullarının təltif olunduqları orden və medalları qəbul etməyin çətin olduğu qədər də qürurverici olduğunu söyləyiblər. 30 illik həsrətdən sonra Azərbaycan xalqına şanlı Qələbəni yaşadan qəhrəman oğullarımızın qəlblərdə əbədi yaşayacağını, dövlətimizin şəhidlərimizin adlarının yaşadılması üçün təqdirəlayiq işlər gördüyünü bildiriblər. Şəhid ailələri kimi onlara göstərilən qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıq ediblər.

Ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Daş Salahlı kənd sakini, şəhid leytenant Yaqubov Mayis Rəhim oğlunun ailəsi

 

Ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Ürkməzli kənd sakini, şəhid gizir Nağıyev Anar Sahib oğlunun ailəsi

Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Çaylı kənd sakini, şəhid əsgər Qocayev Niftalı Zakir oğlunun ailəsi

 

Ölümündən sonra "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Cəfərli kənd sakini, şəhid leytenant Nəsibov Nicat Qəşəm oğlunun ailəsi

Ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini, şəhid əsgər Qurbanov Elçin Məcid oğlunun ailəsi

Ölümündən sonra cənab "Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”  medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun ailəsi

 

 

Keçidlər