Qazaxda Xocalı soyqırımının 30-cu və Bağanıs Ayrım qətliamının 32-ci ildönümünə həsr olunmuş “Qisas qiyamətə qalmadı!” mövzusunda tədbir keçirilib
Fevralın 24-də Qazax Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu və Bağanıs Ayrım qətliamının 32-ci ildönümünə həsr olunmuş "Qisas qiyamətə qalmadı!” mövzusunda tədbir keçirilib.
YAP Qazax Rayon Təşkilatının akt zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Təşkilatın işçiləri, Ərazi ilk partiya təşkilatlarının sədrləri, partiya fəalları, ziyalılar, idarə, müəssisə və təşkilat rəhbərləri, Bağanıs Ayrım kənd ağsaqqalları, şəhid ailələri, Vətən müharibəsi qaziləri, Uşaq Gənclər-İnkişaf Mərkəzinin dərnək üzvləri iştirak ediblər.
Tədbirin aparıcısı, YAP Qazax Rayon Təşkilatı aparatında məsləhətçi Polad Ağakişiyev tədbiri açıq elan edərək iştirakçıları salamlayıb, görüşün məqsəd və əhəmiyyətindən danışıb.
Sonra cənab Prezident İlham Əliyevin Xocalı soyqırımının 30-cu ildönümü haqqında imzaladığı 28 yanvar 2022-ci il tarixli Sərəncam oxunub.
Xocalı soyqırımına həsr olunmuş filmin nümayişindən sonra Yeni Azərbaycan Partiyasının yaradıcısı və qurucusu, müstəqil Azərbaycanımızın memarı olan Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin, Xocalı soyqırımı və Bağanıs Ayrım faciəsi qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Xocalı soyqırımı və Qazax rayonunun Bağanıs Ayrım kəndində törədilən qətliam haqqında fikirlərini bölüşüb.