Xocalı soyqırımı qurbanlarının xatirəsi Qazax rayonunda dərin hüznlə anılıb
Bəşər tarixinin ən qanlı cinayətlərindən olan Xocalı faciəsindən 30 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalını işğal etdilər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törətdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Bu müdhiş soyqırımı zamanı 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi naməlumdur.
İlk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilən Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülmüş işlər bu gün də davam etdirilir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər ildən-ilə daha da genişlənir. Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət” kampaniyası əvəzolunmaz əhəmiyyətə və rola malikdir. Leyla xanım Əliyevanın dediyi kimi: “Xocalıya ədalət” kampaniyası bütün dünyada insanları müharibəyə, ədalətsizliyə qarşı çıxmağa səsləyir. Birgə belə təşəbbüslər irəli sürməklə dünyamızı daha ədalətli və sülh şəraitində yaşada bilərik”. Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilən “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 100 minlərlə şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir ki, bunlarla biz 30 il əvvəl Xocalıda törədilənləri bütün dünyaya çatdırırıq. Bu sahədə görülmüş işlərin nəticəsidir ki, bu gün Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Bu vaxtadək, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. Xocalı soyqırımı bu günə qədər ABŞ-ın 30-dan çox ştatının parlamentləri və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.
Respublika Prezidenti cənab İlham Əliyevin göstərişi ilə hər il Xocalı soyqırımı genişmiqyaslı tədbirlərlə qeyd edilir. 2017-ci ildə Xocalı soyqırımının 25-ci ildönümü də Bakıda növbəti ümumxalq yürüşü ilə yad edilib. Yürüşdə "Dünya Xocalı soyqırımını tanımalıdır!”, "Xocalıya ədalət!”, "Xocalını unutmayın!”, "Rədd olsun erməni faşizmi!”, "Xocalı - XX əsrin soyqırımı”, "Cinayətkarlar cəzasız qalmayacaqlar!” və s. çağırışlar və şüarlar nümayiş etdirilib.
Xalqımız hər il olduğu kimi, bu il də Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir. Qeyd edək ki, Xocalı soyqırımının anım günü Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrilib. Artıq ikinci ildir ki, xalqımız Bakıdakı Xocalı soyqırımı abidəsini alnıaçıq, başıuca ziyarət edir, çünki düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Prezident İlham Əliyevin dediyi kimi: “Biz onların cavabını döyüş meydanında verdik, bütün şəhidlərimizin qisasını aldıq, onların qanları yerdə qalmadı”.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi 2020-ci ili Azərbaycan tarixinə Zəfər ili kimi yazdı. Güclü siyasi iradə, möhkəm iqtisadi potensial, qüdrətli ordu, xalq-lider vəhdəti, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq tarixi Qələbəni təmin etdi. Otuz illik həsrət bitdi, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Hazırda Azərbaycanın üçrəngli Dövlət bayrağı işğaldan azad edilən torpaqlarımızda – Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Ağdamda, Laçında, Kəlbəcərdə, Şuşada dalğalanır.
Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaq. Bir daha 30 il əvvələ qayıdır, o amansız soyqırımını, onun günahsız qurbanlarının xatirəsini yenidən yad edirik.
XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı qurbanlarının xatirəsi respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da dərin hüznlə anılıb.
Rayon ərazisində Xocalı soyqırımının 30-cu ildönümünün keçirilməsi ilə bağlı Qazax Rayon İcra Hakimiyyəti başçısının imzaladığı müvafiq tarixli 33 nömrəli Sərəncamına əsasən hazırlanmış Tədbirlər Planına uyğun olaraq rayonun bütün idarə, müəssisə və təşkilatlarında, ali və orta ümumtəhsil məktəblərində, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, silsilə anım tədbirləri təşkil olunub.
Fevralın 26-da rayonun bütün yaşayış məntəqələrində Azərbaycanın Dövlət Bayraqları endirilib, şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərimizin xatirəsinə ucaldılmış memorial abidə kompleksinin önünə tər qərənfillər düzülüb. Soyqırımı qurbanlarının, eləcə də Vətən uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dua oxunub, əziz xatirələri ehtiramla anılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Bağanıs Ayrım kənd sakinləri, məcburi köçkün kəndlərinin İnzibati Ərazi Dairələri üzrə nümayəndələri ilə birlikdə Şəhidlər xiyabanına gələrək memorial önünə tər qərənfillər düzüb, faciə qurbanlarına və şəhidlərimizə olan ehtiramlarını bildiriblər.
Gün ərzində rayon sakinləri, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri də Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar Şəhidlər xiyabanına gələrək memorial önünə tər qərənfillər düzüblər. Qazax şəhərində və rayonun kəndlərində olan məscidlərdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə dualar oxunub.
Bakı vaxtilə saat 17:00-da respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Küçələrdə hərəkət dayandırılıb, səs siqnalları verilib.