Şriftin ölçüsü :

Saytın rəngi :

Quşçu Ayrım kəndində səyyar görüş keçirilib

03 mart 2022 | 16:00

Ölkəmizdə vətəndaş amili hər zaman ön planda dayanır. Bunu ölkə Prezidenti cənab İlham Əliyev çıxışları zamanı dəfələrlə səsləndirir. Ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında söylədiyi fikirlər, onlara daim xalqın içində olmaları haqda verdiyi tapşırıq və tövsiyələr də bunu bir daha sübut edir. Ölkə rəhbərinin icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıqlar onu göstərir ki, dövlət hər zaman öz vətəndaşını düşünür. Ölkə Prezidentinin tapşırıq və tövsiyəsinə əsasən respublikamızın şəhər və rayonlarında sakinlərlə keçirilən səyyar qəbullar da məhz bu məqsədə xidmət edir.
Məlum koronavirus (COVID-19) infeksiyasının yayılması səbəbindən artıq 2 ildən çoxdur ki, şəhər və kəndlərdə keçirilən səyyar görüşlər dayandırılmışdı. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejiminin tələb və tövsiyələri nəzərə alınmaqla 2022-ci ilin mart ayından etibarən səyyar görüşlər yenidən bərpa olunub.
Respublika Prezidenti İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da daim diqqətdə saxlanılır. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə mart ayından başlayaraq Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə keçirilən səyyar qəbullarına start verilib.
Uzun fasilədən sonra keçirilən ilk səyyar görüş sərhəddə yerləşən Quşçu Ayrım kəndində olub. Martın 3-də rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, kənd sakinlərinin iştirakı ilə keçirilən səyyar görüşdə ölkə başçısı tərəfindən vətəndaşlara göstərilən diqqət və qayğıdan, əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımlardan danışılıb. 2021-ci ildə respublikamızda qazanılan uğur və nailiyyətlərin Qazaxda öz real əksini tapması qeyd olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayaraq bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları dinləməyə, onlar tərəfindən qaldırılan məsələləri, səslənən fikirləri öyrənərək operativ şəkildə yerindəcə həlli istiqamətində əməli işlər görməyə yönəldiyini bildirib. Ən əsası da ehtiyac olduğu halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdan ibarət olduğunu vurğulayıb.
“Özümə borc bildim ki, uzun fasilədən sonra ilk səyyar görüşü sərhəddə yerləşən Quşçu Ayrım kəndində keçirim”, - deyən icra başçısı bu kənddə yaşayan sakinlərə olan qayğının bundan sonra da daim diqqət mərkəzində olacağını qeyd edib.
Son illər rayonda, eləcə də kəndlərdə aparılan genişmiqyaslı abadlıq işlərindən söz açan rayon rəhbəri Quşçu Ayrım kəndinin də həmin kəndlər sırasında olduğunu söyləyib.
İcra başçısı bildirib ki, son illər Qazaxda daim diqqət ayrılan sahələrdən biri uşaqlara göstərilən qayğıdır. Həmin qayğının bariz nümunəsi bu gün rayonda mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 19-u kənd üzrə) 21-nin müasir tələblərə cavab verən səviyyədə olmasıdır. Həmin təmirli bağçalardan biri də məhz Quşçu Ayrım kəndində yerləşən uşaq bağçasıdır. Əvvəlki səyyar görüşlərin birində bağçanın təmiri ilə bağlı məsələ qaldırılmışdı ki, bu gün öz müsbət həllini tapıb, təmirli bağça kimi uşaqların ixtiyarındadır.
2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən haqq savaşında qazandığımız tarixi Qələbədən söz açan icra başçısı bu qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu vurğulayıb. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. Qazaxda bütün şəhidlərimizin, eləcə də Vətən müharibəsi şəhidlərinin daim yad olunacağını, şəhid ailələrinə olan qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən danışan rayon rəhbəri şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirələrini əbədiləşdirən Abidə Kompleksinin inşa olunduğunu söyləyib.
Rayon rəhbəri bu il kənddə görülməsi nəzərdə tutulan işlərdən - kəndə internet xəttinin çəkilməsi, kəndə gələn yolda cari təmir işlərinin aparılmasından da söz açıb.
Daha sonra icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Kənd sakinlərindən şəhid atası Abbas Mirzəyev, Lətif Dünyamalıyev, İradə İsgəndərova, Mariya Süleymanova, Firəngiz Cəfərova, Zülfiyyə Süleymanova, Musa İsmayılov, Yusif Nəbiyev, Nəsib İsmayılov, Könül Hüseynova çıxış edərək respublikamızda, Qazax rayonunda, eləcə də rayonun kəndlərində görülən genişmiqyaslı işlərə görə ölkə başçısına və rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Rayonda, o cümlədən  Quşçu Ayrım kəndində görülən işlərdən danışan sakinlər abadlıq və quruculuğu, sosial problemlərin müsbət həllini tapmasını yüksək qiymətləndiriblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə bütün kənd sakinləri adından bir daha öz dərin minnətdarlıqlarını bildiriblər. Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşların elektrik sayğacında yaranmış borcun silinməsi, kəndə gedən yolun cari təmir olunması, kənddəki su nasosunun təmir edilməsi, işlə təmin olunma ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağını, diqqətlə baxılacağını bildirib.

Keçidlər