Qazax Rayon Ağsaqqallar Şurasına yeni sədr seçilib
Martın 11-də Qazax Rayon Ağsaqqallar Şurasının iclası keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov və mətbuat katibi Rafiq Rzayev, Rayon Ağsaqqallar Şurasının üzvləri, bir qrup rayon ağsaqqalı və ziyalıları iştirak ediblər.
Tədbirdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən oğullarının və Qazax Rayon Ağsaqqallar Şurasının sədri olmuş, mərhum Sabir Məhərrəmovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qonaqları və tədbir iştirakçılarını salamladıqdan sonra iclas öz işinə başlayıb.
İclasın aparılması üçün Bakı Dövlət Universitetinin Qazax filialının tədris və elmi işlər üzrə direktor müavini, dosent Məmməd Yusifov sədr və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov katib seçildikdən sonra gündəlikdə duran məsələlər müzakirəyə çıxarılıb.
İclasın sədri Məmməd Yusifov gündəlikdə duran məsələlərin Qazax Rayon Ağsaqqallar Şurasına sədrin, həmçinin İdarə Heyəti və Təftiş Komissiyası üzvlərinin seçilməsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Qazax Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib.
Uzun illər Qazax Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi olmuş Mansurov Ramiz Dursun oğlu Qazax Rayon Ağsaqqallar Şurasının sədri seçilib.
Şuranın sədri Mansurov Ramiz Dursun oğlu, Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi Tağıyev Ramiz Cahangir oğlu, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Alıyev Barat Alı oğlu (Barat Vüsal), Aprel şəhidi kapitan Mühüd Orucovun atası Orucov Qurban Mühüd oğlu, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri Əkbərov Yasin Mehdi oğlu Qazax Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri seçiliblər.
Qazax Rayon Ağsaqqallar Şurasının Təftiş Komissiyasının üzvləri isə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri Qurbanov İsgəndər Kərəm oğlu, Çaylı kənd ağsaqqalı Qocayev Qəzənfər Bəhmən oğlu və Cəfərli kənd ağsaqqalı Vəliyev Seyfəddin Ədil oğlu seçiliblər.
Qərar layihəsi oxunduqdan və böyük səs çoxluğu ilə qəbul edildikdən sonra çıxışlar olub.
İcra başçısı Rəcəb Babaşov Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Yeni sədr haqqında səmimi ürək sözlərini çatdıran icra başçısı onun xəstəxanaya rəhbərliyi dövründə nümunəvi fəaliyyəti ilə hər zaman seçildiyini, ağsaqqal kimi rayonun ictimai həyatında yaxından iştirak etdiyini söyləyib. Şuranın sədri olaraq da ona olan etimadı, üzərinə düşən məsuliyyəti əməli işləri ilə doğruldacağına əminliyini qeyd edib.
Xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında ağsaqqal tövsiyəsinin və məsləhətinin əhəmiyyətini vurğulayan icra başçısı bildirib ki, xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal, ağbirçək sözü, xeyir-duası həmişə ən ali həyat məramı olub. İcra başçısı rəhbər təyin olunduğu ilk gündən mütəmadi olaraq ağsaqqallarla görüşdüyünü, hər zaman onların xeyir-duasını aldığını, ağsaqqal məsləhətinə, tövsiyəsinə həmişə böyük önəm verdiyini diqqətə çatdırıb. Kəndlərdə tərkib hissəsi ağsaqqallardan ibarət yaradılan işçi qruplarının fəaliyyətində də hər zaman ağsaqqalların fikirlərinə, sözlərinə böyük önəm verildiyini söyləyib.
Ulu Öndər Heydər Əliyevin ağsaqqallarımıza verdiyi dəyərdən söz açan rayon rəhbəri Onun ağsaqqallarımız haqqında söylədiyi “Ağsaqqallarımız milli-mənəvi dəyərlərimizin qızıl fondudur” kimi dəyərli fikrinin hər birimiz üçün örnək olduğunu söyləyib. Ölkəmizdə ağsaqqallara olan qayğının bu gün Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən davam etdirildiyini bildirib. Ölkə başçısının cəmiyyətimizdə ağsaqqalların roluna çox böyük önəm verdiyini, Azərbaycan ağsaqqallarının tariximizin bütün dövrlərində öz sözlərini dediklərini qeyd edib. Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyevin rəhbərliyi altında Ağsaqqallar Şurasının bu gün ölkəmizin inkişafına, Prezidentimizin yürütdüyü siyasətə öz dəstəyini göstərdiyini vurğulayıb.
Rayon rəhbəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsində Azərbaycan ağsaqqallarının yenə də öz sözlərini dediklərini, xalqımızın həmrəy olmasında ağsaqqalların vacib rolunun bir daha şahidi olduğumuzu bildirib. Ölkəmizin inkişafının yeni bir mərhələsinə qədəm qoyduğunu, işğaldan azad edilmiş torpaqlarımızda quruculuq, abadlıq işlərinin görüldüyünü, Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin ərazilərimizin gülüstana çevriləcəyini qeyd edən icra başçısı ölkəmizin inkişafının yeni mərhələsində də ağsaqqallarımızın böyük rolunun olacağına əminliyini vurğulayıb.
Qazax ağsaqqallarının da həm 44 günlük Vətən müharibəsində, həm də pandemiya dövründə rayon əhalisinə mənəvi dəstək olduqlarını diqqətə çatdıran icra başçısı bundan sonra da ölkə rəhbərinin uğurlu siyasətini dəstəkləyəcəklərini söyləyib. Bu baxımdan yeni tərkibdə formalaşan Qazax Rayon Ağsaqqallar Şurasının öz töhfəsini verəcəyini qeyd edib.
Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov çıxış edərək tədbir iştirakçılarını Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin adından və öz adından salamlayıb, göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb. O, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb.
Sədr müavini Bayram Yusifov ağsaqqallara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib. Ölkə başçısının Ulu Öndər Heydər Əliyevin ağsaqqallarımız haqqında söylədiyi “Ağsaqqallarımız milli-mənəvi dəyərlərimizin qızıl fondudur” kimi dəyərli fikrini əsas götürərək bu gün də onlara olan qayğını davam etdirməsinin hər birimizə nümunə olduğunu vurğulayıb. Ağsaqqallar Şurasının üzərinə böyük məsuliyyət düşdüyünü deyən sədr müavini bildirib ki, şuranın birinci vəzifəsi regionlarda qurumun bölmələrinin tərkibini yenidən formalaşdırmaqdır. Ən əsası da Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləməklə, bu siyasəti regionlarda vətəndaşlarımıza çatdırmaq bizim vəzifələrimiz sırasındadır. Bayram Yusifov qeyd edib ki, 2020-ci ilin bizim üçün dəyəri o oldu ki, 30 il ərzində həll edilməyən Qarabağ problemi dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həllini tapdı. Torpaqlarımız 44 gün ərzində işğaldan azad edildi. Bu nailiyyətimiz Prezident İlham Əliyevin daxili və xarici siyasətinin məntiqi nəticəsi olmaqla yanaşı, düşmənə və dünya dövlətlərinə Azərbaycan adlı güclü dövləti bir daha tanıtdı. “İnanırıq ki, işğaldan azad olunmuş bütün torpaqlarda quruculuq-abadlıq işləri böyük sürətlə həyata keçiriləcək və Ağsaqqallar Şurası olaraq bu prosesdə biz də yaxından iştirak edəcəyik”, - deyən sədr müavini bu yolda hər kəsə uğurlar arzulayıb.
Qazax Rayon Ağsaqqallar Şurasının sədri Ramiz Mansurov göstərilən etimada görə minnətdarlığını ifadə edərək, şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini bildirib. Rayonun ictimai-siyasi həyatında şuranın üzvləri olaraq bundan sonra da fəal olacaqlarını, həyata keçirilən işlərə ağsaqqal mövqelərini bildirəcəklərini söyləyib.
İclasda çıxış edənlər Rayon Ağsaqqallar Şurasının sədrini, İdarə Heyətinin və Təftiş Komissiyasının yeni seçilən üzvlərini təbrik edib, gələcək işlərində uğurlar arzulayıblar. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında paytaxt Bakı ilə yanaşı, bölgələrimizdə aparılan abadlıq-quruculuq işlərini, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı işləri yüksək qiymətləndirdiklərini dilə gətiriblər. Son illər ölkə başçısının qayğısı sayəsində rayon rəhbərliyi tərəfindən rayonda aparılan tikinti-quruculuq işlərinin geniş vüsət aldığını qeyd edən çıxışçılar buna görə razılıqlarını bildiriblər. Rayonda olan inkişafı, tərəqqini Qazaxın timsalında bölgələrimizə olan dövlət qayğısının bariz nümunəsi kimi qeyd ediblər.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbəni böyük minnətdarlıqla qeyd edən çıxışçılar bu zəfərə görə Müzəffər Ali Baş Komandana və şanlı Azərbaycan Ordusuna borclu olduğumuzu bildiriblər. Qazandığımız Qələbənin, hərb tariximizə yazılan şanlı Zəfərin gələcək nəsillərə çatdırılmasında, yetişməkdə olan gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında ağsaqqallarımızın böyük rolu olduğunu vurğulayıblar. 44 günlük Vətən müharibəsində də bunun bir daha şahidi olduğumuzu qeyd ediblər. Ağsaqqallarımızın gənclərimizə aşıladığı Vətən sevgisinin, məhəbbətinin, yurda bağlılıq hissinin Vətən müharibəsi zamanı öz əksini tapdığını, gəncləri həmin istəyin bir yumruq kimi birləşdirdiyini dilə gətiriblər. Bu baxımdan ağsaqqal nəsihətinə, tövsiyəsinə hər zaman ehtiyac olduğunu və bunun üçün bundan sonra da böyük səylə dəstək olacaqlarını qeyd ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sonda bir daha yeni seçilmiş Şuranın üzvlərini təbrik edərək müstəqil dövlətimizin bundan sonra da çiçəklənməsi, inkişafı naminə həyata keçirəcəkləri gələcək işlərində uğurlar arzulayıb.
Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov iclasdan sonra icra aparatının məsul şəxsləri ilə birlikdə Qazax Rayon Ağsaqqallar Şurasının sədri olmuş, mərhum Sabir Məhərrəmovun ailəsinə baş çəkib, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin adından və öz adından başsağlığı verib. Mərhum Sabir müəllim haqqında səmimi ürək sözlərini çatdıran sədr müavini Onun kimi ağsaqqalların daim qəlbimizdə yaşayacağını, hörmət və ehtiramla anılacağını vurğulayıb.
Mərhumun həyat yoldaşı Dilarə Nağıyeva bugünkü ziyarətə və Sabir müəllimə olan ehtirama, ailəsinə göstərilən qayğıya görə ölkə başçısına, Azərbaycan Ağsaqqallar Şurasının rəhbərliyinə, eləcə də rayon rəhbərliyinə ailəsi adından minnətdarlığını bildirib.