Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Novruz bayramı ərəfəsində Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib

16 mart 2022 | 16:00

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz 2020-ci ilin 27 sentyabrında erməni faşizmini məhv etmək üçün haqq savaşına, Vətən müharibəsinə başladı. Cəmi 44 günə əldə etdiyimiz tarixi Qələbə, şanlı Zəfər isə Azərbaycan xalqının yaddaşına və hərb tariximizə qızıl hərflərlə yazıldı. 2020-ci il tarixi Qələbənin, Zəfərin yazıldığı bir il kimi yaddaşlara əbədi həkk olundu. Azərbaycan xalqı olaraq qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə bir ömür boyu minnətdarıq. Eyni zamanda minnətdar olmaqla yanaşı, Vətən uğrunda canlarından keçən şəhidlərimizin adlarını yaşatmaq, gələcək nəsillərə ötürmək, şəhidlərimizin ailələrinə sahib çıxmaq, onları daim yad etmək bizlərin üzərinə düşən ən ümdə işdir.
30 illik həsrətdən sonra düşmən tapdağında olan torpaqlarımızın işğaldan azad edilməsində respublikamızın bütün bölgələrindən olduğu kimi, Qazaxın da igid, mərd oğulları döyüşdə əsl qəhrəmanlıq göstərərək Şəhidlik zirvəsini fəth etdilər.
Bu gün Qazaxda bütün şəhidlərimizin, o cümlədən də 44 günlük Vətən müharibəsində adlarını hərb tariximizə qızıl hərflərlə yazdıran igid oğullarımızın xatirəsi əziz tutulur. Vətən uğrunda canından keçən oğullarımız, onların ailələri daim yad olunur.
Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizə, qazilərimizə, onların ailə üzvlərinə yüksək diqqət və qayğı göstərən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin qayğını bu gün də əsirgəmir. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqəti iş fəaliyyətinin əsas hissəsi hesab edir. Əlamətdar günlərdə şəhidlərimizi və ailələrini yad edən rayon rəhbəri ənənəsinə sadiq qalaraq Novruz bayramı ərəfəsində 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan oğullarımızı da yad edib, onların əziz xatirələrini ehtiramla anıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə bu dəfə Vətən müharibəsində iştirak edən Qazax rayonunun Dəmirçilər, Cəfərli, Aşağı Əskipara və Ağköynək kəndlərindən olan şəhidlərimizin məzarlarını ziyarət edib. Şəhidlərimizin ailə üzvləri ilə birlikdə qəhrəman oğullarımızın məzarlarını ziyarət edən icra başçısı Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhlarına dua oxunub.
Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbədən söz açan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin müharibədə şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin bu gün hər kəsin fəxr, qürur yeri olduğunu bildirib. Müstəqil Azərbaycan dövləti, xalqımız var olduqca şəhidlərimizin də qəlblərdə əbədi yaşayacağını qeyd edib. Şəhidlərimizin adlarını yaşatmağın, gələcək nəsillərə örnək və nümunə göstərməyin hər birimizin üzərinə düşən ən əsas iş olduğunu vurğulayıb.
"Bu gün özümə borc bildim ki, bayram ərəfəsində şəhidlərimizi ziyarət edim. Ruhları qarşısında mənəvi borcumuzu az da olsa qaytaraq”, - deyən icra başçısı tək dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq şəhidlərimizi yad etdiyini bildirib. Rayon rəhbəri şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.
Hər zaman onlara göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirən şəhid ailələri övladlarının doğum günlərində, əlamətdar günlərdə, bayramlarda unudulmamasını, yad olunmasını həmin qayğının bariz nümunəsi kimi qeyd ediblər. Övladlarının adlarının yaşadılması istiqamətində görülmüş bütün işləri dövlətin, ölkə başçısının və rayon rəhbərliyinin şəhidlərimizə, onların ailələrinə göstərilən qayğının əyani sübutu olaraq dəyərləndiriblər.

Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Dəmirçilər kənd sakini, şəhid kiçik gizir Namazov Elcan Hidayət oğlunun məzarı

Ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Dəmirçilər kənd sakini, şəhid gizir Məmmədov Turan Nadir oğlunun məzarı

Ölümündən sonra "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "İgidliyə görə”, "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Cəfərli kənd sakini, şəhid leytenant Nəsibov Nicat Qəşəm oğlunun məzarı

Ölümündən sonra 3-cü dərəcəli "Rəşadət” ordeni, Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Aşağı Əskipara kənd sakini, şəhid kapitan İsmayılov İmamverdi Yoloğlu oğlunun məzarı

Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Aşağı Əskipara kənd sakini, şəhid (MAHHXHQ) əsgər Qasımov Oruc Afiq oğlunun məzarı

Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Ağköynək kənd sakini, şəhid çavuş Nəsibov Elməddin Yusif oğlunun məzarı

Ağköynək kəndinin şəhid övladı kiçik çavuş Qaragözov Alıxan Əkbər oğlunun məzarı

 

Keçidlər