Xalq yazıçısı Mehdi Hüseynin doğum günü məzarı başında qeyd olunub
Müasir Azərbaycan ədəbiyyatının formalaşmasında, ideya saflığı və bədii kamillik uğrunda mübarizələrində, bugünkü yüksək zirvələrə çatmasında görkəmli Xalq yazıçısı, nəzəriyyəçi və tənqidçi Mehdi Hüseynin böyük rolu olmuşdur.
Yurdumuza baharın qədəm qoyduğu bir vaxtda dünyaya gələn Mehdi Hüseynin anadan olmasının 113 illiyi Fəxri xiyabanda məzarı başında qeyd olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, "Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, Əməkdar müəllim, professor İlham Pirməmmədov, Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov, Xalq yazıçısı İsmayıl Şıxlının oğlu Azərbaycan Jurnalistlər Birliyinin sədri, "Ayna", "Zerkalo" qəzetlərinin, ayna.az saytı və Ayna TV-nin təsisçisi və baş redaktoru Elçin Şıxlı, cəmiyyətin üzvləri, Mehdi Hüseyn sevərlər görkəmli ədibin məzarını ziyarət ediblər.
Tədbir iştirakçıları ədibin məzarı üstünə tər qərənfillər düzərək əziz xatirəsini dərin hörmətlə anıblar.
Çıxış edənlər Mehdi Hüseynin həyat və fəaliyyətindən söz açıblar. Qeyd olunub ki, qüdrətli söz ustası Mehdi Hüseyn sözün əsl mənasında ədəbiyyat fədaisi idi. Bu, şöhrətli sənətkarın, alovlu publisistin, görkəmli dövlət xadiminin keçdiyi şərəfli həyat yolu, yaradıcılıq yolu ictimai varlığın bədii ifadəsi olan ədəbiyyatımızın böyük bir qolu və ayrılmaz hissəsidir. Bu gün də Mehdi Hüseyn ədəbiyyat tariximizdə mübariz bir tənqidçi kimi yaşayır. Azərbaycan ədəbiyyatının inkişafında, yeni mövzularla zənginləşməsində, ədəbiyyatşünaslığın araşdırılmasında, ədəbi tənqidin yeni zirvələr fəth etməsində xüsusi yeri olan Xalq yazıçısı, dramaturq, ictimai xadim, tənqidçi Mehdi Hüseyn illər ötsə belə heç zaman unudulmayacaq.
Mehdi Əli oğlu Hüseynov 22 mart 1909-cu ildə Qazax qəzasında anadan olmuşdur. O, öz fəaliyyətinə hekayə ilə başlamış, ilk hekayəsi 1927-ci ildə nəşr edilmişdir. İlk iri həcmli əsərlərinə məhəbbət mövzusunda yazdığı "Kin" povesti və siyasi motivli "Daşqın" romanı aiddir. 1930-cu illərin hadisələrini əks etdirən "Tərlan" romanı da onun qələminin məhsuludur. Müharibə mövzusunda isə "Nişan üzüyü" hekayəsini, "Fəryad" və "Ürək"povestlərini yazmışdır.
1948-ci ildə Bakı neftçilərinin bədii obrazını "Abşeron" romanında əks etdirmişdir. Yazıçının tarixi mövzulu dram əsərlərində: "Cavanşir", "Nizami", "Şamil" görkəmli şəxsiyyətlərin obrazları hazırlanmışdır. M.Hüseyn şəxsiyyətə pərəstiş dövrünün acınacaqlı təsvirini "Yeraltı çaylar dənizə axır" romanında bədii şəkildə, sənətkərlıqla əks etdirə bilmişdi. O, Azərbaycan yazıçısı, dramaturq, tənqidçi, ictimai xadim, Azərbaycan xalq yazıçısı (1964) və SSRİ Dövlət mükafatı laureatıdır (1950). Azərbaycan Dövlət Universitetinin pedaqoji fakültəsinin tarix şöbəsini (1929) və Moskvada Dövlət Kinematoqrafiya İnstitutu yanında akademiya tipli kinossenariçilər kursunu (1938) bitirmişdir. Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi, Azərbaycan Sovet Yazıçıları İttifaqı Təşkilat Komitəsinin məsul katibi (1930–34), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1958–65) olmuşdur. Yaradıcılığa müxbir yazıları ilə başlamışdır. İlk tənqidi məqaləsi ("Bizdə futurizm cərəyanı") 1926 ildə, ilk hekayəsi ("Qoyun qırxımı") isə 1927 ildə dərc edilmişdir. "Bahar suları" (1930), "Xavər" (1930) kitablarındakı hekayələrdə Azərbaycan kəndində yeni həyat uğrunda mübarizənin səciyyəvi epizodları, dövrün koloriti əksini tapmışdır. "Tunel" (1927), "Qan intiqamı" (1928), "Kin" (1935), "Daşqın" (1933–36) romanında Mehdi Hüseyn fərdi xüsusiyyətləri ilə seçilən sujetlər yaratmışdır. Azərbaycan ədəbiyyatında ilk tarixi povest olan "Komissar"da (1942–49) pəşəkar inqilabçı M.Əzizbəyovun surəti ön plana çəkilmişdir. Ən mühüm tarixi əsəri olan "Səhər" (1953), "Tərlan" (1940), "Vətən çiçəkləri" (1942), "Moskva" (1942), "Ürək" (1945), "Fəryad" (1945) əsərlərində vətənpərvərliyin qüdrəti, adamların mərdliyi və qəhrəmanlığı tərənnüm olunur. Neftçilərin həyatından bəhs edən "Abşeron" (1949), müəyyən mənada onun davamı olan "Qara daşlar" (1957–59) və ölməz "Yeraltı çaylar dənizə axır" (1965–1966) romanları ictimai, mənəvi əxlaqi problemlərə cəsarətli müdaxilə baxımından diqqətə layiqdir. Mehdi Hüseyn dramaturq kimi də tanınmışdır. O, dram yaradıcılığına "Şöhrət" (1939) pyesi ilə başlamışdır. "Nizami" (1942) və "Cavanşir" (1957) tarixi dramlarında Azərbaycan xalqının vətənpərvəliyi, qəhrəmanlıq ənənələri əks olunmuşdur. "Alov" (1961), "İntizar" (1944, İ.Əfəndiyevlə birgə), "Şamil" (1940–41) və "Qardaşlar" (1948) pyesləri, habelə xatirələri, yol qeydləri "Bir ay və bir gün" (1963), gündəlikləri var. "Şair" (1939), "Fətəli xan" (1947, Ə.Məmmədxanlı ilə birgə), "Səhər" (1958), "Qara daşlar" (1958) kino ssenarilərinin müəllifidir. Mehdi Hüseyn tənqid və publisistika sahələrində də fəaliyyət göstərmişdir. Onun əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.
Görkəmli ədib Mehdi Hüseyn 10 mart 1965-ci ildə Bakıda vəfat etmişdir. Adına Bakıda küçə, Qazax rayonunda məktəb-lisey var.