Qəhrəman tank komandiri Murad Nağıyevin xatirəsini əbədiləşdirən “Murad” adlı kitab onu sevənlərə ən böyük hədiyyədi
Bu gün qalib ölkənin vətəndaşı olaraq 30 illik həsrətdən sonra Vətən torpaqlarının işğaldan azad olunmasını, Qarabağımıza, eləcə də ona bitişik olan tarixi yurd yerlərimizə qovuşmağımızı qürurla səsləndirir, fəxrlə söyləyirik. Ən əsası da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, canını Vətənə fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu və minnətdarıq. 2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında başa çatan Vətən müharibəsində əldə etdiyimiz böyük tarixi Qələbəni bizlərə bəxş edən qazilərimiz, şəhidlərimiz heç vaxt unudulmayacaqlar.
44 günlük haqq savaşında qanı ilə tarix yazan oğullarımızdan biri də Qazax rayonunda ailənin sonbeşiyi olaraq dünyaya gələn leytenant Nağıyev Murad Mayıl oğludur.
O, 2020-ci il oktyabrın 11-də Cəbrayıl istiqamətindəki döyüşlərdə düşmənin uzaqdan idarə olunan tank əleyhinə raket zərbəsi nəticəsində Şəhidlik zirvəsinə ucaldı. Oktyabr ayının 20-də İkinci Fəxri xiyabanda dəfn olunan Murad Nağıyev kimi oğullarımızla bu gün bütün Azərbaycan xalqı qürur duyur. Ölkə Prezidentinin müvafiq tarixli Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilən Murad kimi qəhrəmanlarımızın şücaəti, igidliyi gələcək nəsillərə hər zaman örnək və nümunə olacaq.
Qəhrəman tank komandiri Murad Nağıyevin adını, xatirəsini əbədiləşdirən “Murad” adlı kitab igid Vətən oğluna, onun döyüş yoluna, igidliyinə, qəhrəmanlığına verilən dəyərdir. İgid Vətən oğlunun adını yaşadan bu kitab Murad Nağıyev sevənlərə ən böyük hədiyyədir.
Kitabın ideya müəllifi Orxan Nağıyev, redaktoru İbrahim İlyaslıdır. Kitabda 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərən şəhid leytenant, tank tağım komandiri, şair Murad Nağıyevin keçdiyi həyat və döyüş yolundan bəhs olunur. Nəfis tərtibatda çap olunan kitab oxuculara, Murad sevənlərə təqdim olunacaq.
Martın 25-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qəhrəman şəhdimizin xalası qızı Ayişə Səfərlini qəbul edib, kitabın təqdimatının keçirilməsi üçün hər cür şərait yaradılacağını bildirib.
44 günlük Vətən müharibəsində, haqq savaşında qazandığımız tarixi Qələbədən söz açan icra başçısı bu qələbəni, qəhrəman xalq adını bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu vurğulayıb. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. Qazaxda bütün şəhidlərimizin, eləcə də Vətən müharibəsində canından keçən 51 nəfər şəhidin bundan sonra da daim yad olunacağını söyləyib. Rayon rəhbəri Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi istiqamətində təqdirəlayiq işlər görüldüyünü, Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılmasını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 339 nəfər şəhidin xatirəsinə guşənin yaradılmasını, şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin lövhələrinin vurulmasını, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirələrini əbədiləşdirən Abidə Kompleksinin inşa olunmasını həmin işlərin əyani sübutu kimi qeyd edib.
İcra başçısı qəhrəman şəhid Murad Nağıyevin adının yaşadılması, onun qəhrəmanlığının gələcək nəsillərə çatdırılması istiqamətində atılan bu nümunəvi addımı yüksək qiymətləndirib. Kitabın ərsəyə gəlməsində əziyyəti keçən insanlara razılığını bildirib. Bütün şəhidlərimizin, Murad Nağıyev kimi oğullarımızın daim qəlblərdə yaşayacağını, hər zaman ehtiramla anılacağını vurğulayıb. İgid, cəsur şəhidimizin adını yaşadan “Murad” adlı kitabın onun gənc nəsilə tanıdılmasında ən böyük töhfə olduğunu bir daha söyləyib. Şəhidimizin adını daşıyan kitabın təqdimatının da onun adına layiq şəkildə keçiriləcəyini vurğulayan icra başçısı sonda bununla bağlı bir daha aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Şəhdimizin xalası qızı Ayişə Səfərli qonaqpərvərliyə və səmimi münasibətə, şəhidlərimizə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. Kitabın təqdimatının keçirilməsi üçün yaradılan şəraitə görə razılığını ifadə edib.
Murad Mayıl oğlu Nağıyev 9 fevral 1997-ci ildə Qazax rayonunda ailənin sonbeşiyi olaraq dünyaya gəlmişdir. O, hələ bir yaşı tamam olmamış ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş, burada Bakıxanov qəsəbəsində yaşamağa başlamışdır.
Təhsilə 2003-cü ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 271 nömrəli tam orta məktəbdə başlayan Murad Nağıyev tezliklə həm öz zəkası, həm də tərbiyəsi ilə digərlərindən seçilmiş və müəllimlərinin sevimlisinə çevrilmişdir. O, burada 8 il təhsil aldıqdan sonra 2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul imtahanlarında iştirak etmiş və burada yüksək nəticə göstərdiyinə görə İstanbulda yerləşən nüfuzlu Kuleli Askeri Lisesinə (Kuleli Hərbi Liseyi) seçilmişdir.
Murad Nağıyev Kulelidə də özünü doğrultmuş, xüsusilə də riyaziyyatdan yüksək nəticələr göstərdiyinə görə müəllimləri tərəfindən ona “matematik dehası” (riyaziyyat dahisi) adı verilmişdir. O, həm də erkən yaşlarından müxtəlif silahlarla tanış olmuş, yay toplanışlarında və təlimlərdə iştirak etmiş və NATO-nun ən böyük ikinci ordusunda nümunəvi zabit kimi formalaşmağa başlamışdır. Daha sonra Murad Nağıyev liseyi müvəffəqiyyətlə bitirərək 2015-ci ildə Ankarada yerləşən digər bir nüfuzlu ali hərbi təhsil müəssisəsi olan Kara Harp Okuluna (Quru Qoşunları Məktəbi) daxil olmuşdur. Murad Nağıyev 2020-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) Quru Qoşunları fakültəsini və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nu bitirmiş və “Tank bölmə, hissə və birləşmələrin döyüşə tətbiqi” ixtisası üzrə məzun olmuşdur. Bununla da O, ümumilikdə 9 illik yüksək səviyyəli hərbi təhsilə yiyələnmişdir.
Murad Nağıyev Azərbaycan Respublikası müdafiə nazirinin 19 iyun 2020-ci il tarixli əmri ilə “leytenant” hərbi rütbəsi almışdır. O, Bakı yaxınlığında yerləşən “N” saylı hərbi hissədə tank taborunun tank bölüyünün tank tağımının komandiri vəzifəsində xidmətini davam etdirmişdir.
Murad Nağıyev 27 sentyabrda başlayan Vətən müharibəsinə elə həmin gün yollanmışdır. Qızğın döyüşlərin getdiyi Füzuli istiqamətində hərbi əməliyyatlarda iştirak etmişdir. Komandirlərinin əmrlərinə və rütbəcə yüksək yoldaşlarının israrlarına baxmayaraq O,: “Mən zabitəm, öz tankımda özüm gedəcəyəm! Həm də siz ailəlisiniz, uşaqlarınız var, mən isə subayam”, ‒ deyərək ən ön sıralarda döyüşə atılmışdır. Komandiri təbəssümlə: “İndiyə qədər əmrimə tabe olmayan bir Murad oldu”, ‒ deyərək xatırlayır o anları.
Murad Nağıyev tank komandiri olaraq Kənd Horadizin alınmasında şücaət göstərmiş, Füzuli, Cəbrayıl, Zəngilan və Hadrut istiqamətlərindəki döyüşlərdə düşmənin xeyli sayda strateji obyektini, atəş nöqtələrini, zirehli texnikasını və 50-yə yaxın şəxsi heyətini məhv etmiş, düşmən texnikasını qənimət götürmüşdür.
O, oktyabrın 11-də Cəbrayıl istiqamətindəki döyüşlərdə düşmənin uzaqdan idarə olunan tank əleyhinə raket zərbəsi nəticəsində şəhidlik zirvəsinə ucalmışdır. Silahdaşlarının dediyinə görə Murad həmin gün də israr etmişdi ki: “Bu gün kolonda bizim tank birinci gedəcək”.
Onun şəhid olduğu ərazi 8 gündən sonra tam nəzarətə götürülə bilmiş və həmin gecə bayrağa sarılı nəşi Bakıya gətirilmişdir. Murad Nağıyev oktyabr ayının 20-də İkinci Fəxri xiyabanda dəfn olunmuşdur.
Murad Nağıyev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Leytenant Murad Nağıyev həm də Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Murad Nağıyev uşaq yaşlarından incəsənətə maraq göstərmiş, müxtəlif musiqi alətlərində ifa etməyi öyrənmiş, həmçinin həm türkcə, həm də ana dilində şeirlər yazmışdır. Onun şeirləri müəllimləri tərəfindən yüksək qiymətləndirilmiş və hələ Kulelidə təhsil alarkən 2015-ci ildə “Mürekkebimdir Kuleli” kitabında çap edilmişdir. Şəhadətindən sonra isə Murad Nağıyevin şeirləri müxtəlif ədəbiyyat çevrələrində tanınıb bəyənilmiş, “Kardeş Kalemler” jurnalında və “Ədəbiyyat qəzeti”ndə dərc olunmuşdur.