İcra başçısı Vətən müharibəsi şəhidlərinin adlarını əbədiləşdirən Abidə Kompleksinin ətrafında salınmış parkda aparılan son tamamlanma işləri ilə tanış olub
2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında tarixi Qələbə ilə başa çatan Vətən müharibəsi xalqımızın yaddaşından heç vaxt silinməycək. Hərb tariximizə şanlı Zəfər salnaməsi kimi yazılan 44 günlük savaş hələ uzun illər dillərdə dastan olacaq. Çünki cəmi 44 günə torpaqlarımızın ərazi bütövlüyünün bərpa olunması ilə başa çatan Vətən müharibəsi müstəqil Azərbaycanın hərb tarixinə, xalqımızın yaddaşına qızıl hərflərlə əbədi həkk olundu. 44 günlük müharibədə şanlı Azərbaycan Ordusu Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə 30 ildən artıq davam edən erməni işğalına birdəfəlik son qoydu.
"Qarabağ Azərbaycandır!” söyləyərək haqq savaşına çıxan, bu müqəddəs yolda canından keçən oğullarımızın, Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Qazaxda şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Bunu rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşmasından, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasından, yenilənməsindən, əsaslı şəkildə təmir edilməsindən aydın şəkildə görmək olar. Hər birimizin üz tutduğu müqəddəs məkanda, şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında aparılan abadlıq işləri, şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin əyani sübutudur.
Rayonda Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi istiqamətində də təqdirəlayiq işlər görülür. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılması, Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 339 nəfər şəhidin xatirəsinə guşənin yaradılması, şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin lövhələrinin vurulması bu dediklərimizin əyani sübutudur.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamlarına əsasən Qazax şəhərində olan 12 adsız küçəyə müxtəlif adda ordenlə təltif olunmuş 11 nəfər Vətən müharibəsi və 1 nəfər Tovuz döyüşləri şəhidlərinin adlarının verilməsi də igid Vətən oğullarının adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərdir.
Adsız küçələrə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordenli mayor şəhid Namiq Əhmədovun, Vətən müharibəsi şəhidləri - 3-cü dərəcəli "Rəşadət" ordenli kapitan şəhid İmamverdi İsmayılovun, "Qarabağ" ordenli baş leytenant şəhid Nəbi Hüseynovun, "Qarabağ" ordenli gizir şəhid Anar Nağıyevin, "Azərbaycan Bayrağı" ordenli baş çavuş şəhid İsmayıl Qəsəbovun, 3-cü dərəcəli "Rəşadət” ordenli kapitan Rövşən Pənahovun, "Azərbaycan Bayrağı” ordenli baş leytenant Xaliddin Nəsibovun, 3-cü dərəcəli "Rəşadət” ordenli leytenant Qismət Həməşəyevin, "Azərbaycan Bayrağı” ordenli gizir Səbuhi Məmmədovun, 3-cü dərəcəli "Rəşadət” ordenli gizir İlkin Şükürovun, "Azərbaycan Bayrağı” ordenli kiçik gizir Röyal Mədətovun, "Azərbaycan Bayrağı” ordenli əsgər Sakit Allahverdiyevin adlarının verilməsi igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan addımlardan biridir.
44 günlük Vətən müharibəsində qanları ilə tarix yazan igid oğullarımızın əziz xatirələrini əbədiləşdirmək üçün görülən nümunəvi işlərdən biri də yaradılan Abidə Kompleksidir. Şəhərin Nəriman Nərimanov küçəsində yaradılan bu Abidə Kompleksi müstəqil Azərbaycanın suverenliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinə olan hörmət və ehtiramı özündə əks etdirir. 27 sentyabr Anım Günündə açılışı olan Abidə Kompleksi bu gün canını Vətən, xalq, dövlət yolunda fəda edən oğullarımızın xatirəsini əbədiləşdirən müqəddəs bir məkana çevrilib.
Bu gün bu məkan nəinki rayon sakinlərinin, eləcə də Qazaxa qonaq gələn hər kəsin üz tutduğu, ziyarət etdiyi, şəhidlərimizə olan ehtiramlarını çatdıracağı müqəddəs bir ünvandır.
Şəhidlərimizin adlarının əbədiləşdirilməsi, xatirələrinin yaşadılması istiqamətində görülmüş işlərlə kifayətlənməyən rayon rəhbərliyi bu sahədə olan işləri bu gün də davam etdirir. Bu gün Abidə Kompleksinin yaxınlığında yerləşən ərazidə salınan park da bu işlərin davamıdır. Şəhid ailələrinin, eləcə də rayon sakinlərinin könlünü oxşayacaq park şəhidlərimizə olan ehtiramın daha bir təcəssümü olacaq.
Martın 28-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Vətən müharibəsi şəhidlərinin adlarını əbədiləşdirən Abidə Kompleksinin ətrafında salınmış parkda aparılan son tamamlanma işləri ilə tanış olub. Görülmüş işlərlə tanış olan icra başçısı səliqə-sahman yaradılmasını, işlərin sürətləndirilməsini bildirib və aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.