Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Bayrağı günü ilə bağlı toplantı keçirilmişdir

08 noyabr 2016 | 16:00

Qazaxda Dövlət Bayrağı günü ilə bağlı təntənəli toplantı keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar, ağsaqqallar, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.
Toplantını giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçsı cənab Rəcəb Babaşov açmış və geniş çıxış etmişdir. Söyləmişdir ki, Azərbaycan dövlətinin tarixi inkişafı dövründə müxtəlif dövlətləri olmuşdur.  Midiya, Qaraqoyunlu, Ağqoyunlu, Cəlalilər, Eldənizlər, Səfəvilər dövlətlərinin hər birinin öz bayraqları  var idi. 
Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Həmin bayraq 1990-cı ilin noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir.
Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılan milli birliyi təcəssüm etdirir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamına əsasən Bakının Bayıl qəsəbəsində dünyanın ən hündür bayraq dirəyi inşa edilmiş və Dövlət bayrağı meydanı salınmışdır.
Dövlət bayrağı meydanının açılışı Azərbaycan Respublikası Prezidenti Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev cənablarının şəxsən iştirakı ilə 1 sentyabr 2010-cu il tarixdə olmuşdur.
Açılış mərasimində ölkə Prezidenti İlham Əliyev cənabları demişdir : “Dövlət Bayrağı Meydanının açılışı həqiqətən tarixi və unudulmaz bir hadisədir. Bu meydan özlüyündə gözəl bir memarlıq abidəsidir. Meydanın üst hissəsinin sahəsi 3 hektara bərabərdir. Bütövlükdə isə ərazi 60 hektardır. Burada Azərbaycanın Dövlət rəmzləri, gerbi, himninin mətni, xəritəsi təsvir edilmişdir. Bu bayraq dünyada ən böyük və ən uca bayraqdır. Bayraq dayağının  hündürlüyü 162 metr, bayrağın eni 35 metr, uzunluğu isə bundan iki dəfə çox, 70 metrdir.  Bu bayraq şəhərimizin hər bir yerindən görünəcəkdir. Bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət Bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.
2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev cənabları “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalamışdır. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirilmiş və Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, bu bayram qeyri-iş günü olan bayramların siyahısına daxil edilmişdir.
Artıq respublikamızın bir çox rayonlarında, o cümlədən Qazaxda Dövlət Bayrağı Meydanı salınmışdır. Qazax şəhərində 2011-ci ilin aprel ayında tikintisi başa çatan Dövlət Bayrağı Meydanında hündürlüyü 51 metr olan dövlət bayrağımız ucaldılmışdır. 2016-cı ilin oktyabrında həmin meydanda yenidənqurma, restavrasiya işləri başa çatmışdır. Hazırda əzəmətli bayrağımız şəhərimizin bayraq meydanında vüqarla dalğalanır, hər bir qazaxlıya iftixar hissi yaşadır.
Sonda cənab Rəcəb Babaşov Dövlət Bayrağı günü münasibətilə  bütün xalqımızı, toplantı iştirakçılarını təbrik etmiş və əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycanın  daha da qüdrətlənməsi naminə uzun illər səmərəli fəaliyyət arzulamışdır.
Çıxışlar olmuşdur. Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, Əməkdar İncəsənət xadimi, şair Barat Vüsal, BDU-nun Qazax filialının  direktor müavini, dosent Məmməd Yusifov və başqaları çıxış edərək Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə bağlı maraqlı fikirlər söyləmişlər.

Keçidlər