“XX əsr tariximizin qanlı səhifəsi - Mart soyqırımı” mövzusunda tədbir keçirilib
Martın 31-də Qazax Rayon İcra Hakimiyyəti və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “XX əsr tariximizin qanlı səhifəsi - Mart soyqırımı” mövzusunda tədbir keçirilib.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müəllimləri, Qazax Rayon Təhsil Şöbəsinin əməkdaşları və təhsil müəssisələrinin müəllimləri, məktəb direktorları, mədəniyyət müəssisələrinin direktorları və Mərkəzin əməkdaşları iştirak ediblər.
İlk olaraq soyqırımı qurbanlarının və torpaqlarımız uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra 31 mart soyqırımı hadisələrini əks etdirən sənədli film nümayiş olunub.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbiri açaraq Mart hadisələri haqqında məlumat verib, ermənilərin xalqımıza qarşı törətdiyi faciələrin araşdırılması və həqiqətlərin dünyaya yayılması işinin məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanıldığını bildirib. C.Hüseynova qeyd edib ki, Çar Rusiyasının öz torpaqlarını Cənubi Qafqaza doğru genişləndirmək niyyəti ilə ermənilərdən vasitə kimi istifadə edərək onları “erməni milli dövləti yaradacağı” vədi ilə şirnikləndirməsi mənfur ermənilərin ölkəmizin tarixi ərazisində “erməni dövləti” qurmaq məqsədilə soydaşlarımıza qarşı düşünülmüş, planlı şəkildə soyqırım siyasətinin həyata keçirilməsinə səbəb oldu. Tarixin müxtəlif dönəmlərində Rusiyanın havadarlığı ilə Azərbaycanda məskunlaşdırılan, sayca azlıq təşkil edən ermənilər inzibati bölgü yaratmağa, azərbaycanlıları öz dədə-baba torpaqlarından qovmağa, tarixi saxtalaşdırmağa nail oldular. Ermənilər Azərbaycanlılara qarşı ilk kütləvi qırğını 1905-1907-ci illərdə Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda törədərək minlərlə azərbaycanlını amansızcasına qətlə yetirdilər. 1917-ci ilin oktyabr inqilabından sonra ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa başladılar. 1917-ci ilin dekabrından 1918-ci ilin martına qədər Andranikin rəhbərliyi ilə İrəvanda, Eçmiədzində və digər yerlərdə kəndlər dağıdıldı, sakinlər qətlə yetirildi, əmlakları talan edildi. 1918- ci ilin martında stepan Şaumyan Qafqazın komissarı təyin edildi və həmin vaxtdan Şaumyanın rəhbərliyi ilə azərbaycanlılara qarşı mənfur plan həyata keçirilməyə başladı.
Qazax Rayon İcra Hakimiyyəti aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva çıxış edərək 1918-ci ilin martında törədilmiş qətliamın öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biri olduğunu qeyd edib. Bildirib ki, bu gün Azərbaycan öz tarixinin şanlı günlərini yaşayır. 44 günlük Vətən müharibəsində işğal altındakı ərazilərimizin azad edilməsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dünyaya gücünü, mətinliyini nümayiş etdirdi. Bu tarixi Zəfərlə ermənilərin 1918-ci ildə Bakıda, Şamaxıda, Qubada, digər yerlərdə, eləcə də 1992-ci ildə Qarabağda, Xocalıda törətdiyi soyqırımlarının, qırğınların da qisası alındı.
Qazax Rayon Əli Əhmədov adına Qarapapaq kənd ümumi orta məktəbin tarix müəllimi Aygün Musayeva çıxış edərək ermənilərin Azərbaycana qarşı ərazi iddiaları nəticəsində zaman-zaman xalqımıza qarşı etnik təmizləmə, soyqırımı aktları törətməsindən, nəticədə minlərlə soydaşımızın qətlə yetirilməsindən, öz tarixi torpaqlarından didərgin salınmasından danışıb. 1918-ci ilin yazında baş vermiş qanlı mart hadisələrinin təkcə Bakını deyil, eyni zamanda Şamaxıda, Qarabağda, Naxçıvanda, Xaçmazda, Lənkəranda, Salyanda, Zəngəzurda və Qubada da törədilməsini vurğulayıb.
Qazax Rayon Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin tarix müəllimi Zakir Qurbanov çıxış edərək bildirib ki, ermənilərin Azərbaycanın bölgələrində həyata keçirdiyi etnik təmizləmə Qarabağda, Qubada, Şamaxıda xüsusi amansızlığı ilə seçilir. Müxtəlif növ odlu silahlarla təchiz olunmuş daşnak dəstələri dinc əhalini vəhşicəsinə qətlə yetirir, yaşayış yerlərini tamamilə darmadağın edirdilər. Təkcə Quba qırğınları zamanı şəhərdə öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır.
Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Yer quruluşu və torpaqşünaslıq fakültəsinin IV kurs tələbəsi Məleykə Rüstəmova çıxış edərək hadisələrdən illər keçməsinə baxmayaraq gənclərin tariximizi heç vaxt unutmayacağını, hər zaman erməni vəhşiliyini lənətlə xatırlayacağını bildirib
Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova çıxış edərək tariximizin gənclərə olduğu kimi təbliğ edilməsi istiqamətində vətənpərvərlik işinin güclü təşkil olunduğundan danışıb və bu istiqamətdə işlərin layiqincə aparıldığını diqqətə çatdırıb.
Sonda ümumi bir fikir ifadə olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bölgəyə sülh və təhlükəsizliyə əsaslanan yeni reallıqlar gətirib, Yaxın gələcəkdə Qarabağın əsl sakinləri öz torpaqlarına qayıdacaq və orada əbədi xoşbəxt yaşayacaqlar. Bu istiqamətdə sürətli şəkildə işlər aparılır. Xalqımız Prezident İlham Əliyevin ətrafında sıx birləşərək növbəti, daha böyük qələbələrə imza atacaq.