İcra başçısı Aprel şəhidi kapitan Mühüd Orucovun ildönümü ərəfəsində ailəsi ilə birlikdə məzarını ziyarət edib
Azərbaycan tarixinə "Aprel döyüşləri” kimi daxil olan dördgünlük müharibə xalqımızı böyük zəfərə aparan yolda əldə olunmuş çox əhəmiyyətli qalibiyyət oldu. 6 il öncə Aprel döyüşlərində xain düşmən üzərində qazanılan şanlı Qələbə vaxtilə işğal altında olan tarixi torpaqlarımızın azad olunması istiqamətində atılan həlledici addım oldu. Bu gün Aprel döyüşlərinin altıncı ildönümünü 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanmış xalq olaraq qeyd edirik. Ərazi bütövlüyümüzün təmin edilməsi yolunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla anırıq.
Aprel döyüşləri zamanı Qazax rayonunun 3 nəfər igid oğlu - Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlu və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlu da ən uca zirvəyə - Şəhidlik zirvəsinə ucaldı.
Bütün şəhidlərimiz kimi kapitan Orucov Mühüd Qurban oğlunun xatirəsi də hər zaman əziz tutulur, rayon rəhbərliyi tərəfindən doğum və anım günlərində məzarı və ailəsi ziyarət olunur.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kapitan Mühüd Orucovun doğulub boya-başa çatdığı Fərəhli kəndində olub, ildönümü ərəfəsində onu bir daha yad edib. Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, qazi, kapitan Samir Çobanov və şəhidimizin ailə üzvləri ilə birlikdə şəhidimizin kənd qəbiristanlığındakı məzarını ziyarət edərək əziz xatirəsini dərin ehtiramla anıb.
Şəhidimizin ruhuna dua oxunduqdan sonra icra başçısı igid Vətən oğlunun döyüş yolundan söz açıb, onun daim qəlblərdə yaşadığını diqqətə çatdırıb. Qeyd edib ki, ölkə başçısının da söylədiyi kimi, Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir. Bu qələbəni isə bizlərə Mühüd Orucov kimi oğullar bəxş edib. Rayon rəhbəri bildirib ki, 6 il öncə Aprel döyüşləri bütün dünyaya sübut etdi ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu günü-gündən inkişaf edir. Aprel döyüşləri düşmənə ordumuzun gücünü, əsgərlərimizin vətənpərvərliyini, Vətən eşqini, torpaq uğrunda şəhid olmaq sevdasını göstərdi. Düşmən bir daha anladı ki, Azərbaycan Ordusu hər an onları məhv etməyə qadirdir. Və bunu 27 sentyabrda başlayıb 10 noyabrda tarixi Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsində bir daha sübut etdi. Rayon rəhbəri bildirib ki, istər Aprel döyüşündə, istər İyul döyüşlərində, istərsə də Vətən müharibəsində Mühüd Orucov kimi oğullarımızın göstərdiyi igidliklər hər bir azərbaycanlı üçün nümunədir. Məhz belə oğulların qəhrəmanlığı sayəsində haqq savaşında ədalət bərpa olundu və Azərbaycan bu savaşda tarixi Zəfər qazandı.
İcra başçısı qeyd edib ki, illər ötsə belə şəhidlərimizə olan sonsuz ehtiram, sevgi heç zaman dəyişməyəcək, əksinə daha da artacaqdır. "Şəhidlər bizim üçün hər zaman əzizdir. Şəhidin ailəsi bizim ailəmizdir. Mühüd Orucov kimi qəhrəman oğullarımızı yad etmək, ailəsinə qayğı ilə yanaşmaq hər birimizin borcudur”, - deyən rayon rəhbəri şəhidlərimizin xatirəsinin bundan sonra da yüksəkdə tutulacağını vurğulayıb.
Şəhidin atası Qurban Orucov şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə ailəsi adından minnətdarlığını bildirib. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbəni qürur hissi ilə xatırlayan şəhid atası oğlu Mühüdün, eləcə də bütün şəhidlərimizin qisasının alındığını, ruhlarının şad olduğunu bildirib, bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.
Kapitan Orucov Mühüd Qurban oğlu 13 iyul 1984-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1999-2002-ci illərdə C.Naxçıvanski adına Hərbi Liseyi və 2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi bitirmişdir. 2006-2007-ci illərdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Zabit ixtisas kursunu bitirərək Azərbaycan Respublikası Müdafiə Nazirinin qərarı ilə Kəşfiyyat Tağım Komandiri vəzifəsinə təyin olunmuşdur. Xidmətdə göstərdiyi uğurlara görə qısa müddətdə Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat Tabor Komandiri vəzifəsinə yüksəlmişdir.
Dəfələrlə Fəxri Fərmanlarla və 5 medalla təltif olunmuşdur. 2014-cü ildə Ali Baş Komandan İlham Əliyev tərəfindən xatirə saatı ilə mükafatlandırılmışdır.
2008, 2014, 2015-ci illərdə Türkiyə Respublikasında müxtəlif kursları müvəffəqiyyətlə bitirərək Sertifikatlar almışdır.
Ailəli idi. Əkiz oğul övladı yadigar qalıb.
2016-cı il aprelin 2-dən 3-nə keçən gecə Tərtər-Goranboy istiqamətində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə ucalmışdır. Aprelin 9-da doğulduğu Fərəhli kəndində böyük izdihamla dəfn olunmuşdur.
Mühüd Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilmişdir.
2016-cı ildə Qazax şəhərinin mərkəzində adına bulaq kompleksi tikilmişdir. Eyni zamanda, xatirəsini əbədiləşdirən daha bir bulaq Fərəhli kəndinin girişində tikilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi baş leytenant Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur. Tanınmış şairə, publisist Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş "Mühüdüm-şəhidim” adlı kitab yazılmışdır.