Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində Lənkəran, Masallı və Astara rayonlarına yola düşüblər
Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının tapşırığına əsasən IX-XI sinif şagirdlərini əhatə edən “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyaların keçirilməsinə başlanılıb.
Aksiya çərçivəsində ölkə gəncləri bölgələrin qədim tarixi, mədəniyyət abidələri, regionlarımızın müasir simasını əks etdirən Heydər Əliyev Mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları və s. obyektlərlə tanış olacaqlar.
Tur-aksiya çərçivəsində Qazax məktəbliləri səhər saatlarında Heydər Əliyev adına parka toplaşıblar. Burada onlar Ulu Öndər Heydər Əliyevin xatirəsini anaraq abidəsi önünə gül-çiçək dəstələri qoyublar. Sonra məktəblilər parkdan Lənkərana yola düşüblər. Rayonumuzun müxtəlif məktəblərindən olan 40 nəfər şagird Lənkəran, Masallı və Astaranın gəzməli, görməli, tarixi yerləri ilə tanış olacaqlar.
Məktəblilər cənub bölgəsi ilə yaxından tanış olmaqla, rayonların sosial, mədəni həyatı barədə əyani şəkildə məlumatlandırılacaqlar. Tur-aksiya şagirdlərə ölkə barədə ətraflı məlumat qazandırmaqla yanaşı, eyni zamanda, məktəblilər arasında əlaqələrin qurulması və dostlar qazanmaq imkanı da yaradır.