İcra başçısı Qazax Rayon Mərkəzi Xəstəxanasında olub, müalicə alan xəstələrə və vətəndaşlara göstərilən səhiyyə xidməti ilə maraqlanıb
Bu gün ölkəmizdə bütün sahələrdə Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən vətəndaşlara göstərilən diqqət və qayğı hər bir dövlət məmuruna nümunə olmalıdır.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər təyin olunduğu ilk gündən xüsusi diqqət göstərdiyi, mütəmadi olaraq qayğı ilə yanaşdığı sahələrdən biri də səhiyyə sahəsidir. Rayon rəhbərinin bu sahəyə olan diqqətinin ən bariz nümunəsi səhiyyə müəssisələrində olması, vətəndaşlara göstərilən səhiyyə xidmətləri ilə maraqlanmasıdır.
Aprelin 6-da Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri və Rayon Prokuroru Rauf Gözəlovla birlikdə Rayon Mərkəzi Xəstəxanasında olub. Rayon rəhbərliyi səhiyyə işçiləri ilə görüşüb, xəstəxanadakı mövcud vəziyyətlə, müalicə alan xəstələrə və vətəndaşlara göstərilən səhiyyə xidməti ilə maraqlanıb.
Xəstəxanada vətəndaşlarla görüşən icra başçısı hər zaman olduğu kimi, bugünkü ziyarətin təməlində də ölkə Prezidentinin onlara olan diqqət və qayğısının, ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələrin dayandığını bildirib.
Xəstəxanada müalicə alan xəstələrlə, onların yaxınları ilə səmimi söhbət edən icra başçısı onların qayğılarını dinləyib, belə görüşlərin vətəndaş məmnunluğuna xidmət etdiyini, hər bir dövlət məmurunun da vəzifə borcunun vətəndaşlara qayğı göstərmək olduğunu bir daha diqqətə çatdırıb.
Vətəndaşlar bugünkü ziyarəti dövlətin növbəti qayğısı kimi qeyd edərək rayon rəhbərinin onların qayğıları ilə maraqlanmasını, dinləməsini minnətdarlıqla qarşılayıblar.
Sonra icra başçısı xəstəxanada çalışan şöbə müdirləri və həkimlərlə görüşüb. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sahəsində qazanılan uğurlardan danışan icra başçısı Azərbaycan dövlətinin səhiyyənin inkişafına böyük önəm verdiyini qeyd edib. Son illər ölkəmizdə səhiyyə sahəsinə göstərilən dövlət qayğısından söz açan icra başçısı bunun bariz nümunəsi olaraq 2020-ci il martın 3-də ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Qazax Rayon Mərkəzi Xəstəxanasını göstərib.
İcra başçısı Respublika Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində ölkəmizdə həyata keçirilən təxirəsalınmaz tədbirlərdən danışıb. Ölkə rəhbərinin atdığı qətiyyətli addımlar, xalqımıza göstərdiyi diqqət və qayğı sayəsində bu gün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində görülən bütün işlərin məhz vətəndaşların sağlamlığının qorunmasına yönəldiyini vurğulayıb. İcra başçısı bildirib ki, ölkə rəhbəri İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın yanında olması, ölkə vətəndaşlarına çağırışlar etməsi bir daha onu sübut edir ki, Azərbaycanda vətəndaş amili, xüsusilə də onların sağlamlığı və təhlükəsizliyi hər zaman prioritet sahə olub və bundan sonra da olacaq. Rayon rəhbəri pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiya prosesinin vətəndaşların sağlamlığı üçün vacib mərhələ olduğunu və ümumrayon işində hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Pandemiya ilə bağlı aparılan mübarizə tədbirlərinə, ölkəmizdə elan edilmiş xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etməyin hər bir vətəndaşın borcu olduğunu bildirib. Hər kəsə üzərinə düşən işin məsuliyyətini dərk etməyi tövsiyə edib.
İcra başçısı koronavirus infeksiyası ilə mübarizə sahəsində görülən işlərin bu gün də uğurla davam etdirildiyini qeyd edib. Xüsusilə də əhalinin vaksinasiyası sahəsində olan işlərin rayonda uğurla aparıldığını, əhalinin peyvəndlənməsi sahəsində görülmüş işlərin nəticəsinə görə Qazaxın ön sıralarda dayandığını söyləyib. Məhz bu tədbirlər sayəsində əldə olunmuş nailiyyətlərə görə bu gün ölkəmizdə Operativ Qərargah tərəfindən xüsusi karantin rejimi çərçivəsində növbəti yumşalma tədbirləri barədə qərar qəbul edildiyini vurğulayıb. Bütün bu uğurların əldə edilməsində səhiyyə işçilərinin böyük əməyi olduğunu söyləyib.
44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbədən söz açan icra başçısı buna görə Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu, Azərbaycanın adını bütün dünyaya tanıdan qəhrəman oğullarımızla hər birimizin fəxr etdiyini vurğulayıb. Ölkə Prezidentinin də vurğuladığı kimi, şəhid ailələrinə, sağlamlığını itirən qazilərimizə, onların ailə üzvlərinə, hərbçilərimizə, əsgərlərimizə diqqət və qayğı göstərməyin hər bir dövlət məmurunun, eləcə də hər bir vətəndaşın borcu olduğunu qeyd edib.
Rayon rəhbəri dövlət başçısının bütün sahələrdə şəffaflığın təmin olunması, xüsusilə də rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə sahəsində məqsədyönlü işlərin görülməsi istiqamətində verdiyi tapşırıq və tövsiyələrin son illər Qazax rayonunda da birmənalı şəkildə icra olunduğunu bildirib. Bu sahənin daim diqqət mərkəzində saxlanıldığını qeyd edib. Rayon rəhbəri bu cür halların hüquq-mühafizə orqanlarının rəhbərləri tərəfindən də daim nəzarətdə saxlanıldığını diqqətə çatdırıb.
"Səhiyyə sahəsi xidmət sahələri arasında öncül yerdə dayanır”, - deyən icra başçısı bu sahənin istər nizam-intizamda, istər səliqə-sahmanda, istər vətəndaşlara göstərilən səhiyyə xidmətində, istərsə də diqqət və qayğıda hər zaman nümunə olduğunu bildirib. Yüksək şəraiti olan xəstəxanada vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməli olduğunu diqqətə çatdırıb. Rayonda səhiyyə sahəsinin inkişaf etməsi, vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün yeni xəstəxanada hər cür şərait yaradıldığını qeyd edib. Bundan sonra da böyük səylə çalışmalarını bildirən rayon rəhbəri tibb işçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Rayon Prokuroru Rauf Gözəlov istər pandemiya, istərsə də 44 günlük Vətən müharibəsi dövründə səhiyyə işçilərinin əməyinin danılmaz olduğunu bildirib. Rayon Prokuroru da bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində hər zaman vətəndaş məmnunluğuna üstünlük verilməsini qeyd edib.
"Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin baş direktoru Sevda Məmmədova səhiyyə sahəsinə göstərdiyi qayğıya görə dövlət başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya rəhbərlik etdiyi kollektiv adından təşəkkürünü çatdırıb. Hər zaman onların qayğıları ilə yaxından maraqlanan rayon rəhbərliyinə minnətdarlıq edib. Dövlətin səhiyyə işçilərinə olan qayğısını bundan sonra da öz əməli işləri ilə doğrultmağa çalışacaqlarını bildirib.
]