Şriftin ölçüsü :

Saytın rəngi :

Tarixçi-etnoqraf alim, akademik Teymur Bünyadov Qazaxda Fəxri Qazaxlılar parkında yerləşən büstü önündə yad edilib

09 aprel 2022 | 16:00

Dünən Azərbaycan elminə ağır itki üz verib.
Görkəmli tarixçi-etnoqraf alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Əməkdar elm xadimi, "Şöhrət” və "Şərəf” ordenləri laureatı, akademik Teymur Bünyadov aprelin 8-də 94 yaşında vəfat edib.
Bu gün İkinci Fəxri xiyabanda dəfn olunan dəyərli ziyalımız, akademik Teymur Bünyadov doğulduğu Qazax rayonunda da yad olunub.
Qazax Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ziyalılar, təhsil işçiləri, ictimaiyyət nümayəndələri Fəxri Qazaxlılar parkına gələrək akademikin sağlığında qoyulmuş büstü önünə tər qərənfillər düzərək əziz xatirəsini ehtiramla anıblar.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova dəyərli ziyalı, akademik Teymur Bünyadovun vəfatından kədərləndiyini bildirib, rayon rəhbərliyi, qazaxlı ziyalılar və rayon ictimaiyyəti adından ailəsinə dərin hüznlə başsağlığı verib. G.Həsənova qeyd edib ki, Teymur Bünyadov nadir şəxsiyyələrdən idi ki, sağlığında doğulduğu torpaqda, Qazaxda büstü qoyulmuşdu. Bu, bütün ömrünü elmə həsr etmiş dəyərli ziyalıya verilən ən böyük qiymət idi. G.Həsənova akademikin keçdiyi, yaşadığı həyat yolunda harda olubsa, insanların sevimlisi, böyük hörmət və ehtiram göstərdiyi, dəyər verdiyi şəxsiyyətlərdən olduğunu diqqətə çatdırıb. Böyük alim olmaqla bərabər, hər zaman sadəliyi ilə seçildiyini, hər kəs üçün əlçatan bir insan olduğunu qeyd edib. Bu gün İkinci Fəxri xiyabanda dəfn olunan ziyalımızın xalqımızın, doğma qazaxlılarının qəlbində, yaddaşında əbədi qalacağını, hər zaman ehtiramla anılacağını vurğulayıb.
Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov çıxış edərək qeyd edib ki, Teymur Bünyadov böyük tədqiqatçı alim, etnoqraf, tarixçi, həm də böyük insan idi. Atasının akademiklə olan xatirələrindən söz açan A.Rüstəmov Teymur Bünyadov kimi şəxsiyyəti yaxından tanıdığı üçün özünü və ailəsini şanslı hesab etdiyini bildirib. Bir alim kimi onun tək Azərbaycanda deyil, bir neçə xarici dövlətlərdə də tanındığını, əsərlərinin monoqrafiyalarının çap olunduğunu qeyd edib. Teymur Bünyadovun Azərbaycan elminə verdiyi töhfələrin əvəzedilməz olduğunu söyləyib. Dəyərli ziyalımızın ölümünün Azərbaycan elmi, ictimaiyyəti üçün ağır itki olduğunu ifadə edib. "Teymur müəllim kimi böyük şəxsiyyətlərin xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq”, - deyən A.Rüstəmov Allahdan rəhmət diləyib, ailəsinə, yaxınlarına başsağlığı verib.
"Tərəqqi” medallı təqaüddə olan müəllim Səfurə Rəhimova çıxış edərək akademik haqqında ürək sözlərini çatdırıb, xatirələrini bölüşüb. Teymur müəllimin yoxluğunun Azərbaycan, xüsusən də Qazax, qazaxlılar üçün böyük ağır itki olduğunu söyləyib. "Teymur Bünyadov Vətənini, elini, obasını sevən bir şəxsiyyət idi. Əsl qazaxlı kimi elinə, obasına bağlı insan idi. Bu gün onun yoxluğu ilə biz təkcə böyük alimi deyil, bir el ağsaqqalını itirdik” – deyən S.Rəhimova dəyərli ziyalımızın illər ötsə belə qəlbimizdə əbədi yaşayacağını bildirib.
Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin direktoru Murğuz Mustafayev Teymur Bünyadovun aramızdan köçməsinin təhsilimizə, elmimizə mədəniyyətimizə ağır itki olduğunu qeyd edərək ailəsinə, yaxınlarına başsağlığı verib. Xalqımızın Teymur müəllimin elmin, təhsilin inkişafı naminə verdiyi tövsiyələrdən hər zaman bəhrələnəcəyini söyləyib. Onun yaradıcılığının, həyatının, dəyərli fikirlərinin daim örnək olacağını diqqətə çatdırıb.
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının ədəbi məsləhətçisi Mustafa Rasimoğlu çıxış edərək xatirələrini bölüşüb. Teymur Bünyadovun etnoqraf-alim kimi deyil, həm də bədii yaradıcılıqla məşğul olduğunu, saysız-hesabsız kitabların, şeirlərin, publisistik yazıların müəllifi olduğunu qeyd edib. Mənəviyyatı hər şeydən yüksək tutan dəyərli ziyalımızın xalqımızın, xüsusilə də qazaxlıların qəlbində əbədi yaşayacağını söyləyib.
Təqaüddə olan müəllim, ağsaqqal Qasım Əliyev akademik haqqında səmimi ürək sözlərini bölüşərək onun haqqında fikir bildirməyin, yoxluğuna alışmağın çətin olduğunu bildirib. Onun hər zaman sadəliyi, insanlara olan səmimi münasibəti ilə seçildiyini, xalqımızın qəlbində böyük alim olmaqla bərabər, böyük şəxsiyyət kimi qalacağını bildirib.
"Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl dəyərli ziyalı, el ağsaqqalı haqqında keçmiş zamanda danışmağın onun üçün çətin olduğunu qeyd edib. Akademiklə olan xatirələrindən söz açan natiq onun üzərində böyük əməyi olduğunu, Bağanıs Ayrım faciəsi haqqında yazdığı "Bu, əsl faciə idi” kitabının ön söz müəllifinin də Teymur Bünyadov olduğunu söyləyib.

 

Teymur Bünyadov 1928-ci il yanvarın 20-də Qazax rayonunun İkinci Şıxlı kəndində doğulub, orta məktəbi qızıl medalla bitirərək 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdu. Ali təhsilini başa vurduqdan sonra Moskvada SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasına daxil olmuş, dünya şöhrətli Qafqazşünas alim Y.İ.Krupnovun rəhbərliyi ilə "Tunc dövründə Azərbaycanda əkinçilik və maldarlıq” namizədlik dissertasiyası müdafiə etmiş, tarix elmləri namizədi alimlik dərəcəsini almışdı.
Teymur Bünyadov 1955-ci ilin may ayında Azərbaycan EA Tarix İnstitutunda elmi fəaliyyətə başlamışdı. Həmin ildən onun bütün həyatı və elmi fəaliyyəti Azərbaycan EA-nın Tarix, 1993-cü ildən isə Arxeologiya və Etnoqrafiya İnstitutu ilə bağlı olmuşdu.
Alim 1968-ci ildə "Azərbaycanın qədim və Orta əsrlər dövrü təsərrüfat həyatı” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək respublikada arxeologiya və etnoqrafiya elmləri sahəsində ilk tarix elmləri doktoru alimlik dərəcəsi almış, 1970-ci ildə professor elmi adına layiq görülmüşdü. O, 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü, 2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdi.
Akademik Teymur Bünyadovun fəaliyyəti daha çox Azərbaycanın arxeologiya və etnoqrafiya elmi ilə bağlı idi. Yorulmaz tədqiqatçı 35 monoqrafiyanın və 800-dən çox məqalənin, o cümlədən, xarici ölkələrdə (Rusiya, İran, Türkiyə, Ukrayna, Norveç və s.) nəşr olunmuş əsərlərin müəllifi idi.
Alim elmi və bədii yaradıcılıqla yanaşı, pedaqoji sahədə də səmərəli fəaliyyət göstərmişdi. O, uzun illər Bakı Dövlət Universitetində, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Slavyan Universitetində "Azərbaycan tarixi”, "Qədim dünya tarixi” və "Arxeologiya” fənlərindən dərs demişdi.
Teymur Bünyadov respublikanın ictimai həyatında da fəal iştirak etmişdi. 1995-ci ildə I çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdi. O, həmin müddətdə Milli Məclisin Elm və Təhsil Məsələləri Daimi Komissiyasının sədri olmuşdu.
Akademikin səmərəli elmi, elmi-pedaqoji və ictimai fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, o, 2008-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, 2005-ci ildə "Şöhrət” ordeni, 2018-ci ildə isə "Şərəf” ordeni ilə təltif edilmişdir.


Allah rəhmət eləsin!

Keçidlər