Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun nümayəndələri Qazaxda şəhid ailələri, müharibə əlilləri və veteranları ilə görüşüb

13 aprel 2022 | 16:00

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının "Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu 01.02.2022-01.06.2022-ci il tarixlərini əhatə edəcək "Hökumət və xalq öz müdafiəçilərinin xidmətlərini heç vaxt unutmamalıdır!” layihəsini həyata keçirir.
Aprelin 13-də Azərbaycan Respublikasının "Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun nümayəndələri layihə çərçivəsində Qazaxda şəhid ailələri, müharibə əlilləri və veteranları ilə görüşüb.
Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında təşkil olunmuş görüşdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Azərbaycan Respublikasının "Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti, Əfqanıstan və Qarabağ müharibəsinin veteranı Sərraf Orucov, Fondun vitse-prezidenti, Əfqanıstan və Qarabağ müharibəsinin veteranı Ənvər Qarayev, Hüquqşünası, Qarabağ müharibəsinin veteranı Fəqan Nəsibzadə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin rəisi, polkovnik-leytenant Tural Məmmədov və şöbənin əməkdaşları, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax Rayon Şöbəsinin sədri Xasay Balayev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax Rayon Şöbəsinin sədri Azər Məmmədov, idarə, müəssisə rəhbərləri, Birinci Qarabağ müharibəsi əlilləri, veteranları, Vətən müharibəsi şəhid ailələri, əlilləri, Aprel və Tovuz döyüşlərinin şəhid ailələri, KİV nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Şəhidlər xiyabanında memorial abidə önünə tər qərənfillər düzərək torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər. İgid Vətən oğullarının müqəddəs ruhuna dua oxunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq iştirakçıları və qonaqları salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Layihə barədə fikirlərini bölüşən icra başçısı şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə bağlı layihənin keçirilməsinə görə razılığını bildirib. İcra başçısı 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbədən söz açaraq bu gün qalib dövlətin qəhrəman xalqı olaraq şanlı qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu qeyd edib. İcra başçısı 44 günlük savaşda respublikamızın hər yerindən olduğu kimi, Qazax elindən də 51 nəfər igid Vətən oğlunun Şəhidlik zirvəsinə ucaldığını, onların daim bizim qəlbimizdə əbədi yaşayacağını qeyd edib.
Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. Qazaxda bütün şəhidlərimizin, eləcə də Vətən müharibəsi şəhidlərinin daim yad olunduğunu, şəhid ailələrinə olan qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Rayon rəhbəri şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən danışaraq Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılmasını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 339 nəfər şəhidin xatirəsinə guşənin yaradılmasını, şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin lövhələrinin vurulmasını, N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirələrini əbədiləşdirən Abidə Kompleksinin inşa olunmasını, ətraf ərazidə parkın salınmasını bu istiqamətdə atılan addımların əyani sübutu kimi qeyd edib. Şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Rayon rəhbəri bildirib ki, aprelin 12-də Respublika Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə dövlət başçısının qeyd etdiyi kimi: "Bizim şəhid ailələri, müharibə əlilləri üçün inşa etdiyimiz evlərin, mənzillərin sayı artır. Bu, həm işğal dövründə prioritet məsələlərdən biri idi və İkinci Qarabağ müharibəsindən sonra bu məsələlər öz həllini tapır. Burada məsələ qoyulmuşdur ki, şəhid ailələrinin - həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin şəhid ailələrinin, müharibə əlillərinin yaşayış məsələləri tezliklə öz həllini tapsın. Bu istiqamətdə bu il və keçən il önəmli addımlar atılmışdır”.
Azərbaycan Respublikasının "Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Orucov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, şəhid ailələri, müharibə əlilləri, veteranları qarşısında baş əydiyini qeyd edib. Səmimi münasibətə və qonaqpərvərliyə görə rayon rəhbərliyinə razılığını bildirib. Qazaxda şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına göstərilən dövlət qayğısına, şəhid adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərə görə icra başçısına dərin minnətdarlığını çatdırıb. "Şəhidlərimiz tək sizin övladınız deyil, onlar hər birimizin övladı, doğması, əzizidir. Doğmanız olaraq gəldik ki, sizlərlə görüşək”, - deyən natiq həyata keçirilən layihənin də məhz bu doğmalığı çatdırmağa xidmət etdiyini söyləyib. S.Orucov Ulu Öndər Heydər Əliyev tərəfindən şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, veteranlarına göstərilən qayğının bu gün ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən layiqincə davam etdirildiyini, Fond olaraq həyata keçirilən layihə ilə dövlətin göstərdiyi diqqət və qayğıya töhfə verməyə çalışdıqlarını qeyd edib. Həyata keçirilən layihə barədə məlumat verən S.Orucov qeyd edib ki, əsas məqsəd 27 sentyabr - 8 noyabr 2020-ci il tarixlərində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində döyüşərək şəhid olmuş oğullarımızın ailələrinin və müharibə əlillərinin onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş tibbi və sosial təminat hüquqlarının Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin olunmasına hüquqi köməklik göstərərək, adı çəkilən vətəndaşlar arasında yaranmış narazılıqları aradan qaldırmaqdır. Fond rəhbəri bildirib ki, layihə çərçivəsində qeyd olunan problemlərin həlli ilə bağlı aidiyyəti olan Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin, Azərbaycan Respublikası  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail, Qazax və Ağstafa rayon şöbələri ilə birlikdə əməkdaşlıq edərək Bakı şəhərində və sərhədyanı Qazax, Ağstafa rayonlarında Vətən müharibəsində döyüşərək şəhid olanların ailələrinin, müharibə əlillərinin və veteranlarının tibbi-reabilitasiyası və sosial problemlərinin həllinə hüquqi yardım göstəriləcəkdir. Həmçinin, Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissiyasından keçərək xarici ölkələrdə müalicə olunmaları üçün rəy almış müharibə əlillərinə aidiyyəti qurumlar tərəfindən təmin olunmasına hüquqi köməklik olunacaqdır. S.Orucov qeyd edib ki, vətəndaş olaraq bilməliyik ki, bu gün daha çox şəhid ailələrinin, müharibə əlillərinin xalqın mənəvi dəstəyinə və sayğısına ehtiyacları vardır. Onlar həm dövlətin, həm də cəmiyyətin daim diqqət mərkəzində olmalıdırlar. Şəhid ailələrinin və müharibə əlillərinin problemləri yalnız onların problemləri deyil, bütün cəmiyyətin problemi sayılmalıdır. Fond rəhbəri bildirib ki, layihənin icra planına əsasən mart, aprel və may aylarında adları qeyd olunan Bakı şəhərinin Səbail rayonunda və Qazax, Ağstafa rayonlarında, aidiyyəti olan qurumlarla birlikdə əməkdaşlıq edərək şəhid ailələri, müharibə əlilləri və veteranlarının iştirakı ilə onlara verilmiş tibbi və sosial imtiyazlar barəsində maarifləndirmə işləri aparılması nəzərdə tutulub. S.Orucov sonda bir daha Qazaxda şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına göstərilən qayğıya görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Onlara olan qonaqpərvərliyə və layihənin həyata keçirilməsində göstərilən dəstəyə görə təşəkkürünü çatdırıb.
Azərbaycan Respublikasının "Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun Hüquqşünası Fəqan Nəsibzadə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, şəhid anaları, ailələri qarşısında baş əydiyini qeyd edib. Bildirib ki, Fondun əsas məqsədi şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının yanında olmaqdır. Ölkə Prezidentinin daxili və xarici siyasətinə dəstək verməkdir. Vətən müharibəsi şəhid ailələrinin, əlillərinin, veteranlarının və onların ailə üzvlərinin ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsildən azad etdirməyi, banklarda olan problemli kreditlərinin ödənişində köməklik etməyi, ölkə daxilində sanatoriyalara, müalicə və müayinə mərkəzlərinə göndərməyi Fond üzərinə öhdəlik götürür. Təmannasız olaraq bütün hüquqi yardımların göstərilməsi üçün böyük səylə çalışır.
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək bildirib ki, hər biri bizə torpaq, Vətən qədər doğma, əziz olan şəhidlərimiz, qazilərimiz, igid oğullarımız heç zaman unudulmayacaq. "Şəhidlərimiz təkcə bizim bayrağımızı yüksəklərə qaldırmadılar, özləri də bayraqlaşdılar. Təkcə torpaqlarımızı azad etmədilər özləri də torpaqlaşdılar. Qarabağ torpağı igid oğullarımızın qanı, canı bahasına daha da müqəddəsləşdi”, - deyən B.Vüsal şəhidlərimizin ruhu qarşısında baş əydiyini bildirib. Şəhidlərimizin, qazilərimizin adı ilə bağlı keçirilən tədbirləri, layihələri yüksək qiymətləndirib. Dövlətin, ölkə rəhbərliyinin şəhid ailələrinə, qazilərimizə olan qayğısının davamı kimi qeyd edib. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, eləcə də rayon rəhbərliyi tərəfindən şəhid ailələrinə, qazilərimizə, müharibə iştirakçılarına göstərilən qayğıya görə ziyalılar adından minnətdarlığını bildirib.          
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli Vətən müharibəsi əlili, "Rəşadət” ordenli, "Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuş kapitan Samir Çobanov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Vətən müharibəsi iştirakçısı olaraq dövlətimiz, ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, eləcə də rayon rəhbərliyi tərəfindən şəhid ailələrinə, qazilərimizə, müharibə iştirakçılarına göstərilən qayğıya görə öz minnətdarlığını bildirib. Qeyd edib ki, torpaqlarımızın azadlığı uğrunda Qazax rayonu 339 nəfər şəhid verib. Bunlardan 288 nəfəri Birinci Qarabağ müharibəsi, 51 nəfəri isə Vətən müharibəsi şəhididir. O cümlədən, Vətən müharibəsində Qazax rayonu üzrə 246 nəfər yaralı hərbi qulluqçu olmuşdur. Birinci Qarabağ müharibəsi zamanı Qazax rayonu üzrə 7 nəfər şəhidimiz "Azərbaycan Respublikasının Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür. S.Çobanov Vətən müharibəsi zamanı Qazax rayonu üzrə Respublika Prezidentinin müvafiq sərəncamlarına əsasən ölümündən sonra 51 nəfər şəhidimizin 189 ədəd orden və medalla, 246 nəfər yaralı hərbi qulluqçumuzun 591 ədəd orden və medallarla təltif olunduqlarını diqqətə çatdırıb. O cümlədən, ölkə Prezidentinin müvafiq sərəncamına əsasən Qazax rayonu üzrə hazırda hərbi xidmətini davam etdirən 1 nəfər hərbi qulluqçumuzun mayor Nicat Bədəlovun "Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görüldüyünü qeyd edib. Digər hərbi xidmətini davam etdirən və hərbi xidmətdən tərxis olunmuş hərbi qulluqçularımızın da Respublika Prezidentinin müvafiq sərəncamlarına əsasən müxtəlif orden və medallarla təltif olunduqlarını vurğulayıb. Şöbə rəisi yaralı hərbi qulluqçularımızın 39 nəfərinə əlillik dərəcəsinin təyin edildiyini bildirib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı tərəfindən 38 nəfər şəhid ailəsinin, 20 nəfər yaralı hərbi qulluqçunun, 4 nəfər Vətən müharibəsi iştirakçısının işlə təmin olunduğunu, 38 şəhid ailəsinin və 64 nəfər yaralı hərbi qulluqçunun Məşğulluq proqramına cəlb olunaraq aktivlərlə təmin edildiyini söyləyib. Yaşat Fondu tərəfindən 51 nəfər Vətən müharibəsi şəhid ailəsinə və 46 nəfər yaralı hərbi qulluqçuya ianələr edildiyini, bundan əlavə, Vətən müharibəsində sağlamlığını itirmiş 4 nəfər Vətən müharibəsi əlilindən 2 nəfərin protez gözlə, digər 2 nəfərin Türkiyə Respublikasında müalicə aldıqlarını qeyd edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sonda şəhid ailələri, müharibə əlilləri və veteranları adından Fondun nümayəndələrinə igid Vətən oğullarının adı ilə bağlı layihənin həyata keçirilməsinə görə razılığını ifadə edib, minnətdarlığını və təşəkkürünü çatdırıb. 
Səmimi söhbət əsasında keçən görüşün sonunda xatirə şəkli çəkdirilib.

]

 

Keçidlər