Ağsaqqal və ziyalı sözünə həmişə ehtiyac vardır
Qazaxda ölkə Prezidenti İlham Əliyev cənablarının rayonumuza səfəri və son günlər bəzi kütləvi informasiya vasitələrində rayon haqqında yazılan qərəzli yazılarla bağlı rayon ağsaqqallarının, ziyalıların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yığıncaq keçirilmişdir. Bakı Dövlət Universitetinin Qazax filialında keçirilən tədbiri giriş sözü ilə filialın direktoru, professor Vüsət Əfəndiyev açaraq Ölkə Prezidenti İlham Əliyev cənablarının Qazax rayonuna səfəri və bundan irəli gələn, qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, ölkə başçısı rayonda Birinci Şıxlı kəndli fermer təsərrüfatının, 110/35/6 kv-luq Daş Salahlı yarımstansiyasının, Qazax-Kosalar avtomobil yolunun və Tarix Diyarşünaslıq muzeyinin açılışında iştirak etmişdir. Cənab Prezidentin rayonumuza səfəri, əhali ilə keçirilən görüşlər çox səmimi və yüksək səviyyədə olmuşdur.
V.Əfəndiyev sonra bildirmişdir ki, bu gün biz rayonumuzda son aylar həyata keçirilmiş tikinti, quruculuq və abadlıq işləri barədə danışırıq, həm də son vaxtlar bəzi saytlarda və kütləvi informasiya vasitələrində rayonumuz haqqında qərəzli yazılara münasibət bildirməliyik. Bu gün bu tədbirdə iştirak edən insanlar vaxtilə Qazaxda partiya, sovet və təsərrüfat sahəsində uzun müddət çalışan, rayonun inkişafında əməyi olan və onun ictimai siyasi həyatında fəal iştirak edən insanlardır. Ona görə də inanıram ki, bu görüş səmərəli olacaq və Qazax haqqında yazılan qərəzli yazılar barədə ziyalılar və ağsaqqallar öz fikirlərini söyləyəcəklər.
Sonra rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi Barat Vüsal, rayon Qadınlar Şurasının sədri Bəsdi Ələkbərova, Qazax Xeyriyyə Cəmiyyətinin sədr müavini, professor Hüseyn Xəlilov, ağsaqqal, əmək veteranı Məhəmməd Məhəmmədov, qabaqcıl təhsil işçisi, əmək veteranı Qasım Əliyev, ehtiyatda olan zabit, Qarabağ qazisi Kamil Musavi, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Qazax rayon filialının sədri Xasay Balayev, Ehtiyatda olan Zabitlər Konfederasiyası Qazax rayon şöbəsinin sədri Baxış Hüseynov, “Göyəzən” qəzetinin baş redaktoru Elçin İsmayıl, ziyalı Cümşüd Musayev və başqaları çıxış edərək irəli sürülən məsələlər barədə öz fikir və mülahizələrini bildirmişlər.
Qeyd ediblər ki, ziyalılar vətəni olan Qazaxda bu gün tikinti-quruculuq və abadılıq işləri böyük sürətlə aparılır. Həyatımızın elə bir sahəsi yoxdur ki, orada bir yenilik, bir quruculuq işləri olmasın. Bunun nəticəsidir ki, bu gün Qazax respublikamızın ən abad və ən inkişaf etmiş rayonlarından biri olub. Rayon rəhbərliyi ilə əhali arasında yaranan səmimi münasibətin nəticəsidir ki, Qazax rayonunda demək olar ki, hamı qurub yaratmaqla məşğuldur. Rayon əhalisi öz əməyini yaşadığı rayonun çiçəklənməsinə, onun daha da gözəl olmasına sərf edir. Rayonda quruculuqla yanaşı insanlara münasibət də kökündən dəyişib. Şəhid ailələri, Qarabağ müharibəsi veteranları, aztəminatlı ailələr hər cür diqqət və qayğı ilə təmin olunublar. Lakin Qazaxda gedən bu quruculuq işlərinə kölgə salmaq istəyən, suyu bulandırmağa çalışan və bu istqamətdə pozuculuq işləri aparan bəzi mətbuat orqanları və saytlar da vardır. Öz imzalarını belə gizli saxlayan, heç bir dəlil və sübutu olmayan bu cızma-qaraçı mətbuat işçiləri aparılan genişmiqyaslı işlərə qara yaxmağa səy göstərirlər.
Çıxış edənlər, təəssüf hissi ilə bildiriblər ki, biz ziyalılar bu gün buraya məhz belə yalan məlumatlar yayanlara, Qazaxda görülən işlərə ləkə yaxmaq istəyənlərə öz haqlı iradımızı bildirmək üçün toplaşmışıq.
Qeyd olunmuşdur ki, bu cür halların qarşısı qətiyyətlə alınmalı, belə böhtan və yalan xarakterli məqalələr yazan mətbuat nümayəndləri haqqında ciddi tədbirlər görülməlidir. Çünki belə yazılar insanlarda böyük qəzəb və ikrah hissləri oyadır.
Sonra bildirilmişdir ki, bu cür halların qarşısının alınması üçün Mətbuat Şurasına və lazım gəldiyi halda isə hüquq-mühafizə orqanlarına müraciət edilsin.
Tədbirin sonunda ziyalılar, ağsaqqallar və ictimaiyyət nümayəndələri adından Qətnamə qəbul olunub.
Qazax ziyalılarının, ağsaqqalların və ictimaiyyət nümayəndələrinin
15 noyabr 2016-cı il tarixli yığıncağının
QƏTNAMƏSİ
Biz bu gün Qazaxın sürətli inkişafının şahidiyik və rayonumuzun öz simasını dəyişməsindən böyük qürur hissi duyuruq.
“Siz, əziz Qazaxlılar! Burada həm öz torpağınızı qoruyursunuz, həm Azərbaycanı qoruyursunuz. Siz bütün Azərbaycan xalqının dayağısınız” sözləri Ulu Öndər Heydər Əliyevin Qazaxa və qazaxlılara verdiyi ən böyük dəyərdir.
Bu gün biz qazaxlılar Ulu Öndərin vəsiyyətinə sadiq olaraq yenə də torpaqlarımızın layiqincə keşiyindəyik və rayonumuzun inkişafına öz töhfələrimizi veririk. Ölkə Prezidenti İlham Əliyev cənablarının rayonumuza diqqət və qayğısı, inkişafına verdiyi önəm rayon əhalisi tərəfindən böyük fərəh hissi ilə qarşılanır. Hər səfərində rayonumuzda yeni infrastruktur layihələrinin gerçəkləşməsi, təhsil, səhiyyə, mədəniyyət və digər obyektlərin açılışı artıq ənənə halını alıb. Qazaxda görülən işlərə, həyata keçirilən abadlıq və quruculuğa möhtərəm Prezidentimiz İlham Əliyev cənabları rayonumuza səfəri zamanı yüksək qiymət verdi.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının hər bir bölgəyə, o cümlədən Qazaxa səfəri növbəti inkişafın başlanğıcıdır. Son aylarda rayonumuzda aparılan geniş quruculuq və abadlıq işləri cənab Prezidentin tapşırıq və tövsiyələrinin layiqincə yerinə yetirilməsinin nəticəsidir.
Təbii ki, hər bir rayonda olduğu kimi, Qazax rayonunun da özünəməxsus problem və qayğıları vardır. Bu gün rayonda görülən işlər bu problemlərin mərhələ-mərhələ həllinə yönəlmişdir.
Minnətdarlıq hissi ilə qeyd edirik ki, biz rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovu həmişə əhali arasında, təsərrüfatlarda, tikinti-abadlıq işləri gedən yerlərdə görürük. Onun çoxsaylı görüşləri, yerli əhali ilə ünsiyyətdə olarkən problemləri daha yaxından görməsi qısa müddətdə öz müsbət nəticələrini vermişdir.
Buna misal olaraq yeni tədris ili ərəfəsində bir neçə orta məktəbin əsaslı və cari təmiri, su problemlərinin həlli, sərhəd kəndlərində istinad divarlarının çəkilməsi, kənd yollarının abadılaşdırılması, ilk Azərbaycanlı təyyarəçi Fərrux ağa Qayıbovun şərəfinə Təyyarə Abidə Kompleksinin ucaldılması, Tarix Diyarşünaslıq Muzeyinin tikilib istifadəyə verilməsi, Birinci Şıxlı kəndində kəndli-fermer təsərrüfatının yaradılması, aprel şəhidlərinin xatirələrinin əbədiləşdirilməsi və bir çox başqa işləri məmnuniyyətlə göstərmək olar.
Biz ziyalılar, ağsaqqallar və ictimaiyyət nümayəndələri gələcəkdə görüləcək işlərin həyata keçirilməsində üzərimizə böyük vəzifələrin düşdüyünü bilməliyik. İlk növbədə rayon əhalisi görülən işlər barədə məlumatlandırılmalı və onlar arasında geniş təbliğat işləri aparılmalıdır. Bu işlər barədə həm də respublikanın müxtəlif mətbuat orqanlarında və saytlarında məlumatlar yerləşdirilməlidir.
Təəssüf ki, bəzi insanlar hazırda rayonumuzda gedən böyük quruculuq işlərinə düzgün qiymət vermək gücündə deyillər. Onların belə mövqeyi biz qazaxlıların qəzəbinə səbəb olur və hiddət doğurur. Onlar öz yazıları ilə rayonumuzda görülən işlərə kölgə salmamalı və əksinə, öz yazıları ilə rayonumuzun inkişafına və tərəqqisinə xidmət göstərməlidirlər.
Biz Qazaxlılar həmişə ölkə Prezidenti İlham Əliyev cənablarının və dövlətimizin yanındayıq. Bu cür böhtan xarakterli yazıları pisləyirik. Bu işə rəvac verənlərə öz etirazmızı bildiririk. Onlar bilməlidirlər ki, bu cür əməlləri ilə Qazaxın və qazaxlıların nüfuzuna xələl gətirirlər.