Şriftin ölçüsü :

Saytın rəngi :

Alpout kəndində keçirilən səyyar görüşdə vətəndaşların müraciətləri dinlənilib

14 aprel 2022 | 16:00

Ölkəmizdə yürüdülən dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir ki, bu, hər bir dövlət məmuru üçün örnək və yol xəritəsidir. Ölkə Prezidenti İlham Əliyevin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr bir daha onu sübut edir ki, hər zaman vətəndaş amili, mövqeyi, onların məmnunluğu əsas götürülür. Həmçinin, ölkə başçısının tapşırıq və tövsiyəsinə əsasən şəhər və rayonlarda sakinlərlə keçirilən səyyar qəbullar da məhz bu məqsədə xidmət edir.
Hər kəsə yaxşı məlumdur ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejiminin tələb və tövsiyələri nəzərə alınmaqla 2022-ci ilin mart ayından etibarən şəhər və kəndlərdə keçirilən səyyar görüşlər 2 illik fasilədən sonra yenidən bərpa olunub.
Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da birmənalı olaraq icra olunur. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə mart ayından başlayaraq Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir.
Növbəti səyyar görüş aprelin 14-də rayonun Alpout kəndində keçirilib. Rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, kənd sakinlərinin iştirak etdiyi səyyar görüşdə ölkə başçısı tərəfindən vətəndaşlara göstərilən dövlət qayğısından, əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdən söz açılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayaraq bugünkü səyyar görüşün əsas məqsədinin hər zaman olduğu kimi, vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına qarşı aparılan mübarizə tədbirlərindən danışan icra başçısı həmin işlərin bu gün də uğurla davam etdirildiyini qeyd edib. Xüsusilə də əhalinin vaksinasiyası sahəsində olan işlərin rayonda uğurla aparıldığını, əhalinin peyvəndlənməsi sahəsində görülmüş işlərin nəticəsinə görə Qazaxın ön sıralarda yer aldığını söyləyib. Qeyd edib ki, məhz bu tədbirlər sayəsində əldə olunmuş nailiyyətlərə görə rayonda COVID-19 xəstəliyindən 72 nəfər dünyasını dəyişib. Ağır günlərin arxada qaldığını, bu gün ölkəmizdə Operativ Qərargah tərəfindən xüsusi karantin rejimi çərçivəsində növbəti yumşalma tədbirləri barədə qərar qəbul edildiyini vurğulayıb.
“Bütün kəndlərdə olduğu kimi, Alpout kəndində də hər zaman çalışmışıq ki, qaldırılan məsələlərə həssaslıqla yanaşaq”, - deyən icra başçısı bugünkü görüşün kökündə də vətəndaş məmnunluğunun dayandığını vurğulayıb. Kənddə mövcud olan çatışmazlıqlardan danışan icra başçısı su məsələsinin zamanla qismən həllini tapdığını, sakinlərin su təminatının yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər görüldüyünü qeyd edib.
Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndlərində SİP kabelləşmə işinin başa çatdığını, digər kəndlərdə olduğu kimi, Alpout kəndində də SİP kabelləşmənin başa çatdırılacağını, eləcə də rabitə xəttinin yenilənəcəyini, optik internet xəttinin çəkiləcəyini bildirib.
2020-ci ilin 27 sentyabrında başlayıb 44 gün sonra 10 noyabrda tarixi Qələbə ilə başa çatan Vətən müharibəsindən danışan rayon rəhbəri bu Zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. 44 günlük savaşda respublikamızın hər yerindən olduğu kimi, Qazaxdan da 51 nəfər igid Vətən oğlunun Şəhidlik zirvəsinə ucaldığını, onlardan bir nəfərinin Alpout kəndindən olduğunu bildirib. Ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Alpout kənd sakini, şəhid leytenant Məmmədov Məhəmməd Zakir oğlunun xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində ən ülvi hisslərlə yaşayacağını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. Qazaxda bütün şəhidlərimizin, eləcə də Vətən müharibəsi şəhidlərinin daim yad olunacağını, şəhid ailələrinə olan qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Rayon rəhbəri ölkə Prezidentinin və Birinci vitse-prezidentin respublikamızda təhsil sahəsinə göstərdikləri qayğının Qazaxda da yüksək səviyyədə hiss olunduğunu söyləyib. Rayonda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani göstəricisi olaraq "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınmasını nümunə göstərib. Qeyd edib ki, Heydər Əliyev Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilməsi, Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün yeni binanın inşası, Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşa olunması, ölkə başçısı tərəfindən Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncama əsasən bu gün yeni məktəbin inşa olunması dövlətin Qazaxda təhsil sahəsinə olan yüksək diqqət və qayğısıdır. Rayon rəhbəri uzun illərdən bəri həlli vacib olan məsələlərdən olan su-kanalizasiya sisteminin ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz müsbət həllini tapdığını bildirib. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icra olunduğunu, çəkilişdən sonra şəhərin abadlaşdığını vurğulayıb.
“Bugünkü görüşün məqsədi siz vətəndaşları dinləməkdir”, - deyən icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Kənd sakinləri respublikamızda, Qazax rayonunda, eləcə də rayonun kəndlərində görülən genişmiqyaslı işlərə görə ölkə başçısına və rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Rayonda, o cümlədən Alpout kəndində görülən işlərdən danışan sakinlər abadlıq və quruculuq işlərinə, sosial problemlərin müsbət həllini tapmasına görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər.
Rayon rəhbərliyi ilə səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərdən Əhəd Vəliyevin kənddə 18 ailənin yaşadığı ərazidə subartezian quyusunun qazılması, Yaşar Alıyevin və Əsəd Qurbanovun kənddəki mövcud subartezian quyusundan istifadə edən 80 ailənin həyətyanı sahələrinin suvarılması üçün Coğaz çayından əlavə su xəttinin çəkilməsi və s. bağlı müraciətlərini dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağını, diqqətlə baxılacağını bildirib. Qeyd edilən məsələlərin araşdırılması, yerində baxış keçirilməsi və həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

 

Keçidlər