Qazaxda şəhid adı ilə bağlı nə varsa müqəddəsləşib...
Qazaxda şəhid adı ilə bağlı nə varsa müqəddəsləşib. Onların hər birinin ailəsi hərtərəfli qayğı ilə əhatə olunub. Şəhidlərin uyuduqları məkanlar da, burada ucaldılmış abidələr, salınmış park və xiyabanlar, çəkilmiş bulaqlar da onların əziz xatirəsinə layiqdir desək, yanılmarıq. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında aparılan abadlıq işləri, burada igid oğulların adları və şəkilləri əks olunmuş lövhənin vurulması Müqəddəs məkanı tamamilə tanınmaz edib.
Şəhid adları muzeylərdə, kitablarda, xatirə guşələrində də əbədiləşib. Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə şair-publisist Elçin İsmayıl Qarabağ müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar” kitabını yazıb. Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 339 nəfər şəhidin xatirəsinə guşə yaradılıb.
Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamları ilə Qazax şəhərində 11 küçəyə Vətən müharibəsi, 1 küçəyə isə Tovuz döyüşləri şəhidinin adları verilib.
44 günlük Vətən müharibəsində qanları ilə tarix yazan igid oğullarımızın əziz xatirəsini əbədiləşdirmək üçün görülən nümunəvi işlərdən biri də şəhərin Nəriman Nərimanov küçəsində ucaldılan Abidə Kompleksidir. Kompleks ölkəmizin suverenliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımızın xatirəsinə olan hörmət və ehtiramı özündə çox nəfis şəkildə əks etdirir. 27 sentyabr Anım Günündə açılışı olan Abidə Kompleksi artıq Qazax sakinlərinin və qonaqların ehtiramla yad etdiyi bir məkana çevrilib.
…Qazax öz şəhidləri ilə fəxr edir və onların hər birinin əziz xatirəsini əbədiləşdirmək üçün bütün imkanlardan istifadə etməyə çalışır.
Hamlet QASIMOV,
"Xalq qəzeti”nin bölgə müxbiri
20 yanvar 2022-ci il