Şriftin ölçüsü :

Saytın rəngi :

“QAZAX AQROPARK"da YAZ-TARLA İŞLƏRİ

03 aprel 2022 | 16:00

Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan düzgün iqtisadi siyasətdə aqrar sahənin inkişaf etdirilməsi üçün bir sıra vacib tədbirlər həyata keçirilir. Respublikada sahibkarlığın yüksək təşəkkül tapması üçün tam münbit şərait yaradılmışdır.
Dövlət tərəfindən uzunmüddətli güzəştli kreditlər verilməsi, fermerlərə kənd təsərrüfatı texnikalarının lizinqlə güzəştli qiymətlərlə satılması davamlı hal almışdır. Eyni zamanda, aqrar sahənin innovativ metodlarla idarə olunması üçün bölgələrdə müasir standartlara cavab verən aqroparklar yaradılır.
Qeyd etmək lazımdır ki, statistik məlumatlara görə, bu günədək aqroparklara 1,3 milyard manatdan artıq investisiya qoyulmuşdur. Yaradılan bu növ müasir müəssisələr ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verməklə yanaşı, bölgələrdə yeni iş yerlərinin açılmasında da mühüm əhəmiyyət kəsb edir. Hər il aqroparklarda yüzlərlə ton ekoloji təmiz, rəqabətədavamlı, ixracyönümlü kənd təsərrüfatı məhsulları istehsal olunaraq daxili bazarlarda bolluq yaradır, eləcə də xarici ölkələrə ixrac olunur.
Qazax rayonunda da son illərdə özəl sektorun inkişafına əlverişli və münbit şərait yaradılmışdır. Məhz bunun nəticəsidir ki, son illərdə rayonda bir sıra yeni özəl müəssisələr yaradılmışdır. Bu günlərdə nümunəvi bir təsərrüfatla - "İnvestel GROUP" MMC tərəfindən rayonun İkinci Şıxlı kəndində yaradılmış "Qazax Aqropark"ın vəziyyəti ilə tanış olmaq üçün bölgəyə yollandıq. Aqropark 2018-ci ildən fəaliyyətə başlamışdır. Müəssisənin balansında 800 hektar torpaq sahəsi mövcuddur. Əlavə olaraq 200 hektar torpaq sahəsi vətəndaşlardan icarəyə götürülərək əkin-biçin aparılır.
Keçən təsərrüfat ilində 350 hektar kartof, 650 hektar sahədə taxıl (500 hektar buğda, 150 hektar arpa) becərilmişdir və yüksək məhsuldarlığa nail olunmuşdur. Bu ilin məhsulu üçün əkilən sahələrdə əsasən "Qarabağ 22" arpa toxumu, "Zirvə 85", "Qırmızı gül" yerli məhsuldar taxıl toxum sortları səpilmişdir ki, bu da yüksək məhsuldarlığın əldə olunmasına zəmin yaradır. Cari ilin məhsulu üçün yenə də qeyd olunan qədər sahəyə toxum səpilmişdir. Artıq 350 hektar sahədə kartof səpini yekunlaşmışdır. Əldə olunan ekoloji təmiz məhsullar əsasən daxili bazarlarda realizə olunur. Bir məsələni xüsusilə vurğulamaq lazımdır ki, əvvəllər bu sahələrdə məhsul dəmyə şəraitində yetişdirilmişdir.
Son illərdə havaların əsasən isti keçməsi səbəbindən bu sahədə demək olar ki, məhsuldarlıq heç də ürəkaçan olmamışdır. Lakin hazırda sahələr suvarma suyu ilə təmin olunmuşdur ki, bu da yüksək məhsuldarlığa zəmin yaratmışdır.
Sahələrin suvarılması Xram çayından götürülmüş su hesabına həyata keçirilir. Çayın üzərində üçpilləli nasos quraşdırılmışdır. Uzunluğu 13,5 kilometr olan 530 mm-lik yeraltı dəmir su xətti çəkilmişdir. İki ədəd hər birinin tutumu 4500 kubmetr olan su hovuzu inşa olunmuşdur. 30 kilometr sahədaxili 315 mm-lik su xətti çəkilmişdir. Xətlər vasitəsilə su sahələrə normal paylanılır. Suvarmada mütərəqqi üsullardan (çiləmə, tambur və damcılama) istifadə olunur ki, bu da su itkisini tamamilə minimuma endirir.
Müəssisədə 1600 kvadratmetr sahəsi olan quru anbar mövcuddur. Burada mineral gübrələr və istehsal olunan məhsullar saxlanılır. Kartof saxlamaq üçün müasir standartlara cavab verən tutumu 2300 ton olan 2200 kvadratmetrlik soyuducu anbar fəaliyyət göstərir. Bundan başqa, müasir avadanlıqlarla təchiz olunmuş laboratoriya, ofis binası, texnika təmiri parkı mövcuddur.
"Qazax Aqropark" kənd təsərrüfatı texnikaları ilə təmin olunmuşdur. Müəssisənin balansında 6 ədəd "Claas" tipli əkin traktoru, kartofsəpən, gübrəsəpən, dərmançiləyən, 2 ədəd kartofyığan (çox funksiyalı) aqreqatlar mövcuddur. Qeyd etmək lazımdır ki, Azərbaycan dövləti tərəfindən taxıl əkilən hər hektar üçün 200, kartof üçün isə 220 AZN subsidiya ödənilir.
"Qazax Aqropark" eyni zamanda kartof toxumu istehsal edərək fermerlərə güzəştli qiymətlərlə satışını həyata keçirirlər. Əsasən elit məhsuldar toxumu yetişdirilir. Bu toxumlar xaricdən idxal olunur və rayonlaşdırılır. "Qazax Aqropark"da hazırda 43 nəfər daimi işlə təmin olunmuşdur. Eyni zamanda, əlavə olaraq 50-60 nəfər mövsümi işlərə, kartof yığımı zamanı isə 200-250 nəfər yığım işlərinə cəlb olunurlar.
Mütəxəssislərin fikrincə, havaların qışda qarlı-şaxtalı keçməsi bol məhsulun əldə olunmasına zəmin yaradıb. Göründüyü kimi, yaradılan yeni müəssisələr ərzaq bolluğuna töhfə verməklə yanaşı, əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynayır.


Vəli VƏLİYEV,
"Respublika" qəzetinin bölgə müxbiri
3 aprel 2022-ci il

Keçidlər