Şriftin ölçüsü :

Saytın rəngi :

17 noyabr – Azərbaycanda Milli Dirçəliş günüdür

16 noyabr 2016 | 16:00

Qazaxda 17 noyabr - Milli Dirçəliş günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, QHT, KİV və ictimaiyyət  nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə  Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov açaraq geniş məruzə ilə çıxış etmişdir.  Bildirilmişdir ki, 28 il bundan əvvəl, 1988-ci il noyabrın 17-də imperiya zülümündən cana doymuş Azərbaycan xalqının ayağa qalxması  tarixə meydan hərəkatı kimi daxil oldu. Türk dünyasının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin Vətənə qayıdışı ilə Azərbaycanın milli-siyasi azadlıq hərəkatında yeni bir mərhələ başladı. Heydər Əliyev həmin gərgin günlərdə xalq arasında olmaqla Naxçıvanda Azərbaycan xalqının milli-azadlıq, dövlət müstəqilliyi uğrunda mübarizəsinə başçılıq edirdi.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən bu sessiyanın qərarları Sovet rejiminə sarsıdıcı zərbə vurmaqla çox əhəmiyyətli rol oynadı. Sessiya muxtar respublikanın adından “Sovet Sosialist” sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının Dövlət bayrağı kimi qəbul edilməsi barədə qərar qəbul etdi.Ulu Öndər Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 05 fevral 1991-ci il tarixli sessiyasındakı çıxışında SSRİ-dən imtinanın və müstəqillik uğrunda mübarizənin vacibliyini məntiqi şəkildə əsaslandırdı.  Həmin sessiyada Azərbaycan SSR-nin adı dəyişdirilərək “Azərbaycan Respublikası” adlandırıldı və üçrəngli bayrağımız dövlət bayrağı kimi təsdiq olundu.
Xalqın özünüdərk prosesinin zirvəsi, milli oyanışın təntənəsi olan həmin tarixi meydan hərakatından 28 il keçir. Bu qısa zaman kəsiyinə nəzər salsaq ölkəmizin qısa müddət ərzində iqtisadi inkişaf göstəricilərinə görə bütün dünyada lider dövlətlərdən birinə çevrilməsi təkzibedilməz faktdır.
Ötən müddət ərzində müstəqil Azərbaycan dövlətinin qazandığı uğurlar göz qabağındadır. Dövlət müstəqilliyinin üçüncü onilliyini yaşayan Azərbaycanın inkişafını, yüksəlişini, beynəlxalq arenada qazandığı nüfuzu qiymətləndirərkən Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı əvəzsiz xidmətləri hər birimizin gözü önündə canlanır. Ulu Öndərin gördüyü böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyasının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi dövlətdə yaşamaq imkanı əldə etmiş, xoşbəxt gələcəyi üçün bütün təminatları yaratmışdır. Azərbaycanın indiki sürətli yüksəlişinin təməlində məhz Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası dayanır. Dahi şəxsiyyət yalnız Azərbaycanın davamlı strategiyasının təməlini qoymaqla kifayətlənməmiş, bu strateji kursu davam etdirməyə qadir istedadlı, xalqını, dövlətini sevən, yüksək idarəçilik keyfiyyətlərinə malik siyasi davamçı və lider yetişdirmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dünya birliyində özünə layiqli yer tutaraq söz sahibinə çevrilməsinə, Qafqazdakı lider rolunun möhkəmləndirilməsinə, enerji və nəqliyyat təhlikəsizliyinin davamlılığına, ərzaq təhlükəsizliyinin təmin olunmasına, güclü və qüdrətli ordu quruculuğuna, ölkə vətəndaşlarının xoşbəxt və firavan yaşayışının etibarlı şəkildə təmin edilməsinə nail olundu. Qətiyyətlə deyə bilərik ki, Respublika Prezidenti İlham Əliyev cənabları qısa müddətdə bu yüksəlişə nail olmaqla ölkəmizin ən yeni tarixinə qızıl hərflərlə yazılan uğurların müəllifi oldu. Cənab İlham Əliyevin timsalında hər bir Azərbaycan vətəndaşı ölkəmizin tərəqqisini görür, bu böyük şəxsiyyəti inkişafımızın təminatçısı kimi qəbul edir.
  Cənab Rəcəb Babaşov 17 noyabr – Milli Dirçəliş günü münasibətilə bütün xalqımızı ürəkdən təbrik etmiş, hamıya möhkəm cansağlığı və Azərbaycan dövlətinin daha da qüdrətlənməsi naminə səmərəli fəaliyyət arzulamışdır.
Tədbirdə Qazax RİHB Aparatında İctimai siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Məhəmməd Orucov, YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov, Qazax şəhər 5 nömrəli tam orta məktəbin direktoru Nəsibə Tağıyeva və başqaları çıxış etmişlər.

Keçidlər