Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax məktəbliləri Cənub bölgəsindən qayıtmışlar

16 noyabr 2016 | 16:00

Ölkə Prezidenti İlham Əliyev cənablarının tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə həyata keçirilən maarifləndirici tur-aksiyaların birinci mərhələsi başa çatmış və Qazax məktəbliləri Cənub bölgəsindən qayıtmışlar.
Rayonun ümumtəhsil məktəblərinin şagirdləri və onların müəllimləri noyabrın 12-dən 15-dək cənub bölgəsinə səyahət zamanı şəhər və rayonların tarixini, mədəniyyətini, əhalinin həyat tərzini və məişətini əks etdirən abidələrlə, muzeylərlə, ərazinin turizm potensialı, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası istiqamətində görülən işlər və həyata keçirilən infrastruktur layihələri ilə yaxından tanış olmuşlar.
Noyabrın 15-də tur-aksiyanın Gəncə şəhərinin, Şəmkir, Samux, Gədəbəy, Qazax, Ağstafa, Daşkəsən və Kəlbəcər, eləcə də Bakının Nəsimi, Yasamal və Binəqədi rayonlarının IX-XI sinif şagirdləri və onların müəllimləri Lənkəran şəhərinin Bayraq Meydanından yaşadıqları şəhər və rayonlara yola düşmüşlər.
  Maarifləndirici aksiyanın iştirakçılarını Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri yola salıblar.
  Lənkəran, Masallı və Astara rayonları ilə tanışlıqdan zəngin təəssüratlarla ayrılan məktəblilər ölkəmizi daha yaxından tanımaq üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.

Keçidlər