44 günlük Vətən müharibəsində qanı ilə tarix yazan qazaxlı leytenant ildönümündə ehtiramla yad olunub
Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində şanlı Azərbaycan Ordusu 2020-ci il senytabrın 27-də haqq səsimizi bütün dünyaya çatdıracaq Vətən müharibəsinə başladı. Ordumuzun əsgər və zabitlərinin, hərbçilərimizin gücü, əzmi sayəsində Vətən müharibəsində Azərbaycanın qazandığı qələbə ilə “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi artıq tarixə qovuşdu. Bu haqq savaşında Azərbaycan xalqı öz böyüklüyünü, yüksək mənəvi ruhunu göstərdi. Azərbaycan Ordusu 44 gündə hərb tariximizə bütün tarix boyu danışılacaq Zəfər səhifələrini yazdı. Tariximizin böyük rəhbəri, qüdrətli sərkərdəsi, mahir dövlət başçısı İlham Əliyev bu haqq savaşında xilaskarlıq missiyasını uğurla həyata keçirərək, ərazi bütövlüyümüzü düşməni əzə-əzə, qova-qova bərpa etdi. Xalqımızın Vətən həsrətinə son qoyaraq, qalib ölkənin vətəndaşı olmaq sevincini yaşatdı.
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda aparılan mübarizədə əbədi zirvəyə ucalmış şəhidlərimizi tanıtmaq və yad etmək vətəndaş olaraq hər birimizin borcudur. Bu gün vətəndaş olaraq hər birimiz qürurla söylədiyimiz o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə və hərbçilərimizə borcluyuq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün sevinc, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz heç vaxt unudulmayacaq.
Qarabağı, işğalda olan torpaqlarımızı geri qaytararaq bizlərə Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən igid Vətən oğullarından biri də şəhid leytenant Məmmədov Məhəmməd Zakir oğludur.
Oktyabrın 7-si ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş igid Vətən oğlunun ildönümüdür.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları qəhrəman şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Şəhidimizin ruhuna dua oxunub, əziz xatirəsi böyük ehtiramla anılıb.
Birinci müavin M.Alıyev şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. 44 günlük Vətən müharibəsində adını tarixə yazdıran Məhəmməd kimi oğullarımızın döyüş meydanında göstərdikləri qəhrəmanlığın, şücaətin unudulmayacağını, hər zaman xatırlanacağını qeyd edib. Xalq olaraq 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbənin müəllifi olan Müzəffər Ali Baş Komandana, Azərbaycan Ordusuna, Məhəmməd və onun kimi minlərlə şəhidimizə, qazilərimizə borclu olduğumuz qeyd edilib. Bu gün Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğu, Qazaxda ilk gündən bu amilin əsas götürüldüyü bildirilib.
Şəhid ailəsi kimi hər zaman onlara göstərilən qayğıya görə razılığını bildirən şəhidimizin atası Zakir Məmmədov buna görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Onları daim diqqətdə saxladığına, ziyarət etdiyinə görə rayon rəhbərliyinə razılıq edib.
Şəhid Məhəmməd Məmmədov 27 yanvar 1994-cü ildə Qazax rayonunun Alpout kəndində anadan olmuşdur. 2001-ci ildə Qazax rayon Rəsul Mirzəliyev adına Alpout kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Həmin ildə Bakı Dövlət Universitetinin Qazax filialının Tarix-coğrafiya fakültəsinə qəbul olmuşdur. 2016-cı ildə universiteti bitirən Məhəmməd elə həmin ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2017-ci ildə həqiqi hərbi xidmətdən qayıtmış, həmin ilin dekabr ayında könüllü olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri sırasında zabit kimi xidmətə başlamışdır. “N” saylı hərbi hissənin tağım komandiri olan leytenant Məhəmməd Məmmədov 04.10.2020-ci il tarixdə Tərtər rayonu istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 07.10.2020-ci il tarixdə doğulduğu Alpout kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.
Dövlətimiz, ölkə rəhbəri tərəfindən şəhidlərimizin xatirəsinin əziz tutulması, göstərdikləri qəhrəmanlıqlara görə orden və medallarla təltif olunmaları onlara olan yüksək diqqət və qayğının bariz nümunəsidir. Şəhid leytenantımız Məhəmməd Məmmədov da cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Laçının azad olunmasına görə”, 5 noyabr 2021-ci il tarixli Sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Qəhrəman şəhidimizin doğulduğu kənddə adını əbədiləşdirən bulaq inşa olunub.