Hesabat yığıncağı keçirilmişdir
Oktyabrın 31-də Qazax rayon İcra Hakimiyyətində cari ilin 9 ayının yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, cari ilin 9 ayı rayonumuz üçün uğurlu olmuşdur. Həmin müddətdə rayon üzrə əsas kapitala yönəldilən investisiyaların həcmi 20 milyon 548 min 600 manat, ümumi məhsul buraxılışının həcmi 88 milyon 350 min manat olmuşdur. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz çoxdur. Sənaye məhsulunun ümumi həcmi 7 milyon 400 min manat, kənd təsərrüfatı məhsullarının həcmi 39 milyon 173 min 700 manat olmuşdur.
Regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar Qazax rayonunda 36 yeni müəssisə yaradılmış, 602-si daimi olmaqla 767 iş yeri açılmışdır.
Təmir-tikinti, abadlıq, bərpa, quruculuq işləri əvvəlki illərdə olduğu kimi 2012-ci ildə də uğurla davam etdirilmişdir. Qazaxbəyli-Aşağı Salahlı avtomobil yolunun və illik gücü 5 min ton olan Qazax Konserv Zavodunun tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir. Konserv zavodunun ərazisində məskunlaşmış məcburi köçkünlər üçün 24 mənzilli yaşayış evi tikilmişdir.
Məruzə ətrafında çıxışlar olmuşdur. Rayon maliyyə idarəsinin rəisi Novruz Abdullayev, qaz istismar sahəsinin rəisi Mahir Qocayev, rayon elektrik şəbəkəsinin rəisi Vasif İmamverdiyev, suvarma sistemləri idarəsinin rəisi Abbas Göyüşov, 27 saylı yol istismar sahəsinin rəisi Həsən Hadıyev çıxış edərək rəhbərlik etdikləri təşkilatların gördükləri işlər barədə məlumat vermiş və qarşıda duran vəzifələrdən danışmışlar.
Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov hesabat yığıncağına yekun vuraraq qarşıda duran vəzifələrdən danışmış, rayonda aparılan tikinti-quruculuq işlərində hamının səfərbər olmasını qeyd etmişdir.