“Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda tədbir keçirilmişdir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda tədbir keçirilmişdir.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə təşkilat rəhbərləri, müəllimlər, tələbələr, şagirdlər, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsi üzrə şöbə müdiri Eldəniz Vəliyev tədbiri giriş sözü ilə açaraq keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışmışdır.
Qeyd etmişdir ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərimizin radikal dini cərəyanların təsiri altına düşməmələri və bu sahədə maarifləndirmə işlərinin aparılmasından ibarətdir.
Komitənin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov məruzəsində Ümummilli Lider Heydər Əliyevin ardıcıl və məqsədyönlü siyasəti nəticəsində ölkədə insan hüquqlarının müdafiəsinə dair qanunvericilik bazasının beynəlxalq normalara uyğunlaşdırılması, dövlət-din münasibətlərinin tənzimlənməsi prinsiplərinin təsbiti barədə danışmışdır.
Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova tədbirdə çıxış edərək bildirmişdir ki, Azərbaycanda din dövlətdən ayrı olsa da, ölkə rəhbərliyi səviyyəsində İslama, onun ayrı-ayrı bayramlarına yüksək hörmət, ehtiram və etiqad mövcuddur.
Prezident İlham Əliyev mütərəqqi dini dəyərlərin cəmiyyətdə daha da möhkəmləndirilməsinə çalışmaqla yanaşı, insanların dini etiqad azadlığının ən yüksək səviyyədə təminatı üçün bütün zəruri tədbirləri həyata keçirir. Dövlət bu sahəyə diqqət və qayğısını ölkədəki bütün etnik və dini qruplara göstərməkdədir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.