Şriftin ölçüsü :

Saytın rəngi :

“Qadına şiddətə yox de!” mövzusunda konfrans keçirilmişdir

25 noyabr 2016 | 16:00

Bakı Dövlət Universitetinin Qazax filialında Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Qadına şiddətə yox de!” mövzusunda konfrans keçirilmişdir. Konfransda rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon hüquq mühafizə orqanlarının və rayonda fəaliyyət göstərən təşkilatların rəhbərləri, müəllimlər, qadınlar, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Qazax rayonu İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov açaraq geniş çıxış etmişdir. Bildirmişdir ki,  uca Allahın yaratdığı məxluqlar içində ən şərəflisi insan övladıdır. İnsan ona verilmiş idrak, ağıl və dərrakənin gücü ilə hər bir canlını özünə tabe edə bilmək qüdrətindədir. Lakin o, bundan lazımınca istifadə edirmi? Əlbəttə yox! Öz sağlam həyatını əyləncələrə, faydasız işlərə sərf etməyi üstün tutanlar həyatın ahəngini pozur və bəzən də rəhmdil, mehriban olmaq əvəzinə caniyə, zülmkara çevrilirlər. Öz insani keyfiyyətlərini unudan bir şəxs cəmiyyətdəki dəyərləri ayaqlayır və insanlar qarşısında öz mənəvi borclarına məhəl qoymurlar. Bəllidir ki, ailə cəmiyyətin əsasıdır. Əgər ailə sağlam əsaslara söykənməsə, onun ictimai həyata daxil etdiyi uşaqların da düşüncəsi qüsurlu olacaq. Ailədən cəmiyyətə daşınan bu naqisliklər bir yerə toplandıqda böyük bəlaya çevrilir və bunun qarşısını almaq çox çətin olur. Həyata ailə pəncərəsindən baxan yeni nəsil elə hesab edir ki, onun ailədə gördükləri ideal bir nümunədir. Onlar da bunu əsas götürərək, eyni cür davranmağı nümunə sayırlar.
Müasir dövrümüzdə cəmiyyətin ən böyük bəlalarından biri qadınlara qarşı göstərilən şiddətdir. Hər nə qədər qəbul edilməsə də fiziki və cinsi zorakılığın 90%-i ailə daxilində törədilir. Təhqir, fiziki güc, cinsi zorakılıq, yaralama və hətta öldürmə şəklində olan bu davranışlar kişilərin qadınlar üzərində hegemonluq etmək məqsədini reallaşdırmağa xidmət edir. Qadına qarşı zorakılıq tarixin bütüb dövrlərində mövcud olsa da, onun bir problem kimi qəbul edilməsi, zorakılığın qarşısının alınması, zorakılğa məruz qalanın qorunması və zorakılığı törədənin cəzalandırılması ilə bağlı müəyyən işlərin həyata keçirilməsinə, ancaq 1970-ci illərdən başlanılmışdır.
Elə ailələr vardır ki, orada qadınlar ikinci dərəcəli məxluq hesab edilir və onların hüquqları addımbaşı tapdalanır. Bu, çox zaman ailələrə kənar müdaxilənin nəticəsində baş verir. Yeni ailə qurmuş gənclər məruz qaldıqları basqıların təsirinə tab gətirməyərək ya ayrılır ya da müxtəlif vasitələrə əl atırlar.
Müqəddəs kitabımız Qurani-Kərimin müxtəlif surələrində açıq-aydın bildirilmişdir ki, qadınlar sizə əmanətdir. Onların sizin boynunuzda haqqı var. Gəlin görək bu haqlar nədən ibarətdir. Hamı bilməlidir ki, qadın bəşəriyyətin anasıdır. Ailənin sükanı onun əlindədir. O, ailəni istədiyi səmtə yönəldə bilər.  Hansı evdə qadın təqib olunursa, onun hər sözü məsxərəyə qoyulursa, ona qul və kölə kimi baxılırsa elə şiddət də oradan başlayır. Qadına əl qaldırmaq, onu təhqir etmək kimi əməllər olan yerdə hansı tərbiyədən danışmaq olar? Bəs bunun səbəbi nədir? Nə üçün hətta möhkəm istək üzərində qurulmuş ailələrdə belə hadisələr baş verir? Bunun ən mühüm səbəblərindən biri sözsüz ki, qadının öz hüquqlarını bilməməsidir. Bəziləri elə hesab edir ki, qadının ailədə vəzifəsi yalnız dünyaya övlad gətirməkdən ibarətdir. Başqa bir dəstə isə əsaslı bir səbəb oldu, ya olmadı qadın üzərində hökmranlığı kişilik əlaməti sayır və özünün çox zaman haqlı, ya haqsız istəklərini həyata keçirməyə çalışır. İstəsək də, istəməsək də etiraf etməliyik ki, bu cür hallara bizim cəmiyyətimizdə də rast gəlirik.
Şübhəsiz ki, bu cür neqativ halların artması cəmiyyəti narahat etməyə bilməz. Hər halda problemlə kütləvi mübarizə aparılmasa daha təhlükəli fəsadlar yarana bilər.  Hər il Azərbaycanda yaşı 19-48 arası olan 100 qadın döyülməkdən ya şikəst olur, ya da dünyasını dəyişir. Ölən qadınların 73%-i həyat yoldaşı və qeyri-rəsmi nigahda olduqları kişilər tərəfindən qətlə yetirilir.
Azərbaycan Respublikasında qadınların hüquqları qanunvericiliklə tənzim olunur. Azərbaycan Respublikasının Konstitusiyası ən ali qüvvəyə malik qanun olmaq etibarı ilə qadın diskriminasiyasını qadağan edir. Bu konstitusiyanın 25-ci maddəsində təsbit olunmuşdur. Eyni zamanda qadınların hüquqları digər qanunvericilik aktlarında da öz əksini tapmışdır.
   "Məişət zorakılığının qarşısının alınması haqqında" Azəbaycan Respublikasının qanunu 2010-cu il tarixində qəbul edildi. Qanuna əsasən məişət zorakılığı yaxın qohumluq münasibətlərindən birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bu qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması kimi izah edilir.
Onuda qeyd etməliyik ki, Azərbaycanda zorakılıq halları digər ölkələrlə müqayisədə daha az baş verir. Bunun isə başlıca səbəbi Azərbaycanda gender siyasətinin uğurla aparılması ilə bağlıdır. Belə ki, ölkədə qadınlar cəmiyyətin bütün sferalarında kişilərlə bərabər hüquqlara malikdir. Hətta şərqdə qadınlara ilk seçki hüququ verən ölkə Azərbaycan olmuşdur. 1998-ci ildə Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin (indiki Ailə Qadın və Uşaq Problemlər üzrə Dövlət Komitəsi) yaradılması, "Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında" sərəncamları, 2000-ci ildə "Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərman Heydər Əliyevin Azərbaycanda gender bərabərliyinin təminatçısı olduğunu təsdiq edir. 2006-cı ildə ölkəmizdə qəbul edilən "Gender bərabərliyinin təminatı haqqında" qanuna görə Azərbaycanda cinsi mənsubiyyətə görə hər cür ayrı-seçkilik qadağan olunub.
Azərbaycan qadınları ictimai-siyasi proseslərdə həmişə fəal olmuşlar. Onlar arasından görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimləri yetişmişdir. Respublikamız müstəqillik qazandıqdan sonra qadınların cəmiyyətdə rolu daha da yüksəlmiş  və fəaliyyətləri genişlənmişdir. Ümummilli liderimiz Heydər Əliyev qadınların cəmiyyətdəki rolu ilə bağlı siyasətin səmərəli şəkildə həyata keçirilməsinə, onların dövlət quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə, idmanda və s. geniş təmsil olunmalarına müstəsna əhəmiyyət verirdi. Elə bu siyasətin nəticəsi olaraq bu gün qadınlarımız təkcə respublikamızda deyil, ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınır, beynəlxalq qurumlarda ölkəmizi ləyaqətlə təmsil edir. Buna Heydər Əliyev Fondunun Prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevaya YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri adı verilməsi ən bariz misaldır. O, Azərbaycan qadınını YUNESKO və İSESKO kimi mötəbər qurumlarda layiqincə təmsil edir.
Azərbaycan qadını üçün səciyyəvi qayğıkeşlik və insanpərvərlik keyfiyyətləri Mehriban Əliyevanın timsalında təcəssüm tapıb. Ölkəmizi xaricdə tanıtmaq rolunda mühüm işlər həyata keçirir.Müasir Azərbaycanda elə fəaliyyət sferası yoxdur ki, orada qadınlar təmsil olunmasın.
Dinimiz islamda da ər-arvadın bir-birləri üzərində haqları vardır və bir-birləri qarşısında müəyyən vəzifələr daşıyırlar. Ailədə kişinin qadınla necə davranmalı olduğu ilə bağlı sevimli Peyğəmbərimiz (s.ə.s.) belə buyurur: "İmanı ən kamil olan mömin əxlaq baxımından ən gözəl olandır. Ən xeyirliyiniz də xanımına qarşı ən gözəl davrananınızdır".
Sonda Biz bilməliyik ki, qadın anadır, qadın zəhmətkeşdir, qadın bacıdır, qadın həyat yoldaşıdır, qadın yalnız uşaqlarının deyil, həm də kişinin dayağıdır. Ona qarşı bəslənən bütün qeyri-insani münasibətlər eyni zamanda cəmiyyətimizə yönəlmiş təhqirdir. Gəlin, qadına qarşı şiddətə yox deyək. Ona hörmətlə yanaşaq. Onun bizim boynumuzdakı müqəddəs haqlarını tanıyaq. Onda çox şeyə nail ola bilərik. Cəfər Cabbarlı demişkən:
Ana! Ana! O adın qarşısında bir qul tək
Həmişə səcdədə olmaq mənə fəxarətdir
Bakı Dövlət Universitetinin Qazax filialının müəllimi Gülnaz Nəzərova “Qadına şiddətə yox de!” mövzusunda məruzə etmişdir.
Qayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, BDU-nun Qazax filialının direktoru Vüsət Əfəndiyev, Dövlət Təhlükəsizlik Xidmətinin Qazax rayon şöbəsinin rəisi Vidadi Həsənov, Qazax rayon Məhkəməsinin hakimi Qurban Abbasov, Qazax rayon Porukorunun müavini vəzifəsini icra edən Nəriman Əsədov, Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı və Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev məruzə ətrafında çıxış etmişlər. 
Məruzə və çıxışlarda göstərilmişdir ki, Azərbaycan Respublikası özünün müstəqilliyini bərpa etdikdən sonra insan hüquqlarının təmin olunması Ulu Öndər Heydər Əliyev tərəfindən qarşıya qoyulan prioritet vəzifələrdən biri olmuşdur. Həm Azərbaycan Respublikasının Konstitusiyası, qəbul edilmiş  qanunvericilik aktları, həm də ölkəmizin qoşulduğu beynəlxalq–hüquqi aktlar və konvensiyalar insan hüquqlarının təmin edilməsinə şərait yaradır.
Bu gün bu siyasət möhtərəm  Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə  qəbul olunmuş “Azərbaycan Respublikasının insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” bütün vətandaşların  hüquqlarının qorunması istiqamətində atılan mühim addım olmuşdur. İnsan Hüquqlarının ayrılmaz hissəsi olan qadın hüquqları sahəsində bir çox mühüm qanunvericilik aktları qəbul edilmişdir. Son illər bu sahədə görülmüş işlər, xüsusilə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun qəbulu, Ailə Məcəlləsinə edilən dəyişikliklər çox önəmlidir.
Qadın hüquqlarının təbliğ edilməsi, onların cəmiyyətə bərabər hüquqlu üzvlər kimi inteqrasiyası sahəsində, həm ictimai fəaliyyəti, həm də şəxsi nümunəsi ilə qadınlarımıza örnək olan  Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyeva mühüm işlər görür.
  Son illər qadın hüquqlarının təbliği sahəsində geniş hüquqi maarifləndirmə tədbirləri həyata keçirilir. Müasir Azərbaycanda elə fəaliyyət sferası yoxdur ki, orada qadınlar təmsil olunmasın. Azərbaycan qadını bu gün İdarəçilik, qanunvericilik,hüquq-mühafizə, ədliyyə orqanlarında təmsil olunur, məsul vəzifə daşıyır. Ailə, Qadın və Uşaq Problemləri ,Tələbə Qəbulu Üzrə Dövlət komitələrinin rəhbərləri, eləcə də İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) qadındır. Hazırda ali qanunverici orqanımız olan Milli Məclisdə qadınlar yüksək səviyyədə təmsil olunurlar. Respublikada hökm sürən demokratik mühit qadınların istənilən sahədə inkişafı üçün əlverişli zəmin yaradır.
Eyni zamanda, ölkə ərazisində mütəmadi olaraq müxtəlif hədəf qrupları arasında qadınların zorakılıqdan müdafiə olunması istiqamətində maarifləndirmə tədbirləri həyata keçirilir. Qadınlara münasibətdə zorakılığın aradan qaldırılması üçün bu cür tədbirlər, xüsusilə təhsil ocaqlarında  təşkil olunmalı və  kütləvi İnformasiya vasitələrində işıqlandırılmalıdır.

Keçidlər