Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlərin xatirəsinə həsr olunmuş turnir başa çatmışdır

07 dekabr 2016 | 16:00

Qazaxda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun dəstəyi ilə “Qəhrəmanlar unudulmur” adlı layihə çərçivəsində keçirilən mini futbol üzrə rayon turniri başa çatmışdır. Qazax Olimpiya İdman Kompleksində keçirilən final tədbirində idarə, müəssisə və təşkilat rəhbərləri, idmançılar, gənclər, "N" saylı hərbi hissənin əsgərləri, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.
  İlk öncə aprel döyüşlərində həlak olmuş bütün şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
  Gəncliyin Təşəbbüsü Maarifləndirmə İctimai Birliyinin sədri, layihənin təşkilatçısı Azər Əliyev çıxış edərək bildirmişdir ki, turnir Aprel döyüşlərində şəhid olmuş Orucov Mühüd Qurban oğlunun, Namazov Elvin Məmməd oğlunun və Əliyev Orxan Məhəmməd oğlunun xatirəsinə həsr olunub. Turnirin keçirilməsində əsas məqsəd isə rayon gənclərinin asudə vaxtlarının düzgün və səmərəli təşkili, Aprel döyüşlərində həlak olmuş şəhidlərimizin əziz xatirəsini yad etmək, onların ailələrinə mənəvi dəstək olmaq, gənclərə vətənpərvərlik hisslərinin aşılanması və sağlam həyat tərzinin təbliğ olunmasından ibarətdir.
  Sonra RİHB Aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Məhəmməd Orucov, “N” saylı hərbi hissənin komandir müavini İlqar Abbasov, ehtiyatda olan baş leytenant, Qarabağ qazisi Kamil Musəvi və başqaları çıxış edərək bu il aprel ayının əvvəllərində cəbhədə baş verən 4 günlük müharibənin igidlərimizin şəhidlik zirvəsinə ucalmaqla yeni tarix yazmalarından, Vətən uğrunda canı, torpağa tökülən qanı ilə əbədi olaraq xalqımızın yaddaşında qalacaqlarından söz açmışlar.
Şəhid ataları Qurban Orucov, Məmməd Namazov və Məhəmməd Əliyev çıxış edərək övladlarının xatirəsinə həs olunmuş bu tədbirə görə əməyi olan hər kəsə öz dərin minnətdarlıqlarını ifadə etmişlər.
10 gün gərgin idman mübarizəsi şəraitində keçən turnirdə ümumilikdə Qazax və Ağstafa rayonlarından 22 komandanın 220 idmançısı iştirak edib.
Final qarşılaşması “N” saylı hərbi hissənin “Hərbiçilər” və Ağstafa rayonundan olan “Qarabağ” komandası arasında olub. “Hərbiçilər” komandası I , “Qarabağ” komandası II, Qazax Dövlət Sosial İqtisadi Kollecinin “Kollec1” komandası isə III yerə layiq görülmüşdür.

Keçidlər