Qazax rayonunda tikinti-abadlıq işləri, o cümlədən çoxmənzilli yaşayış binalarının əsaslı təmiri sürətlə davam etdirilir
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində Qazax rayonunda mühüm infrastruktur və sosialyönümlü layihələr həyata keçirilmiş, o cümlədən Olimpiya İdman Kompleksi, Müalicə Diaqnostika Mərkəzi, Tarix Diyarşünaslıq Muzeyi, Gənclər Mərkəzi, Şahmat Məktəbi, Ədəbiyyat Muzeyi, Əlil və şəhid ailələri üçün ümumilikdə 56 mənzilli 3 yaşayış binası inşa edilmiş, iri istehsal və emal müəssisələri yaradılmış, 11 mindən çox yeni iş yerləri açılmış, 45 min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 67 km olan kəndlərarası avtomobil yolları tikilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.
Rayonda bu sahədə işlər hazırda da davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının “Qazax şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” 20 oktyabr 2016-cı il tarixli Sərəncamı uğurla həyata keçirilir. Qazax şəhərindəki Heydər Əliyev prospektində 8, Azadlıq küçəsində 7, N.Nərimanov küçəsində 5, Ə.Qədirov küçəsində 3, Ə.Şıxlinski küçəsində 1 (cəmi 24) çoxmənzilli yaşayış binalarında əsaslı təmir işlərinə başlanılmışdır və hazırda işlər sürətlə davam etdirilir.
Şəhər sakinləri və mənzil sahibləri aparılan işlərin keyfiyyətindən razılıq edirlər.