Qazax rayonunda 10 min ağac əkiləcəkdir
Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümü ərəfəsində Qazax rayonunda silsilə tədbirlər həyata keçirilir. Ekoloji tarazlığın qorunub saxlanılması üçün yaşıllıq sahələrinin artırılması da bu tədbirlərdəndir.
YAP-ın yubileyi ərəfəsində Qazaxda ağacəkmə kampaniyasına başlanılmışdır. Rayonda həyata keçirilən ağacəkmə aksiyası cəmiyyətimizdə abadlığa, quruculuğa önəm verildiyini bir daha sübut edir.
Ümumiyyətlə Qazaxda ağac əkini artıq ənənə şəklini almışdır. Ötən ilin payızında və bu ilin yazında rayonda 50 min ağac əkilmişdir. Başlanan bu aksiya YAP-ın ildönümü ərəfəsində də davam etdirilir. Ağaclar əsasən Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində əkilir. Magistral yolun sağ və sol hissələrinə yeni ştillər basdırılır, sonra isə suvarılır. Qısa müddət ərzində magistral yolun rayon ərazisindən keçən 40 km hissəsində 7 min ağac əkilmişdir.
Ağac əkini sürətlə davam etdirilir. Bu yaşıllaşdırma aksiyası yaxın günlərdə başa çatdırılacaqdır.