Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax şəhərindəki “Fəxri Qazaxlılar” parkı yenidən qurulur və küçələrdə təmir işləri davam edir

13 dekabr 2016 | 16:00

Qazaxdakı “Fəxri Qazaxlılar” parkında əsaslı təmir və yenidənqurma işləri sürətlə davam edir. Parkın hər iki tərəfində  40 ədəd yeni işıq dirəkləri basdırılmış və işıqlandırma sistemi yenidən qurulmuşdur. Parkdakı 3500 kvadrat metr sahəyə yeni tamet döşənmiş, 1700 kvadrat metr əraziyə qazon otu və 40-dan çox müxtəlif növ dekorativ bəzək ağacları əkilmişdir. 
Parkın mərkəzində diametri 11,8 metr böyük və kənarlarında sahəsi  40 kvadrat metr olan iki fəvvarə kompleksi yaradılmışdır.
Qazax torpağının yetirmələri olan görkəmli və dünyaşöhrətli şəxsiyyətlərin -Azərbaycanın xalq yazıçıları Mehdi Hüseynin, İsmayıl Şıxlının, Yusif Səmədoğlunun, Azərbaycanın xalq şairləri Osman Sarıvəllinin, Mirvarid xanım Dilbazinin, Zaqafqaziyada ilk pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi Əhməd Seyidovun, ilk azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbovun, ilk artilleriya generalı Əlağa Şıxlınskinin, ilk topoqrafiya generalı İbrahim ağa Vəkilovun, İtaliyanın Mill Qəhrəmanı Tahir İsayevin, görkəmli saz ustadı Ədalət Nəsibovun, akademik Teymur Bünyadovun parkda qoyulmuş büstləri  restavrasiya olunaraq tam müasir görkəmdə yenidən qurulmuşdur. 
Bundan başqa, parkda 17 ədəd yeni işıq sistemi quraşdırılmışdır. Parkdakı oturacaqlar və zibil qabları müasir tipli yeniləri ilə əvəz olunmuşdur. Parkın əsaslı təmiri və yenidənqurulması ilə bağlı aparılan işlər başa çatmaq üzrədir.
Qazax şəhərinin daxili yollarında və küçələrində də təmir işləri davam edir. Bu günədək N.Nərimanov 1, 2 və 3, F.Qayıbov, Ə.Şıxlinski, M.Hüseyn, S.Vurğun, H.Arif, H.Z.Tağıyev, M.V.Vidadi və M.Dilbazi küçələrində təmir işləri artıq başa çatmışdır. Hazırda şəhərin digər küçələrində yolların təmir olunması üçün hazırlıq işləri aparılır. 
Qazax şəhərindəki Məhəmmədəli Qazaxlı adına güləş zalında da təmir işlərinə başlanılmışdır.
Qazax şəhərində təmir, yenidənqurma və abadlıq işlər davam edir.

Keçidlər