“Gənclər narkomaniya və narkobiznesə yox deyir!” mövzusunda tədbir keçirilmişdir
Qazax rayon İcra Hakimiyyətinin və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Gənclər narkomaniya və narkobiznesə yox deyir!” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Gənclər Mərkəzində keçirilən tədbirdə Bakı Dövlət Universitetinin Qazax filialının və Qazax Dövlət Sosial İqtisadi Kollecin tələbələri, şəhər ümumtəhsil məktəblərinin şagirdləri və KİV nümayəndələri iştirak etmişlər.
Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev tədbiri giriş sözü ilə açaraq narkomaniyanın dəhşətli bir bəla, sağalmaz bir xəstəlik olmasından, narkomaniyaya düçar olmuş hər bir gəncin ilk növbədə cəmiyyətimiz üçün böyük sosial təhlükə və cinayət potensialı olmasından söz açmışdır. Qeyd etmişdir ki, narkotik maddələrin qanunsuz dövriyyəsinin artması, narkotiklə bağlı cinayətlərin getdikcə daha çox ciddi problemə çevrilməsi və narkotik vasitələrə aludə olanlar içərisində yeniyetmə və gənclərə də təsadüf edilməsi böyük təəssüf hissi doğurur.
Sonra mövzu ətrafında çıxışlar olub. Çıxışlarda narkomaniya və onun fəsadları haqqında tədbir iştirakçılarına ətraflı məlumatlar verilmişdir.
Rayon Prokurorunun köməkçisi Nəriman Əsədov, polis şöbəsinin sahə inspektoru Amil Budaqov, rayonun baş narkoloqu Nahidə Osmanova, təhsil şöbəsinin metodisti Məhəmməd Cəfərov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov, kəşfiyyat qrup komandiri vəzifəsində döyüş tapşırığını yerinə yetirərkən bir ayağını və gözünü itirən yaralı zabit, baş leytenant Kamil Musəvi və başqaları çıxış edərək gəncləri zərərli vərdişlərdən uzaq olmağa, həmçinin bütün cəmiyyəti ictimaiyyətdə bu bəlaya düçar olmuş insanlara biganə qalmamağa, onları doğru yola çəkməyə çağırıblar.
Tədbirdə narkomaniya və onun törətdiyi fəsadlardan, buna qarşı mübarizənin yollarından bəhs edən videoçarx nümayiş olunmuşdur.
Sonda tədbir iştirakçılarına əyani vəsaitlər paylanılmışdır.







