Qazax şəhərindəki Şəhidlər Xiyabanı öz görkəmini dəyişir
“Torpaq, əgər uğrunda ölən varsa Vətəndir” - deyirlər. Çünki Vətən onu qoruyan, canından əziz sayan oğullar sayəsində var olub hər zaman. Neçə-neçə igidlər torpağı uğrunda qəhrəmancasına vuruşub, ölümün gözünə dik baxaraq öz yolundan geri dönməyib.
Bəli, torpaq uğrunda minlərlə igid oğullarımız öz canlarından keçərək şəhidlik zirvəsinə ucalıb. Öz torpaqlarını qanları bahasına qoruyub. Bu gün düşmənlə 168 km məsafədə yerləşən Qazax rayonu da torpaqlarımızın ərazi bütövlüyünün qorunmasında yüzlərlə şəhid verib.
Bu gün Qazaxda hamı bilir ki, rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən şəhidlərimizə, onların ailə üzvlərinə xüsusi diqqət və qayğı göstərir, problemləri ilə yaxından maraqlanır. Ona görə də ilk növbədə şəhidlərimizin uyuduğu qəbiristanlıqlar, onların xatirəsinə ucaldılmış abidələr, parklar və xiyabanlar ziyarət olunub və onların abadlaşdırılması üçün lazımi tapşırıqlar verilib. Verilən tapşırıqlar nəticəsində Şəhidlər qəbiristanlığında dərhal abadlıq-bərpa işlərinə başlanılıb. Qəbiristanlıq alaq otlarından təmizlənmiş, yerə yeni tamet plitələr düzülmüşdür. Yararsız hala düşmüş köhnə daşlar bərpa edilmiş və yeni yaşıllıq zolaqları salınmışdır. Rayonda şəhidlərin xatirəsinə tikilmiş bütün bulaqlarda təmir-bərpa işləri aparılmışdır.
Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər bununla bitməmişdir. Rayonun Yuxarı Salahlı və Daş Salahlı kəndlərindəki Şəhidlər Xiyabanlarında da tikinti-abadlıq və bərpa işləri aparılmışdır.
Qazax şəhərində aprel döyüşlərində şəhid olmuş kapitan Orucov Mühüd Qurban oğlunun, baş leytenant Namazov Elvin Məmməd oğlunun və əsgər Əliyev Orxan Məhəmməd oğlunun xatirəsinə tikilmiş bulaqlar şəhidlərin ruhuna olan hörmət və ehtiramın ən gözəl nümunəsidir. Cənab Rəcəb Babaşovun tapşırığına əsasən tikilmiş həmin bulaqlar bu gün rayonumuza gələn qonaqlar və sakinlər tərəfindən böyük minnətdarlıq və razılıq hissi ilə qarşılanır.
Bu istiqamətdə işlər bu gün də davam etdirilir. Hazırda abadlıq işləri üçün şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanında hazırlıq işlərinə başlanılmışdır. Həmin ərazinin ümumi sahəsi 1000 kvadrat metrdən çoxdur.
Qazax rayonunda şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində aparılan məqsdəyönlü işlər davam edir.