Qazaxda "31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və “Yeni il” münasibəti ilə möhtəşəm bayram şənliyi keçirilmişdir
Qazaxda "31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və “Yeni il” münasibəti ilə möhtəşəm bayram şənliyi keçirilmişdir. Olimpiya Kompleksidnə təşkil olunmuş bayram şənliyini Qazax rayonu İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov açaraq xalqımızı, qonaqları və rayon sakinlərini bayram münasibətilə ürəkdən təbrik etmiş, hamıya möhkəm cansağlığı, xoş əhval-ruhiyyə, bayram sevinci və yeni-yeni uğurlar arzulamışdır. Bildirmişdir ki, qədim tarixə malik xalqımız Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il bayramını tarixi köklərinə xas olan ən xoş amal və duyğularla keçirir. Ümummilli Liderimiz Heydər Əliyevvin təşəbbüsü ilə elan edilmiş milli- mənəvi birliyə çağırış günü soydaşlarımızın azərbaycançılıq ideyası əsasında sıx birləşməsi prosesinin başlanğıcını qoymuşdur.
Yola saldığımız 2016-cı il Respublikamız, o cümlədən rayonumuz üçün uğurlu olmuşdur. Bunu ölkəmizin ictimai-siyasi həyatında və həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləridən də görmək olar.
Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsinə dair keçirilmiş Referendum ötən ilin və eləcə də çağdaş tariximizin ən yadda qalan və əlamətdar hadisəsi olmuşdur. Qazax yeganə rayon olmuşdur ki, Ümumxalq səsverməsi zamanı heç bir qanun pozuntusuna yol verilməmişdir.
Rayonumuz üçün ötən ilin ən yadda qalan hadisəsi möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rayonumuza səfəri olmuşdur. Dövlət başçısının səfər zamanı əhali ilə səmimi görüşlər keçirməsi, tikilib istifadəyə verilmiş sosial və istehsal yönümlü obyektlərin açılışında iştirak etməsi, yeni aparılan tikintilərə baş çəkməsi, özünün lazımi tapşırıq və tövsiyələrini verməsi, bu məqsədlər üçün rayonumuza vəsaitlərin ayrılması barədə Sərəncam imzalaması rayonumuzda genişmiqyaslı tikinti-abadlıq və quruculuq işlərinin aparılmasına güclü təkan vermişdir. Bütün bunlara görə də 2016-cı il Qazax rayonu üçün zəngin il olmuş və həmin ildə rayonumuz bir sıra uğurlara imza atmışdır.
Ötən il Qazaxda Tarix Diyarşünaslıq muzeyi, Daş Salahlı kəndində 110/35/6 kv-luq Daş Salahlı yarımstansiyası, 11 km uzunluğu və 6 min əhalisi olan iki yaşayış məntəqəsini birləşdirən Qazax-Kosalar avtomobil yolu, "Birinci Şıxlı kəndli fermer təsərrüfatı" MMC tikilib istifadəyə verilmişdir. Ölkə Prezidenti İlham Əliyev cənabları 19 oktyabr 2016-cı il tarixdə rayonumuzda olarkən həmin obyektlərin açılışında iştirak etmişdir.
Ötən il uzunluğu 6 km olan, 7705 nəfər əhalinin yaşadığı Çaylı kəndinin içərisindən keçən avtomobil yolunun tikintisi başa çatmaq üzrədir. Uzunluğu 7 km olan, Ermənistanla sərhəddə yerləşən, 1213 nəfər əhalinin yaşadığı Qazax-Cəfərli avtomobil yolunun tikintisi üçün hazırlıq işləri görülür. Qazax şəhərində ümumi sahəsi 1800 m2 olan 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçasının tikintisi davam edir. Qazax şəhər 2, 3, 4 və 6 saylı körpələr evi-uşaq bağçalarında müasir isitmə sisteminin qurulmasına başlanılmış və hazırda işlər davam etdirilir. “Azərxalça” ASC tərəfindən Qazax şəhərində Xalça fabrikinin tikintisinə başalnılmışdır. Burada 160 nəfərin işlə təmin olunması nəzərdə tutulmuşdur. Qazax şəhərindəki “Fəxri Qazaxlılar” parkında tikinti-abadlıq və yenidənqurma işləri başa çatmışdır. Yuxarı Salahlı kəndində 480 şagird yerlik kənd tam orta məktəbdə bərpa gücləndirmə və Çaylı kəndində 1 saylı tam orta məktəbin bir hissəsində əsaslı təmir işləri aparılmışdır. Rayon üzrə ümumilikdə 29 yeni subartezian quyusu qazılmışdır. 2016-cı ildə qazılması nəzərdə tutulmuş 10 subartezian quyusundan Daş Salahlı, Xanlıqlar, Kosalar və Çaylı kəndlərində hər birində 1 ədəd subartezian quyusunun qazıntısı işləri davam etdirilir. Fərəhli kəndində 200 hektar ərazinin suvarılması məqsədilə yeni suvarma şəbəkəsi qurulmuşdur. Şəhər ərazisində, yol kənarlarında və parklarda 12.000 qızıl gül və gül kolları əkilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 20 oktyabr 2016-cı il tarixli Sərəncamına əsasən Qazax şəhərində 24 ədəd çoxmənzilli binalarda təmir işlərinə başlanılmışdır. İşlər davam etdirilir. Qazax Sement zavodunun ikinci hissədə klinker istehsalı üzrə tikinti işləri, "Mətanət A" şirkəti tərəfindən Qazax rayonunun Daş Salahlı kəndində və Carçıoğlu şirkəti tərəfindən rayonun Xanlıqlar kəndində hər birinin illik gücü 50 min ton olan Əhəng zavodunun tikintisi hazırda davam edir. Birinci Şıxlı kəndində 220 başlıq heyvandarlıq fermasının tikintisi başa çatdırılmışdır. Orta Salahlı kəndində aylıq gücü 30 min baş olan quşçuluq fermasının tikintisi işləri davam etdirilir.
Rayonun şəhər və kəndlərində, qəbiristanlıqlarda, küçələrdə və kənddaxili yollarda təmizlik işləri aparılmış, yollara qum-çınqıl döşənmişdir. Bayraq meydanında, N.Nərimanov yaşayış massivində hündürlüyü 14,3 metr olan qüllənin ətrafında, şəhərin girişində, rayonun ünvanını bildirən “Obelisk”-də və ətrafında geniş abadlıq-quruculuq işləri aparılmış, həmin ərazidə Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbovun xatirəsinə təyyarə abidəsi ucaldılmışdır. Bakı-Tbilisi avtomobil yolunun Qazax rayonunun ərazisindən keçən hissəsində, Qazax şəhərinin Heydər Əliyev prospekti boyunca və mərkəzi küçələrdə abadlıq işləri aparılmış, yeni ağac, gül kolları və qazon otu əkilmiş, yeni işıqlanma sistemi quraşdırılmışdır. Qazax şəhərindəki, Daş Salahlı və Yuxarı Salahlı kəndlərindəki Şəhidlər Xiyabanlarında əsaslı təmir və geniş abadlıq işləri aparılmışdır. Məzəm və Quşçu Ayrım kənd sakinlərinin rayon mərkəzinə təhlükəsiz gediş və gəlişini təmin etmək məqsədilə Qazax-Quşçu Ayrım avtomobil yolunun Alpout kəndi ilə Quşçu Ayrım kəndini birləşdirən hissəsində alternativ olaraq ikinci yolun çəkilişi davam edir. Quşçu Ayrım kənd əhalisinin təhlükəsizliyini təmin etmək məqsədi ilə yaşayış evlərinin düşmən mövqelərinə baxan pəncərələri hörülmüşdür. Bala Cəfərli kəndində bir imkansız ailənin evində əsaslı təmir işləri aparılmış, 17 yaşayış evinin dam örtüyü qismən, 6 yaşayış evinin dam örtüyü tam dəyişdirilmişdir. Xanlıqlar kəndində bir imkansız ailə üçün 1 otaqlı yaşayış evi tikilmişdir. Quşçu Ayrım kəndində bir Şəhid ailəsi üçün ev tikilmiş, Xanlıqlar, Dəmirçilər və Ürkməzli kəndlərinin hər birində bir Şəhid ailəsinin, Dəmirçilər və Ürkməzli kəndlərinin hər birində bir Qarabağ müharibəsi əlilinin evində əsaslı təmir aparılmış, Xanlıqlar kəndində bir şəhid ailəsinin evinin döşəməsi dəyişdirilmişdir.
Şəhərin mərkəzində Aprel şəhidlərinin xatirəsinə 3 bulaq kompleksi tikilib istifadəyə verilmiş və şəhidlərimizin xatirəsinə tikilmiş bulaq komplekslərində əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. O cümlədən, Qazax rayonundan olan şəhid polislərin xatirəsinə tikilmiş bulaq kompleksi yenidən qurulmuşdur.
Sonra bayram şənliyi geniş konsert proqramı ilə davam etdirilmişdir. İlk olaraq səhnəyə rayon aşıqlarından Camoy Qurbanov, Samir Allahverdiyev, Elvin Səfərov və Yaşar Gülümcanov səhnəyə dəvət olundular. Onların ifaları və oxuduqları aşıq mahnıları tamaşaçıların bayram sevincini daha da artırdı. Sonra Şaxta baba və Qar qızın bayram tədbirinə qatılmaları şənlik iştirakçılarına unudulmaz anlar bəxş etdi. Respublikanın əməkdar artistləri Almaz Orucovanın, Elza Səyidcahanın, Sabir Əliyevin, Təyyar Bayramovun və gənc ifaçılardan ibarət Qismət Qrupunun solisti Tural Məmmədovun, mügənni İzzət Bağırovun, Nəsimi Kamaloğlunun və Müşviq Aslanovun ifa etdikləri mahnılar geniş tamaşaçı kütləsi tərəfindən davamlı alqışlarla qarşılanmışdır.
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Qazax rayon İcra Hakimiyyətinin təşkil etdiyi konsert proqramı böyük ruh yüksəkliyi ilə başa çatdı. Tədbirdə qazanılmış uğurlardan danışıldı, nailiyyətlərdən söz açıldı, qazanılmış müvəffəqiyyətlərə həsr olunmuş mahnılar ifa edildi.
Bəli, 2016-cı ildə Qazax rayonunun qazandığı uğurlar çox olmuşdur. Lakin qarşıda bizi daha böyük nailiyyətlər və uğurlar gözləyir. Ulu Öndər Heydər Əliyevin ideyalarının uğurla həyata keçirilməsinin nəticəsi olaraq dövlət müstəqilliyimiz gündən-günə daha da möhkəmlənir və güclənir. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sözləri ilə desək dövlət müstəqilliyi Azərbaycan xalqının ən böyük sərvətidir. Biz bu sərvəti qoruyub saxlamalı və daha da möhkəmləndirməliyik.
Rayonda təşkil olunmuş bayram şənliklərində Azərbaycan Respublikasının Milli Məclisinin xanım üzvləri Ülviyyə Ağayeva, Sona Əliyeva və Sərbəst Güləş üzrə Azərbaycan yığma komandasının böyük məşqçisi, şöhrət ordenli Firdovsi Umudov iştirak etmişlər.